Dünya
260
15:40, Bu gün

"BMT-də Rusiya-Çin təşəbbüsünün iflası: İrana qarşı sanksiyalar bərpa olunur" - CNN

"Tehran BMT qərarını rədd edir, Qərbi diplomatiyanı məhv etməkdə ittiham edir..."

BMT Təhlükəsizlik Şurası Rusiyanın və Çinin İrana qarşı qlobal sanksiyaların bərpasını təxirə salmaq təşəbbüsünü rədd edib. 

Moderator.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Tehranın sərt reaksiyası və Qərbə qarşı ittihamları

Bu təklifi yalnız təşəbbüskar ölkələr, eləcə də Pakistan və Əlcəzair dəstəkləyib. Cənubi Koreya və Qayana bitərəf qalıb, digər üzvlərin hamısı isə səsvermədə əleyhinə çıxış edib. Beləliklə, İrana qarşı beynəlxalq miqyasda sərt iqtisadi və maliyyə məhdudiyyətləri 28 sentyabr gecəsindən yenidən qüvvəyə minəcək.

Tehran qəzəblənir

İranın xarici işlər naziri Abbas Arakçı iclasda çıxış edərək, ABŞ-ı diplomatiyaya xəyanətdə, Avropa ölkələrini isə onu "dəfn etməkdə" ittiham edib. O, BMT Təhlükəsizlik Şurasının hazırkı sədri - Cənubi Koreyadan qərarı qanunsuz elan etməyi tələb edib və xəbərdarlıq edib ki, üç Avropa ölkəsi və ABŞ bu addımın "ən ağır nəticələrinə" görə tam məsuliyyət daşıyacaq.

Sanksiyaların tarixi və məzmunu

İrana qarşı sərt sanksiyalar 2015-ci ildə nüvə razılaşması əldə edildikdən sonra ləğv olunub. O vaxt qadağalar İran neftinin alqı-satqısından tutmuş, ölkəyə nüvə, raket və müdafiə texnologiyalarının, həmçinin neft-kimya və enerji sektoruna xarici sərmayələrin qarşısını alıb.

Bank əməliyyatları, sığorta sahəsində əməkdaşlıq və yüksək texnoloji məhsulların ixracı da yasaqlanıb. ABŞ-ın əvvəlki prezidentlik dövründə Vaşinqton birtərəfli qaydada sanksiyaları bərpa edib, Avropa İttifaqı isə amerikalıların məhdudiyyətlərini aşmaq üçün xüsusi maliyyə mexanizmi tətbiq edib.

İrana qarşı ittihamlar

İndi isə beynəlxalq sanksiyaların qayıdışı İranın MAQATE qarşısında hesabat verməkdən imtina etməsi və ölkə daxilində 60 faiz zənginləşdirilmiş 400 kiloqram uranı saxlaması ilə əlaqələndirilir.

Rusiya nümayəndəsi Dmitri Polyanski isə səsvermədən öncə çıxışında Qərbi "eskalasiyanı qızışdırmaqda" ittiham edib, Tehranın öhdəliklərini yerinə yetirdiyini və məsuliyyətli oyunçu kimi çıxış etdiyini bildirib.

Lakin BMT-də Böyük Britaniyanın daimi nümayəndəsi Barbara Vudvord İranda nüvə silahlarının yayılmamasına dair beynəlxalq rejimin pozulduğunu vurğulayıb. O, xatırladıb ki, son altı ildə MAQATE tərəfindən hazırlanan 60-dan çox hesabat İslam Respublikasının qaydalara əməl etmədiyini sübut edir.

İranda böhran dərinləşə bilər

Mütəxəssislərin fikrincə, on il ərzində qüvvədə olmayan bu sərt sanksiyaların bərpası İranı indiki vəziyyətdən daha ağır iqtisadi və sosial böhrana sürükləyəcək. Bununla belə, əgər Rusiya, Çin və "antiQərb oxn"na daxil olan digər dövlətlər qərara əməl etməsə, bu, Tehranın vəziyyətini müəyyən qədər yüngülləşdirə bilər.

Link kopyalandı!
Son xəbərlər