"Kvant fizikasının sərhədlərini genişləndirən kəşf..."
2025-ci ilin fizika üzrə Nobel mükafatı üç alimə - Con Klark (Kaliforniya Universiteti, Berkli), Mişel Devor (Yel və Kaliforniya Universiteti, Santa-Barbara) və Con Martinesə (Kaliforniya Universiteti, Santa-Barbara) verilib.
Moderator.az xəbər verir ki, bu barədə "science.mail.ru" nəşri məlumat yayıb.
Alimlər "elektrik zəncirində makroskopik kvant-mexaniki tunelləşmə və enerjinin kvantlaşdırılmasının kəşfi" ilə elmin yeni səhifəsini açıb. Mükafat Stokholmda elan edilib, qaliblər 11 milyon İsveç kronu (təxminən 900 min avro) məbləğində mükafat alacaqlar.
Böyük sistemlərdə qeyri-mümkün hadisə
Kvant mexanikası hissəciklərin bəzən sanki "mümkünsüz" yolla baryeri aşmasına, yəni tunelləşməyə imkan verir. Bu, sanki divara atılan bir topun onun arxasından çıxması kimidir. Adətən, çoxsaylı hissəciklərdən ibarət sistemlərdə bu cür effektlər itməyə meyllidir.
Lakin 1980-ci illərdə aparılmış eksperimentlər göstərib ki, kvant hadisələri yalnız atom səviyyəsində deyil, makroskopik ölçülərdə də, məsələn, əl içərisinə yerləşəcək qədər kiçik elektrik dövrəsində baş verə bilər. Klark, Devor və Martinesin təcrübələri məhz bunu sübut edib. Onlar superkeçirici materiallardan ibarət zəncir quraraq onun içərisində cərəyanın necə hərəkət etdiyini izləyib.
Zəncirin komponentləri arasında nazik izolyasiya təbəqəsi - "Cozefson keçidi" yerləşdirilib. Burada cərəyanın davranışı birləşmiş hissəcik kimi, yəni vahid kvant sistemi kimi baş verib. Komitənin izah etdiyi kimi, bu sistem əvvəlcə "gərginliksiz axın" vəziyyətində olur və sanki baryer arxasında "bağlı" qalır. Lakin müəyyən şəraitdə o, bu baryeri kvant tunelləşməsi vasitəsilə aşır və sistemin gərginliyi birdən-birə yaranır.
Enerjinin kvant səviyyələri və gələcəyin texnologiyaları
Tədqiqatçılar sübut edib ki, belə sistemlər yalnız müəyyən miqdarda enerji qəbul edə və ya buraxa bilir. Bu o deməkdir ki, makroskopik obyektlərdə də enerjinin kvantlaşdırılması baş verir, yəni "enerji səviyyələri" artıq laboratoriyanın əl içində tutula biləcək ölçülərinə qədər genişlənir. Bu kəşf kvant texnologiyalarının inkişafında mühüm mərhələ olub. Onun sayəsində gələcəkdə kvant kompüterləri, kvant kriptoqrafiyası və yüksək dəqiqlikli kvant sensorları kimi sahələr daha da irəliləyəcək.
Alimlər haqqında qısa məlumat
Con Klark - 1942-ci ildə Böyük Britaniyanın Kembric şəhərində doğulub. 1968-ci ildə Kembric Universitetində doktorluq dərəcəsi alıb, hazırda Kaliforniya Universitetində (Berkli) professor kimi çalışır.
Mişel A. Devor - 1953-cü ildə Parisdə doğulub, 1982-ci ildə Paris-Cənub Universitetində fəlsəfə doktoru elmi dərəcəsi alıb. Hazırda Yel və Santa-Barbara universitetlərində professor kimi fəaliyyət göstərir.
Con M. Martines - 1958-ci il təvəllüdlüdür, 1987-ci ildə doktorluq dərəcəsi alıb və Kaliforniya Universitetində (Santa-Barbara) professor kimi tanınır.
Elm tarixində yeni mərhələ
Nobel Komitəsinin bəyanatında vurğulanır: "Əsas sual ondan ibarətdir ki, kvant mexanikası nə qədər böyük sistemlərdə özünü göstərə bilər. Bu ilki laureatlar sübut etdilər ki, kvant aləminin qanunları mikroskopik sərhədləri aşa bilər". Beləcə, 2025-ci ilin fizika üzrə Nobel mükafatı bir daha göstərib ki, "qeyri-mümkün" anlayışı elmdə yalnız yeni kəşflərə qədər mövcuddur.