"Qərb ekspertləri Putinin məğlubiyyəti anladığını deyir, rus cəmiyyəti isə sülh istəyir..."
Kreml son aylarda təbliğatını gücləndirib. Rusiya dronlarının və qırıcılarının NATO ölkələrinin hava məkanını pozması Moskva mediasında Qərbin "təcavüzü" kimi təqdim olunur.
Moderator.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.
Reallığın təhrif olunması
Nəşr yazır ki, xarici işlər naziri Sergey Lavrov da BMT Baş Assambleyasında eyni xətti davam etdirərək, Qərbi "Rusiyaya hücum hazırlığında" ittiham edib. Paralel olaraq, Vladimir Putin NATO və Avropa İttifaqına qarşı "hərbi-texniki cavab tədbirləri" ilə hədələyib.
Bununla belə, Rusiyada ictimai əhval-ruhiyyə fərqlidir. "Levada Mərkəzi"nin sorğusuna görə, əhalinin 66 faizi Ukrayna ilə münaqişənin danışıqlar yolu ilə bitməsini istəyir. Müharibənin dördüncü ilinə qədəm qoyduğu, iqtisadiyyatın ağır zərbə aldığı və vergilərin artdığı bir vaxtda rus cəmiyyətində müharibə yorğunluğu daha da güclənir.
Psixoloji müharibə və daxili auditoriya
Rusiyanın təxribatçı uçuşları və sərhəd yoxlamaları əslində "psixoloji müharibə"nin bir hissəsi hesab olunur. Kreml Qərbi zəif, parçalanmış və təlaş içində göstərməyə çalışır, amma əsas auditoriya öz xalqıdır. Dövlət mediası Avropanı "isterik" təsvir edir, ABŞ prezidenti Donald Trampın "sakit reaksiya"sını isə xüsusi vurğulayır. Beləcə, Moskva həm düşməni qorxutmağa, həm də daxildə müharibənin sonsuz davamını əsaslandırmağa çalışır.
"Putin qələbə qazana bilməyəcək"
ABŞ prezidentinin xüsusi nümayəndəsi Kit Kelloq isə başqa reallığa diqqət çəkir. Onun fikrincə, Putin "daxilində anlayır ki, bu müharibəni udmaq mümkün deyil". Kelloq Varşava Təhlükəsizlik Forumunda çıxış edərək, Ukraynanın Rusiya neft emalı zavodlarına endirdiyi zərbələrin artıq Moskvanın iqtisadi imkanlarını zəiflətdiyini, neft hasilatını 20 faiz azaltdığını bildirib.
Kelloqun sözlərinə görə, Rusiya iqtisadiyyatı "neft dollarları"na bağlıdır və bu gəlir azalarsa, Kreml böyük böhranla üzləşəcək. O, əlavə edib ki, Rusiya artıq tankları muzeydən cəbhəyə aparır, bu da tükənmənin rəmzidir.
NATO ilə gərginlik və gələcək ssenarilər
Kelloq həmçinin NATO hava məkanının pozulmasına toxunaraq, Alyans ölkələrinin sərt cavab verməli olduğunu deyib. O, Türkiyənin 2015-ci ildə Rusiyanın qırıcı təyyarəsini vurmasını xatırladaraq, oxşar addımın indi də atıla biləcəyini bildirib. Eyni zamanda, o hesab edir ki, Ukrayna, ABŞ və Rusiya liderlərinin üçtərəfli görüşü yalnız bir halda - Moskva müharibənin qiymətini ödəyə bilməyəcək qədər zəiflədikdə mümkündür.
Bir tərəfdən Kreml daxildə reallığı təhrif edərək xalqını "qurban" obrazı ilə manipulyasiya edir, digər tərəfdən Qərb ekspertləri Putinin strateji məğlubiyyətini labüd sayır. İctimai rəydə sülh istəklərinin artması, iqtisadi təzyiqlərin güclənməsi və beynəlxalq təcrid Rusiyanın gələcək taleyini müəyyənləşdirən əsas amillərə çevrilir.