Dünya
422
19:50, Bu gün

"Tramp Netanyahunu "sındıra" biləcəkmi?" - "İsrail mətbuatı

"Qəzza planı Tramp ilə Netanyahunu üz-üzə qoyur..."

"Ağ Evdə bu gün ABŞ prezidenti Donald Tramp ilə İsrailin baş naziri Binyamin Netanyahu arasında görüş keçiriləcək. Masada duran əsas məsələ - müharibənin dayandırılması və Qəzzanın müharibədən sonrakı idarəetmə planıdır".

Moderator.az xəbər verir ki, bu barədə "detaly.co" nəşrində dərc olunan məqalədə deyilir.

Müəllif yazır ki, hər iki lider üçün risklər böyükdür. Tramp ən ağır müasir münaqişələrdən birini bitirən "sülhyaratma" mirasını möhkəmləndirmək niyyətindədir və Netanyahunun buna mane olmasına imkan vermək istəmir. Netanyahu isə iki illik müharibə ərzində səsləndirdiyi ritorikanı ziddiyyətə salan bəndlərə görə Trampı inandırmaq məcburiyyətində qalacaq. Bu görüş görüş təkcə fələstinlilərin gələcəyi üçün deyil, həm də ABŞ-İsrail münasibətlərinin istiqaməti baxımından taleyüklü ola bilər.

Plan və daxili ziddiyyətlər

Trampın Qəzza planı əsasən Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyerin və onun kürəkəni, "Avraam sazişləri"nin memarı Cared Kuşnerin ideyalarına əsaslanır. Sənədə görə, Qəzzada müvəqqəti idarəetmə yaradılacaq. Bu qurumda nazirlikləri beynəlxalq və regional ekspertlər, həmçinin Fələstin Administrasiyasının texnokratları idarə edəcək. Onların öhdəsinə səhiyyə, su və elektrik təchizatı, humanitar yardım, maliyyə və bərpa işləri, eyni zamanda hüquq-mühafizə sahəsi veriləcək.

Plan "bərpa müqabilində hərbsizləşmə" prinsipinə söykənir. Bu model gələcəkdə Qəzzada və İordan çayının Qərb sahilində Fələstin dövlətinin qurulmasına imkan aça bilər. Tramp bu torpaqların İsrail tərəfindən ilhaq edilməsinə icazə verməyəcəyini bildirib. Lakin Netanyahu dəfələrlə açıq bəyan edib ki, Fələstin dövləti heç vaxt olmayacaq. O, Fələstin Administrasiyasının Qəzzanın idarəçiliyində iştirakına da qarşı çıxır. "Bu, hələ də bizim üçün qırmızı xətdir", - Netanyahu Ağ Ev görüşündən əvvəl "Fox News"-a müsahibəsində söyləyib.

Başqa bir ziddiyyət HƏMAS məsələsinə aiddir. İsrail müharibənin əvvəlindən bu təşkilatı tamamilə məhv etməyi hədəfləyib. Trampın planı isə bunu təmin etmir. Əksinə, sənəd HƏMAS liderlərinə amnistiya və Qəzzanı tərk etmək imkanı verir. Bu yanaşma Netanyahunu həm sağçı koalisiya tərəfdaşları, həm də seçiciləri qarşısında çətin vəziyyətə sala bilər. Bundan başqa, real qorxu var ki, HƏMAS rəhbərləri beynəlxalq və ya regional idarəetmə çərçivəsində vaxt keçdikcə yenidən toparlana bilər. Netanyahu isə iddia edəcək ki, İsrail HƏMAS tam silahsızlaşdırılmayınca Qəzzadan çıxa bilməz. 

Halbuki Trampın planı mərhələli silahsızlaşdırmaya əsaslanır. Bu, Ağ Evdə iki lider arasında əlavə gərginlik doğuracaq. Netanyahu Tramp ilə davranış üslubunu yaxşı mənimsəmiş siyasətçidir. O, yaltaqlıq, manipulyasiya və Trampın yaxın çevrəsini işə salmaqla çox vaxt istədiyini alır və ya ən azından ABŞ prezidentinin qəzəbindən yayınır. Əvvəlcə razılaşır, sonra isə sonsuz suallar qaldıraraq prosesi ləngidir. Ola bilsin, indi də eyni taktikaya əl atsın.

Münasibətlər böhran həddindədir?

Lakin Tramp üçün Qəzzanın gələcəyi o qədər vacib layihə ola bilər ki, Netanyahunun manevrlərinə boyun əyməsin. Onsuz da münasibətlərində kifayət qədər gərginlik və narazılıq yığılıb. Məsələn, İsrailin Suriyaya zərbələri ABŞ-ın yeni Dəməşq hökumətinə dəstəyini çətinləşdirib. Qətərə hücum Trampın Fars körfəzi müttəfiqləri ilə münasibətlərini sarsıdıb. 2021-ci ildə isə Netanyahu Trampın fikrincə, həddindən artıq tələsik şəkildə Co Baydeni seçki qalibi kimi təbrik edib.

O vaxt Tramp onun barəsində açıq şəkildə "Cəhənnəmə getsin" deyib. Bununla belə, hətta Ağ Ev görüşündən sonra bütün ziddiyyətlər həll olunmasa da, Trampın İsrailə münasibətində kəskin dönüş olmayacaq. O, Netanyahuya daha çox əsəbiləşsə belə, kəşfiyyat əməkdaşlığını, silah satışını və digər əsas sahələrdə əməkdaşlığı dayandırması az ehtimal olunur.

Amma risklər qalır. ABŞ-ın dəstəyi təkcə maliyyə ilə məhdudlaşmır  - bu, həm də rəmzi məna daşıyır. Vaşinqtonun dəstəyi İsrailin düşmənlərinə siqnal verir, müttəfiqlərə isə arxayınlıq bəxş edir. Əgər Tramp İsraili açıq tənqid etsə, bu, rəqiblərə cəsarət verər, çəkindirmə siyasətini sarsıdar və ABŞ yönümlü digər tərəfdaşlarla diplomatik münasibətləri çətinləşdirər.

Nəticədə, hər şey ABŞ prezidentinin şəxsi təəssüratından - sadiqlik, uğur və şəxsi fayda anlayışından asılı olacaq. Trampın siyasi keçmişi göstərir ki, heç bir müttəfiq onun qəzəbindən sığortalanmayıb. İsrail üçün bu o deməkdir ki, ən dərin hərbi, kəşfiyyat və siyasi bağlar belə Trampın dəyişkən impulslarından müdafiə təmin etmir.

Müəllif: Aleksandra Appelberq

Link kopyalandı!
Son xəbərlər