Münxendə keçirilən məşhur Oktoberfest xalq festivalı bomba həyəcanından sonra yenidən iştirakçılar üçün açılıb.
Moderator.az yerli mediaya istinadla bildirir ki, hadisə şəhərin şimalında baş vermiş böyük yanğınla əlaqəli olub. Həmin hadisənin ailədaxili mübahisə zəminində baş verdiyi bildirilir. Almaniyanın Starnberq şəhərinin sakini olan 57 yaşlı şəxs polis tərəfindən göl yaxınlığında aşkar edildikdən sonra intihar edib. Onun yanındakı çantada tapılan partlayıcı qurğunu xüsusi təyinatlı qüvvələr zərərsizləşdirib.
Yanğın zamanı şübhəli şəxsin evi külə dönüb, həyətdə bir neçə avtomobilə ziyan dəyib. Hadisə nəticəsində iki nəfər - həmin şəxsin 21 yaşlı qızı və 81 yaşlı anası xəstəxanaya yerləşdirilib. Axtarışlar zamanı şübhəlinin 90 yaşlı atasının meyiti tapılıb.
Bavariya əyalətinin daxili işlər naziri Yoaxim Hermanın açıqlamasında hadisənin hər hansı siyasi və dini motiv daşımadığı, ekstremist qruplarla əlaqəsinin olmadığı bildirilib.
İlk tədbirlərdən və təhlükəsizlik yoxlamalarından sonra Oktoberfest yenidən iştirakçılar üçün açılıb.