Avropa Parlamentinin (AP) deputatları qurumun iclasında Avropa İttifaqı (Aİ) ölkələrini onların hava məkanında Rusiya hərbi təyyarələrini vurmağa çağıran qətnamə qəbul ediblər.
Moderator.az xəbər verir ki, tədbir AP-nin saytında canlı yayımlanıb.
Qətnamədə qeyd olunur ki, AP ittifaqa onların hava məkanının pozulmalarına qarşı mütənasib tədbirlər görməyə imkan verəcək istənilən təşəbbüsü dəstəkləyəcək.
Bundan əlavə, AP deputatları Rusiyanın Aİ-yə üzv olan ölkələrin hava məkanını pozması ilə bağlı eskalasiya xarakterli hərəkətlərini pisləyiblər.
Xatırladaq ki, sentyabrın 10-na keçən gecə Polşa öz hava məkanında xarici pilotsuz uçuş aparatlarının (PUA) vurulduğunu bildirib. Ölkənin baş naziri Donald Tusk bu dronların Rusiyaya məxsus olduğunu bəyan edib. İnsidentdən sonra NATO müqavilənin 4-cü maddəsini işə salıb. Həmin maddəyə əsasən üzv dövlətlərdən hər hansı birinin ərazi bütövlüyünə, siyasi müstəqilliyinə və ya təhlükəsizliyinə təhlükə yarandığı halda müttəfiqlər arasında məsləhətləşmələrin keçirilməsi nəzərdə tutulur.
Daha sonra Rusiyanın Estoniya, Danimarka, Norveç və Almaniyanın hava məkanını pozduğu bildirilib. NATO bəyan edib ki, Rusiya dronları və təyyarələri üzv ölkələrin hava məkanına keçdikdə, alyans onları vurmağa hazırdır.