"Siyasi böhran və struktursuz müxalifət Gürcüstanı sonsuz gərginlik dairəsində saxlayır..."
Gürcüstanda baş verən son iğtişaşlar nə inqilabdır, nə də çevriliş cəhdidir. Bunlar uzun illərdir təkrarlanan bir siyasi dövranın - böhran və saxta sabitlik arasında gedib-gələn sistemin növbəti mərhələsidir.
Moderator.az xəbər verir ki, bu barədə "Berliner Zeitung" nəşri yazıb.
Tükənmiş demokratiyanın aynası
Nəşr yazır ki, bu ölkədə "sakitlik" heç vaxt uzun çəkmir - hər dəfə tüstü çəkilən kimi Tbilisi yenidən eyni sualla üzləşir: "Yönünü müəyyənləşdirə bilməyən demokratiya bu qədər gərginliyi daşıya bilərmi?"
"Eurasia Group" analitiki Tinatın Caparidze hesab edir ki, bu hadisələr Gürcüstan cəmiyyətinin tükənmiş səbrini və Avropa arzusu ilə Avrasiya reallığı arasında qalan narazı millətin növbəti təlatümünü əks etdirir. Onun fikrincə, prezident sarayına yürüş "spontan üsyan" olmayıb, mitinq təşkilatçıları hökumətin istədiyi mənzərəni özləri yaradıb. Bu isə iqtidara hadisələri "dövlətə qarşı hücum" kimi təqdim etmək üçün bəhanə verib.
Hakimiyyətin köhnə formulu: günahkar "xarici qüvvələr"
Caparidze bildirir ki, hökumət yenə "xarici oyunçular"ı günahlandırıb. "Bu, çoxdan işlənmiş üsuldur - təzyiq hiss ediləndə rejim "xarici müdaxilə" hekayəsinə sığınır. Amma artıq az adam buna inanır". O, qeyd edir: "Gürcüstan böhrandan saxta sabitliyə, ordan yenidən böhrana qayıdır. Hər dəfə səbr azalır, ritorika sərtləşir, institutlar isə zəifləyir".
Hakim "Gürcü arzusu" partiyası bu mexanizmi mükəmməl mənimsəyib - müxalifəti "xaotik", küçə aksiyalarını isə "xarici təxribat" kimi təqdim etməklə yenilənmədən iqtidarda qalır. Amma bu, həm də müxalifətin zəifliyindən qaynaqlanır: "Onlarda enerji var, amma struktur, strategiya və liderlik yoxdur. Bu boşluq hakim partiyanı yerində saxlayır".
Avropa arzusu və Rusiyadan qaçılmazlıq
Caparidzenin fikrincə, gürcülərin çoxu nə tam Qərbyönlü, nə də Rusiyayönümlüdür. "Onlar Avropa ailəsinin bir hissəsi olmaq istəyir, amma anlayırlar ki, Rusiya qonşudur və bu coğrafiyadan qaçmaq mümkün deyil". Bu, onun dediyi kimi, "praqmatik mərkəz" - balans axtaran bir toplumdur. "Rusiyanı qıcıqlandırmadan, amma Avroatlantik xəttdən də uzaqlaşmadan, hər şeydən əvvəl suverenliyini qorumaq istəyirlər". Lakin bu qrup hələ də siyasətdə təmsil olunmur.
Brüssel və Moskva arasında təhlükəli balans
Gürcüstanda Qərbyönlü partiyalar Avropa İttifaqı və NATO ilə inteqrasiyanı hədəfləyir. Baş nazir İrakli Kobaxidzenin partiyası isə özünü Macarıstan və ya Azərbaycanın "suveren və biznes yönümlü" modeli kimi təqdim edir. Caparidze deyir: "Onlar Orbanı deyil, daha çox Əliyevi təqlid etmək istəyirdilər - daxildə sərbəst davranıb, Avropa ilə ticarəti davam etdirmək". Amma Gürcüstan nə Azərbaycanın resurslarına, nə də Macarıstanın institutlarına malikdir.
Aİ-nin üzvlük tələbləri hökumətin daxili siyasəti ilə toqquşduqdan sonra Tbilisi getdikcə daha çox anti-Qərb ritorikasına keçib. "Əvvəllər Qərbə qarşı deyildilər, sadəcə, Avroatlantik standartlar onların avtoritar planlarına mane olurdu".
Emosional siyasət və "sıfır cəmi" məntiqi
Caparidze bildirir ki, prezident sarayına hücum Gürcüstanda emosional siyasətin və zəif institutların göstəricisidir. "Müxalifət daha strateji olmalı, hökumət isə anlamalıdır ki, sabitlik zorla təmin edilmir. Əks halda eyni dövran təkrar olunacaq".
Onun sözlərinə görə, keçmiş baş nazir və oliqarx Bidzina İvanişvili ölkədəki real hakimiyyətin kölgə arxasında qalmasını təmin edir. Hadisələrdən sonra Aİ Tbilisini "təxribatlara uymamağa və ifadə azadlığını qorumağa" çağırıb, lakin hökumət bunu "daxili işlərə müdaxilə" kimi qiymətləndirib.
Növbəti partlayış nə vaxt olacaq?
Hazırda Tbilisidə nisbi sakitlik hökm sürür, amma bu, çox kövrək sabitlikdir. Prezident sarayı artıq təkcə hakimiyyətin deyil, xalqla iqtidar arasındakı məsafənin rəmzinə çevrilib. Caparidze yekunlaşdırır: "Gürcüstan böhrandan sabitliyə, ordan yenidən böhrana qayıdır. Hər dəfə səbr azalır, ritorika sərtləşir, institutlar isə bir az da zəifləyir".