ABŞ-ın Florida ştatında 35 il əvvəl iş yerində törətdiyi qətl və soyğun cinayətlərinə görə ölüm hökmünə məhkum edilmiş 64 yaşlı Viktor Toni Consun cəzası icra olunub.
Moderator.az Qaynarinfo - ya istinadla xəbər verir ki, "NBC News"un məlumatına görə, Cons 1990-cı ildə işlədiyi müəssisəni soymaq məqsədilə hücum edərək iş yerinin sahiblərini bıçaqla qətlə yetirmişdi. Hadisə zamanı ağır yaralanan və saxlanılan Cons 1993-cü ildə iki dəfə birinci dərəcəli qətl və silahlı soyğun ittihamları ilə günahkar bilinərək edam hökmü ilə cəzalandırılmışdı.
Məhkum Florida Əyalət Həbsxanasında zəhərli iynə ilə edam edilib. Bununla da, bu il Florida ştatında edam olunanların sayı 13-ə çatıb.
1976-cı ildə ölüm hökmünün ABŞ-da yenidən qüvvəyə minməsindən bəri, bu il Florida tarixində ən çox edamın həyata keçirildiyi dövr kimi qeydə alınıb. Eyni zamanda Florida bu il ölkə üzrə ən çox edamın tətbiq olunduğu ştat olub.
Ümumilikdə ABŞ-da bu il indiyədək 34 nəfər edam edilib və ilin sonuna qədər ən azı 8 edamın daha planlaşdırıldığı bildirilir.