Türkiyənin məşhur müğənnisi Gül Tutun (səhnə adı ilə Güllü) evinin eyvanından yıxılaraq həyatını itirməsi ilə bağlı mübahisələr davam edir. İnsidentin bədbəxt hadisə, yoxsa qəsdən baş verdiyi sualı hələ də gündəmdədir. Nəhayət, Yalova Prokurorluğunun tapşırığı ilə Bursa Məhkəmə-Tibbi Ekspertiza İnstitutunun rəyi hazır olub.
Moderator.az "Haber Global"a istinadla xəbər verir ki, bu barədə müğənninin vəkili Rahmi Çelik açıqlama verib.
O, rəyə əsasən bildirib ki, nəticələr Güllünün yüksək dərəcədə alkoqol təsiri ilə yıxıldığı ehtimalını gücləndirir:
"Müvəkkilim Gül Tutun faciəli ölümü ilə bağlı Yalova Prokurorluğunun göstərişi əsasında Bursa Məhkəmə-Tibbi Ekspertiza İnstitutu tərəfindən hazırlanan toksikoloji rəy bizə təqdim olunub. Rəydə mərhum ifaçının qanında 3.53 promille etanol (spirt) və göziçi mayesində 343 mq/dl etanol müəyyən edildiyi qeyd olunur. Həmçinin qanında az miqdarda reseptlə istifadə etdiyi sakitləşdirici və mədə qoruyucu dərmanlar, sidikdə isə ağrıkəsici aşkarlanıb. Belə bir səviyyə, ciddi tarazlıq və koordinasiya pozuntusuna səbəb ola bilər. Daxili orqanlarda və mədə möhtəviyyatında zəhərli maddəyə rast gəlinməyib. Metanol, narkotik və ya digər zəhərləyici maddələr aşkarlanmayıb", - deyə o qeyd edib.
Çelik bu nəticələrin mərhum müğənninin yüksək alkoqol təsiri altında təsadüfən yıxılma hadisəsi yaşadığı ehtimalını güclü şəkildə dəstəklədiyini vurğulayıb.