“ABŞ administrasiyası İsrailin Qəzzadakı müharibəsini dayandırmaq və bölgənin gələcək idarəetmə modelini müəyyənləşdirmək məqsədilə 21 maddəlik sülh planını açıqlayıb. Plan çərçivəsində Qəzza ABŞ və Böyük Britaniyanın rəhbərlik etdiyi “Sülh Şurası”nın idarəsinə veriləcək, şuraya ABŞ prezidenti Tramp sədrlik edəcək, üzvlər arasında isə Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyer də yer alacaq. Plan bəzi müsəlman ölkələri və Fələstin Muxtariyyəti tərəfindən müsbət qarşılanıb. Bu sülh planı konsepsiyası həm siyasi cəhətdən cəsarətli, həm də diplomatik baxımdan mürəkkəbdir”
Bu sözləri Moderator.az-a britaniyalı politoloq Neil Vatson deyib.
Onun sözlərinə görə, bu planın həyata keçirilməsi üçün bir neçə çətinliklər mövcuddur:
“ABŞ və Böyük Britaniyanın rəhbərlik etdiyi idarəçilik strukturu, xüsusilə də Tramp və Bleyerin iştirak etdiyi bir model, çox güman ki, bir çox fələstinli və ərəb dünyasının böyük hissəsi tərəfindən dərin şübhə ilə qarşılanacaq. Fələstin Muxtariyyəti belə bir planı ehtiyatla dəstəkləyə bilər — bəlkə də bunu HƏMAS-ı kənarlaşdırmaq yolu kimi görəcək — lakin yerli legitimlikdən məhrum olan hər hansı xaricdən diktə edilən həll yeni qarşıdurmalara səbəb ola bilər. Qəzza tarix boyu, xüsusilə Qərb güclərinin rəhbərlik etdiyi xarici modellərə müqavimət göstərib.
Planın bəzi müsəlman ölkələri tərəfindən müsbət qarşılanması isə bu münaqişədən yorğunluğun və sabitlik arzusunun artdığını göstərə bilər. Lakin İran, Türkiyə və Qətər kimi əsas regional oyunçular – müxtəlif fələstinli fraksiyalara təsir gücünə malik ölkələr – Tramp və Bleyerin iştirakına etiraz edə bilərlər. Çünki hər iki fiqur İraq müharibəsindəki rollarına və İsrailə uzunmüddətli dəstəklərinə görə şəxsi maraqlar naminə mübahisəli simalar hesab olunurlar”.
Politoloq qeyd edib ki, planın hər hansı şəkildə həyata keçə bilməsi üçün İsrailin müəyyən dərəcədə əməkdaşlığı vacibdir:
“Lakin Baş nazir Netanyahunun sağçı koalisiyasının və radikal məskunlaşanların təzyiqi altında olduğu bir vaxtda, İsrailin nəzarətini məhdudlaşdıran və ya yeni fələstinli idarəçilik strukturlarını, hətta beynəlxalq nəzarət altında olsa belə, tanıyan bir planı qəbul etməsi siyasi baxımdan mümkünsüz görünə bilər.
Şübhəsiz ki, Tramp beynəlxalq və daxili siyasətdə hələ də parçalaycı fiqurdur və onun seçilməmiş mərkəzi diplomatik rola qayıtması kəskin etirazlara səbəb ola bilər. Toni Bleyer isə Yaxın Şərq sülh proseslərində təcrübəsinə baxmayaraq, İraq müharibəsi və tərəfli mövqeyi ilə bağlı mənfi imic daşıyır. Hər iki fiqur sülhün neytral memarları olmaq üçün çox zədələnmiş şəxslər kimi görülə bilər”.
Politoloq əlavə edib ki,hər hansı idarəçilik keçidi Qəzzanın dağıdılmış infrastrukturu, humanitar böhranı, həmçinin HƏMAS və digər silahlı qrupların mövcudluğu ilə üzləşməlidir:
“Texnokratik və ya xaricdən idarə olunan bir hakimiyyət orqanı ciddi təhlükəsizlik təminatları, bərpa yardımı və yerli güc mərkəzlərinin razılığı — heç olmasa müqavimət göstərməməsi — olmadan səmərəli fəaliyyət göstərə bilməz.
Əgər bu plan irəliləsə, Fələstin Muxtariyyəti, regional güclər və HƏMAS-ın qalıqları arasında siyasi rəqabət dövrü müşahidə oluna bilər. Qəzzanın gələcək idarəçiliyi beynəlxalq ictimaiyyətin vizyonu ilə əməkdaşlıq etməyə hazır olanların, həmçinin ondan kənarda qalanların mövqeyi ilə formalaşa bilər. Lakin fələstinlilərin öz müqəddəratını təyinetməsini əks etdirən, inklüziv və yerli köklərə əsaslanan bir yanaşma olmadan, xaricdən diktə edilən hər hansı həll ən yaxşı halda kövrək, ən pis halda isə tamamilə rədd edilə bilər".
Sonda Neil Vatsın vurğulayıb ki, Trampın rəhbərliyi ilə irəli sürülən bu planın həyata keçirilməsi nəzəri cəhətdən mümkün olsa da, mövcud formada son dərəcə real görünmür. Daha geniş beynəlxalq dəstək (o cümlədən Aİ, BMT və Ərəb Liqası) və əsas fələstinli aktorlar ilə vətəndaş cəmiyyətinin heç olmasa dolayı dəstəyi olmadan, bu plan ya “doğulmadan ölə” ,ya da bölgədə növbəti qeyri-sabitlik mərhələsinə yol aça bilər.
Mehin Mehmanqızı