"Brüssel həm Kiyevin müdafiəsini gücləndirir, həm də Moskvanın iqtisadi imkanların məhdudlaşdırır..."
Avropa İttifaqı Ukraynanın hərbi və texnoloji potensialını gücləndirmək üçün yeni maliyyə paketini təsdiqləyib.
Moderator.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Brüsseldə çıxışı zamanı bəyan edub. Məlumatı "finance.ua" nəşri yayıb.
O, məlumat verib ki, Kiyevə 2 milyard avro ayrılacaq və bu vəsait əsasən pilotsuz uçuş aparatlarının istehsalına yönəldiləcək. Onun sözlərinə görə, Ukrayna yalnız müdafiəsini möhkəmləndirməyəcək, həm də texnoloji inkişaf sayəsində Avropa üçün də faydalı imkanlar yaradacaq.
Fon der Lyayen vurğulayıb ki, Ukrayna hələ də Avropanın "birinci müdafiə xətti" olaraq qalır və hərbi yardımın artırılması həyati əhəmiyyət daşıyır. O əlavə edib ki, bu təşəbbüs Avropa İttifaqının özünü də yüksək texnologiyalardan faydalanmağa imkan verəcək.
Eyni zamanda Brüssel dondurulmuş Rusiya aktivlərindən istifadə mexanizmini hazırlayır. "Reparasiya krediti" adlanan yeni maliyyə aləti ilə Ukraynaya 140 milyard avro həcmində kredit ayrılması nəzərdə tutulur. Bu kredit gələcəkdə Rusiyadan alınacaq təzminat hesabına ödəniləcək.
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketi üzərində də işləyir. Fon der Lyayenin sözlərinə görə, mövcud məhdudiyyətlər artıq öz nəticəsini verir - əgər 2024-cü ildə Rusiyanın ÜDM artımı 4,3 faiz olacaqsa, 2025-ci ildə bu göstərici 0,9 faizə qədər enəcək. O, bildirib ki, Moskva üzərində təzyiq daha da gücləndirilməlidir.
Yeni paketin əsas elementi Rusiya mənşəli mayeləşdirilmiş qazın idxalına qadağa olacaq. Bundan başqa, "kölgə donanması" ilə əməkdaşlıq edən limanlar, həmin gəmilərin kapitanları və brokerlər də məhdudiyyətlər siyahısına salına bilər. Avropa İttifaqının enerji şirkətləri və bankları ilə yanaşı, Rusiyanın Çinlə əməkdaşlıq edən bəzi tərəfdaş şirkətləri də sanksiyaların hədəfinə düşə bilər.
Beləliklə, Avropa İttifaqı eyni anda iki istiqamətdə hərəkət edir: bir tərəfdən Ukraynanın müdafiə qabiliyyətini gücləndirir, digər tərəfdən isə Rusiyanın iqtisadi imkanlarını məhdudlaşdırır.