"Müdafiə qüvvələrinin texnoloji üstünlüyü və taktiki çevikliyi Kreml ordusunun planlarını pozmağa davam edir..."
Ukrayna Silahlı Qüvvələrinin son günlərdəki əməliyyatları həm cəbhə xəttində, həm də Rusiyanın dərin arxa cəbhəsində ciddi nəticələr doğurub.
Moderator.az xəbər verir ki, bu barədə "24tv.ua" nəşri yazıb.
Dobropolye istiqamətində uğurlar
Ukrayna Baş Komandanı, general Aleksandr Sırski bildirib ki, planlı və cəsarətli hərəkətlər nəticəsində düşmənin bir sıra bölmələri mühasirəyə alınıb. Onun sözlərinə görə, yalnız bu istiqamətdə Rusiya ordusu 3185 nəfər itki verib, onlardan 1769-u geri dönüşsüzdür. Bundan əlavə, 969 ədəd texnika və silah məhv edilib.
Sırski qeyd edib ki, Ukrayna qüvvələri bu müddətdə 175 kvadrat kilometr ərazini azad edib, diversiya qruplarının fəaliyyət göstərdiyi daha 195 kvadrat kilometr isə tam nəzarət altına alınıb. O, bölmələrə qarşıdakı dövrdə uzaq məsafədən düşmənin atəşlə vurulması və diversiya qruplarının neytrallaşdırılması barədə göstərişlər verib.
Ukraynanın dəqiq zərbələri
Eyni zamanda Ukrayna ordusu Rusiyanın hərbi maşınının mühüm dayaqlarından birinə zərbə endirib. Raket Qoşunları və Artilleriya bölmələri Bryansk vilayətində yerləşən "Karaçev Elektrodetal" zavodunu "Neptun" raketləri ilə vurub.
Bu müəssisə Rusiya hərbi-sənaye kompleksinin ayrılmaz hissəsi hesab olunur - burada raket sistemləri, tanklar, zirehli texnika, kosmik və aviasiya sahəsi üçün zəruri olan on minlərlə elektrik birləşdiriciləri istehsal edilir. Zərbədən sonra zavod ərazisində partlayış və yanğın qeydə alınıb. Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı Aleksey Neijpapa bəyan edib: "Düşməni təmin edən hər bir həlqə sıradan çıxarılacaq. Ukraynaya qarşı işləyən hər şey məhv ediləcək".
Havada da uğur
Bundan əlavə, Ukrayna dron bölmələri düşmən helikopterini məhv edib. "Çöl yırtıcıları" adlanan 59-cu briqadanın döyüşçüləri FPV dronu vasitəsilə Rusiyanın Mi-8 helikopterini vurub. Əvvəlcə Mi-28-in sıradan çıxarıldığı açıqlansa da, sonradan məlumat dəqiqləşdirilib. Helikopterin dəyəri 18 milyon dollar civarında qiymətləndirilir.
Son əməliyyatlar göstərir ki, Ukrayna ordusu artıq yalnız cəbhədə deyil, həm də Rusiyanın arxa cəbhəsində strateji hədəfləri məhv etməklə düşmənin hərbi potensialını sarsıdır. Müdafiə qüvvələrinin həm texnoloji üstünlüyü, həm də taktiki çevikliyi Kreml ordusunun planlarını pozmağa davam edir.