Dünya
374
26 Sep 2025 | 20:30

"Moldova Kremlə meydan oxuyur: NATO ilə təhlükəli yaxınlaşma" - "Deutsche Welle"

"Moskvanın narahatlığı artır..."

Avropa İttifaqına inteqrasiya ilə bağlı tarixi qərar ərəfəsində Moldovada siyasi gərginlik artır, Kreml isə feyklərdən tutmuş seçici alverinə qədər bütün vasitələri işə salır.

Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.

Moldovada sentyabrın 28-də keçiriləcək parlament seçkiləri ölkənin gələcək istiqamətini müəyyən edəcək əsas məqamdır. Bu seçki təkcə hakimiyyət uğrunda mübarizə deyil, həm də dövlətin Avropa İttifaqına daxil olub-olmayacağı, yoxsa Moskvanın təsiri altına qayıdacağı barədə qərardır.

Proqnozlaşdırılması çətin seçki

Hazırda parlamentin çoxluğunu təşkil edən avropayönümlü "Fəaliyyət və Həmrəylik Partiyası" (PAS) mövqelərini itirə bilər. Sosioloji sorğular göstərir ki, partiyanın parlament çoxluğunu qorumaq şansı 50 faizdən aşağıdır. Politoloqlar qeyd edir ki, PAS-ın əsas rəqibləri arasında müxtəlif dərəcədə Moskvanın təsiri altında olan üç siyasi blok var. Lakin bu qüvvələrin vahid cəbhədə birləşməsi real görünmür. Əgər PAS azlıqda qalsa, prezident Maya Sandu rusiyayönümlü  baş nazir namizədini təsdiqləməyəcək və ölkə dərin siyasi böhrana sürüklənəcək.

Hakim partiyanın vədləri

Hakim PAS-ın əsas vədi 2028-ci ilə qədər Avropa İttifaqına üzvlük müqaviləsini imzalamaqdır. Bundan başqa, gəlirlərin və ixracın iki dəfə artırılması, 3 min km yolun təmiri və milli mədəniyyət proqramı nəzərdə tutulur. Ən güclü rəqib  sosialistlər, kommunistlər və digər qüvvələri birləşdirən "Vətənpərvərıər bloku" isə qaz tariflərinin yarıya endirilməsini, şagirdlərə pulsuz yemək verilməsini və pensiya yaşının azaldılmasını vəd edir. Onların liderləri arasında İqor Dodon və Vladimir Voronin kimi tanınmış rusiyayönümlü fiqurlar var.

Moskvanın müdaxiləsi

Nəşrin araşdırmalarına görə, Rusiya bu seçkilərdə təsir imkanlarını maksimum dərəcədə işə salıb. Müstəqil mənbələr Moskvanın üç əsas alətini önə çəkir:

- Yaraqlılar və təxribatlar - İyuldan bəri aparılan istintaqa görə, yüzlərlə gənc Serbiya və Bosniyada təlimlərdən keçib, onlara etirazları idarə etmək, hətta silah işlətmək öyrədilib. Bir çoxu Rusiya xüsusi xidmətlərinin birbaşa nəzarətində olub. Sentyabrın 22-də ölkə üzrə 250-dən çox axtarış aparılıb, onlarla şəxs saxlanılıb.

- Feyk və dezinformasiya şəbəkəsi - İlan Şorun nəzarətində olan "Avrasiya" təşkilatı və Moskva mərkəzli "Matryoshka" şəbəkəsi sosial mediada saxta xəbərlər yayaraq Sandu hökumətini hədəfə alıb. Beynəlxalq araşdırmalara görə, iyuldan bəri yayılan 8 feyk material 17 milyon dəfə baxış toplayıb və hətta bəzi süni intellekt sistemləri onları həqiqət kimi təqdim edib.

- Seçici alveri - Məhkəmədən qaçaraq Moskvada gizlənən oliqarx İlan Şor açıq şəkildə seçkilərdə rüşvət mexanizmi qurub. Polis son aylarda iki mindən çox axtarış aparıb, yüzlərlə maliyyə pozuntusu faktı üzə çıxıb.

"Gürcüstan ssenarisi" təhlükəsi

Ekspertlər xəbərdarlıq edir ki, əgər rusiyayönümlü qüvvələr çoxluq əldə etsə, onlar zahirdə avropayönümlü ritorika ilə çıxış etsələr də, əməldə Avropa İttifaqına inteqrasiyanı bloklayacaqlar. Bu, ölkəni Gürcüstanın yoluna sala və illərlə Avropa perspektivini dondura bilər. Baş nazir Dorin Reçan da xəbərdarlıq edib ki, Moskvanın hədəfi yalnız parlament deyil, həm də Dnestryanıda yeni hərbi qüvvələrin yerləşdirilməsidir. Bu halda Ukraynanın Odessa bölgəsi üçün də real təhlükə yaranacaq.

Qərarı kim verəcək?

Moldovada seçki baryeri partiyalar üçün 5 faiz, bloklar üçün 7 faiz, müstəqil namizədlər üçün isə 2 faizdir. Nəticədə parlamentdə hansı qüvvələrin təmsil olunacağı çox vaxt məhz baryeri keçə bilməyənlərin səsi hesabına müəyyənləşir.

Ekspertlər bildirir ki, PAS cəmi 40 faiz səs toplayaraq da çoxluq əldə edə bilər, amma əks variant da mümkündür: hətta 48 faizlə azlıqda qalmaq. Odur ki, ölkənin taleyi, Aİ yolunda qalmaq və ya Rusiyanın orbitinə qayıtmaq məsələsi, əslində, kiçik partiyaların topladığı səslərdən asılı olacaq.

Moldova seçkiləri yalnız daxili siyasi mübarizə deyil, həm də Avropa ilə Rusiya arasında geosiyasi qarşıdurmanın parlaq əksidir. Bu səbəbdən sentyabrın 28-də verilən qərar təkcə Kişinyovun deyil, həm də bütün regionun gələcəyini müəyyən edəcək.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər