Dünya
242
14:20, Bu gün

"Rusiya və Ukrayna bir-birinə qarşılıqlı zərbələr endirib" - Ukrayna KİV

 

"Tərəflər artıq bir-birini cəbhədə deyil, dövlətin "ürəyi" sayılan infrastrukturda zəiflətməyə çalışır..."

Rusiya ilə Ukrayna arasında davam edən müharibə oktyabrın əvvəlində yeni gərgin mərhələyə keçib. Tərəflər bir-birinin kritik infrastrukturuna paralel zərbələr endirir.

Moderator.az xəbər verir ki, bu barədə "rbc.ua" nəşri məlumat yayıb.

Məlumatda deyilir ki, bu hücumlar həm mülki əhalinin gündəlik həyatını iflic edir, həm də energetika və nəqliyyat şəbəkələrinin dayanıqlığını sınağa çəkir.

Ukraynanın şimalı işıqsız qalıb, sərnişin qatarı hədəfə alınıb

Oktyabrın 4-nə keçən gecə Rusiya ordusu Çerniqov vilayətində elektrik obyektlərini vurub. Nəticədə 50 minədək insan işıqsız qaldı. "Çerniqovoblenerqo" bildirib ki, bölgədə qrafiklə elektrik kəsintiləri tətbiq edilir və energetiklər işləri bərpa etmək üçün çalışır.

Eyni zamanda Sumı vilayətində dəmir yolu infrastrukturu hədəfə alınıb. Şostka-Kiyev sərnişin qatarına endirilən zərbə nəticəsində azı 30 nəfər yaralanıb, vaqonlardan biri yanıb. Hadisə bir daha göstərir ki, Rusiya son həftələr Ukraynanın dəmir yolu şəbəkəsini məqsədli şəkildə hədəfə alır.

"Buyan-M" raket gəmisi və Kirişi neftayırma zavodu vurulub

Ukrayna Müdafiə Qüvvələrinin cavab əməliyyatları da diqqət çəkir Ukrayna pilotsuz aparatları Rusiyanın Kirişi şəhərində yerləşən nəhəng "Kinef" neft emalı zavodunu vurub. 10 milyon tondan çox illik emal gücünə malik bu zavod Rusiyanın ən iri müəssisələrindən biridir və yanacaq, aviasiya kerosini, dizel istehsalı ilə daxili bazarın böyük hissəsini təmin edir. Hücum nəticəsində güclü yanğın baş verib.

Bundan başqa, Kareliyada yerləşən Rusiya Hərbi Dəniz Donanmasının "Buyan-M" tipli raket gəmisi də zədələnib. Ukrayna tərəfi həmçinin Kursk vilayətində "İsgəndər" kompleksinə aid texnikanın və düşmənin komanda məntəqəsinin vurulduğunu açıqlayıb.

Enerji və logistika üzərində qarşıdurma

Son günlərin hadisələri göstərir ki, müharibə getdikcə daha çox enerji və nəqliyyat infrastrukturuna yönəlir. Rusiya Ukraynanı qaranlıqda və hərəkətsiz qoymaq üçün elektrik şəbəkəsini və dəmir yolunu vurur, Ukrayna isə Rusiyanın yanacaq istehsalı və hərbi donanmasını hədəfə alır.

Bu qarşılıqlı hücumlar yalnız hərbi deyil, həm də iqtisadi və sosial nəticələr doğurur: Ukraynada on minlərlə insan işıqsız qalır, Rusiyada isə strateji əhəmiyyətli zavodlar sıradan çıxır. Müharibənin bu yeni mərhələsi göstərir ki, tərəflər artıq bir-birini cəbhədə deyil, dövlətin "ürəyi" sayılan infrastrukturda zəiflətməyə çalışır.

Link kopyalandı!
Son xəbərlər