Tarixi dönüş: İranda  hicab qanunun ləğvi fars ideologiyasının dağılmasıdır
Dünya
736
11:31, Bu gün

Tarixi dönüş: İranda  hicab qanunun ləğvi fars ideologiyasının dağılmasıdır

“Bundan sonra İranda məcburi hicab taxmaq qadağasını icra etməyə lüzum yoxdur”.  Bu sözləri İran Məsləhət Şurasının üzvü Məhəmmədrza Bahonər deyib.
O deyib ki, hicab taxmaq məsələsi ilə bağlı daha heç bir cəza, cərimə və qanuni tədbir görülməyəcək. Bu, polislərə də bəyan edilsin. 
Qeyd edək ki, son illərdə İranda qadınların hicaba qarşı kütləvi etirazları baş verib. “Məhsa Əmini hərəkatı” kimi tarixə düşən etirazlarda yüzlərlə insan həyatını itirib. 
 
Bu qərarın arxasında duran məqsəd nədir — xalqla münasibətləri yumşaltmaq, müqavimətin qarşısını almaq, yoxsa beynəlxalq imicini düzəltmək?
Moderator.az-a danışan siyasi şərhçi Tural İrfan deyib ki, məcburi hicab qanununun ləğv edilməsi İranın beynəlxalq aləmdə obrazının müsbətə doğru dəyişdirmək cəhdidir:
 
 “Xalqla münasibətlərin normallaşması da məqsədlərdəndir. Çünki yaxında İrana qarşı Qərbin sərt sanksiyaları gözlənilir. Şübhəsiz ki, bu zaman da daxildə etiraz dalğaları başlaya bilər. Rejim bu qərarı heç vaxt səmimi olacaq verməz, sadəcə məcbur olub bu addıma gedir. Hər bir halda bu qərar rejimin ideoloji əsaslarının çöküşünün başlanğıcı sayıla bilər. Dini siyasətə alət etmək sonra dinin hökmlərini təhrif etməklə nəticələnir. Ancaq İslamda təbii ki, hicab məcburi deyil. Yəni dinin tərkibində insanları zorla hicaba məcbur etmək əmri yoxdur. Bu, təhrif olunmuş dinin ənənəsidir, eyni zamanda İranın ideoloji əsaslarının tərkibidir. İranda rejim əhalini dünyadan təcrid etməklə özünə ziyan vurduğunu dərk etdi. Onsuz da kütləvi etirazlar və məcburi hicaba görə saysız təziqlər hakimiyyəti bu addımı atmağa məcbur etdi. Amma saysız qurbanlar və zülümlər hesabına. Hazırda ABŞ-nin və Avropanın təziqləri, sanksiyaları qarşısında tab gətirməkdə çətinlik çəkən hakimiyyət əhalinin ayaqlanmaması üçün yumşalmaya getməyə məcburdur. Əgər hicab dinin əmri kimi məcburi idisə nə yeni vəhy gəldi, nə də İmam zühur etdi. Bəs nə səbəb oldu ki, Allahın əmrini dəyişdilər? Yox əgər İlahi əmr deyildisə bəs nə üçün indiyəcən xalqı buna məcbur edib minlərlə şəxsə qarşı işgəncə, həbs, edam hökmü həyata keçirilib? Demək İran rejimi üçün din yox, siyasi ideologiyası önəmlidir. Dini sadəcə alət ediblər. İstədikləri vaxt manipulyasiyası edə bilirlər”.
 
Siyasi şərhçinin sözlərinə görə, hazırda hicab tələbinin ləğvi ABŞ-nin təsirləri və sanksiyalardan doğan daxili sosial vəziyyətin yumşaldılması üçün əhalinin könlünü almaq məqsədi daşıyır:
 
“Mümkündür ki, rejim yenidən yerini bərkidəndən sonra təkrar hicab məcburiyyətini bərpa etsin. Ancaq görünür ki, hələ başqa islahatlara da gediləcək. Prezident Pezeşkiyanın bu məsələdə rolu böyükdür. O, İranı orta əsrlərdən müasirliyə gətirmək istəyir. Növbəti addım spirtli içkilərin istehsalının qanuniliyi və azadlığı ola bilər. Çünki hər il yüz minlərlə adam saxta və gizlin hazırlanan içkilərdən ya ölür ya da şikəst olur. Üstəlik narkotik vasitələrin İranda geniş istehsalı və kütləvi istifadəsinin səbəblərindən biri də spirtli içkilərə olan qadağadır. Bunu bir çox beynəlxalq müşahidələr və araşdırmalar təsdiq edir. Artıq Səudiyyə Ərəbistanında da bununla bağlı yumşalmalara gedilib. Əgər söhbət dindən gedirsə, dində mütləq islahatlar və reform olmalıdır. Ələlxüsus dövlət ideologiyasına çevrilmiş din yaxud məzhəb əsaslarında dəyişikliklər olmalı, müasirəşməlidir. İranda hakimiyyət dindən iyrəndiriblər, ikrah etdiriblər. Dini siyasət alətinə çevirib təhrif ediblər. Amma hazırki Prezidentin islahatçı komandası bunu dərk edir və müasirliyə, insan azadlığına önəm verir. Əslində dinin mötədil və orijinallığını, humanizm prinsiplərini əyani şəkildə icra edirlər. Dində məcburi hicab, məcburi ibadət, məcburi ayinlər yoxdur. İranda molla rejimi çox acınacaqlı və rüsvayçı şəkildə süqut edəcək. Çünki İslam dinini onlar qədər təhrif edib siyasətə alət edən ikinci rejim dünyada hələ mövcud olmayıb. Hesab edirəm ki, bu kimi qanunların ləğvi artıq fars molla rejiminin çöküşünün başlanğıcıdır”.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər