Dünya
282
17:05, Bu gün

"Rusiya neft böhranında boğulur - Putin riskli eskalasiyaya gedə bilər" - "The Telegraph"

"Ukrayna dronları Kreml iqtisadiyyatının ürəyinə zərbə endirir..."

Rusiya iqtisadiyyatı müharibənin təzyiqi altında çat verir, Ukraynanın neft emalı zavodlarına endirdiyi zərbələr isə Moskvanı xaricdən yanacaq axtarmağa məcbur edir. 

Moderator.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazıb.

Nəşrin dünya iqtisadiyyatı redaktoru Ambrouz Evans-Pritçard yazır ki, Vladimir Putin hakimiyyətdə olduğu illər ərzində ən ağır vəziyyətlə üz-üzədir - iqtisadi müharibə Rusiyanı cəbhədəki hərbi üstünlükdən daha sürətli tükəndirir.

Kreml yay hücumunu döyüşün dönüş nöqtəsi hesab edib, lakin o, tam iflasa uğrayıb: Rusiya hər gün təxminən 800 əsgər itirib, amma bir addım belə irəli gedə bilməyib. Ukraynanın sabiq müdafiə naziri Andrey Zaqorodnyuk qeyd edir: "Ruslar hələ də dronlarla hücum edir, amma heç bir strateji məqsədə nail ola bilmirlər".

Ukrayna dronları Rusiyanın dərinliklərinə çatır

Neft emalı zavodlarına ardıcıl dəqiq zərbələr Rusiyanın enerji sektorunu faktiki iflic edib. "Naftogaz"ın məlumatına görə, ölkənin əsas neft emalı gücünün 38 faizi fəaliyyətini dayandırıb. Ən sarsıdıcı zərbə bu həftə vurulub - Ukrayna dronu cəbhədən iki min kilometr aralıda yerləşən Qərbi Sibirdəki Antipinski neft emalı zavodunu vurub.

Zaqorodnyukun sözlərinə görə, "Rusiya bu obyektləri qoruya bilmir. Bir çoxlarını şoka salan da budur, çünki onlar düşünmürdülər ki, Ukrayna bu qədər dərinliyə zərbə endirə bilər". Nəticədə Rusiya artıq Çindən, Koreyadan və Belarusdan yanacaq idxal etməyə başlayıb. Ölkənin 20 regionunda yanacaq normalaşdırılıb, yanacaqdoldurma məntəqələri isə satışı 30 litr həddində məhdudlaşdırır.

Neft sənayesi çökür, büdcə valyutasız qalır

Bir vaxtlar dövlət büdcəsinin əsas gəlir mənbəyi olan neft sənayesi böhrana girib: hasilat sutkada 9 milyon barreldən aşağı düşüb, ixrac gəlirləri isə son üç ilin minimumuna - gündə cəmi 546 milyon avroya enib.

"Goldman Sachs" analitikləri xəbərdarlıq edir ki, neftin qiyməti daha da ucuzlaşarsa, hasilat 7,5 milyon barrelədək çökə bilər. Bu isə Kreml üçün valyuta axınının kəskin azalması və fiskal iflas deməkdir.

Büdcə kəsiri böyüdükcə Kreml ən son çarələrə əl atır - işsizlər üçün "parazitizm vergisi" tətbiq etməyi müzakirə edir. Banklar isə zorla müdafiə sənayesini kreditləşdirməyə məcbur edilir ki, bu da maliyyə böhranını daha da sürətləndirir.

Qərb yeni müharibə dalğasından ehtiyat edir

Hərbi cəbhədəki uğursuzluqlara baxmayaraq, Rusiya hələ də :müharibə iqtisadiyyatı" rejimində işləyir. Analitiklər xəbərdarlıq edir: Putin məğlubiyyətdən yayınmaq üçün münaqişəni daha da genişləndirə bilər.

Zaqorodnyukun fikrincə, "O, işlər pis gedəndə həmişə mərci artırır. Avropada müharibənin genişlənmə ehtimalı indi son dərəcə yüksəkdir". Potensial hədəflər arasında Moldova, Suvalk dəhlizi və ya əhalisinin əksəriyyəti rus olan Estoniyanın Narva şəhəri göstərilir.

Əlavə risk isə Moskva ilə Pekin arasında mümkünsüz görünən, lakin real olan "susqun pakt"dır. Təhlükəsizlik mənbələrinin dediyinə görə, Si Tszinpin ABŞ-ı tam Çinə fokuslanmaqdan yayındırmaq üçün Rusiyanın müharibədə qalmasını açıq şəkildə dəstəkləyir. Çin XİN rəhbəri Van İ Avropa İttifaqı nümayəndələri ilə görüşdə bunu gizlətmədən deyib: "Pekinə lazımdır ki, Rusiya müharibədə qalsın".

Zaqorodnyuk hazırkı vəziyyəti XIX əsrdəki Krım müharibəsi ilə müqayisə edir - Rusiya onda da hərbi məğlubiyyətə görə yox, iqtisadi tükənmə səbəbindən geri addım atmışdı. Çar I Nikolay gücünü səhv qiymətləndirmiş və sonda təslim şərtlərini qəbul etməyə məcbur olmuşdu. Onun sözləri ilə desək, "Putin üçün saat artıq işə düşüb. Məhz bu geri sayım Avropa üçün indiki anı onilliklərin ən təhlükəli dönəminə çevirir".

Ukrayna neft müharibəsini Rusiyanın ərazisinə daşıyır

Son həftələr Ukrayna Rusiya neft infrastrukturuna hücumları intensivləşdirib. Volqoqrad vilayətində "Lukoyl"a məxsus qaz zavodu dron hücumundan sonra alışıb. Bu obyekt Cənubi Federal Dairənin ən böyük istehsal müəssisəsidir və bütün məhsulu ixraca yönəldir.

Oktabrın 9-na keçən gecə isə Ukraynanın Müdafiə Qüvvələri Volqoqraddakı Korobkovski qaz emalı zavodunu və "Yefimovka" adlı istehsal-dispetçer stansiyasını vurub.

"Foreign Policy" yazır ki, Ukrayna müharibəni Rusiya ərazisinə daşıyır və bu kampaniyanın miqyası əvvəlkindən daha böyükdür. Bunun nəticələrini rusiyalılar yalnız cəbhədə deyil, həm də öz ciblərində və şüurlarında hiss edə bilər.

Link kopyalandı!
Son xəbərlər