Bizi sosial şəbəkələrdən izləyin:
Altı ay əvvəl Ukrayna prezidenti Volodimir Zelenskini sərt tənqid edən Donald Trampın dünənki çıxışı beynəlxalq gündəmdə rezonans doğurdu. Tramp Zelenskini “cəsarətli” adlandırmaqla yanaşı, Rusiyanı “kağız pələng” kimi dəyərləndirdi və NATO-ya Rusiya qırıcılarını vurmağa icazə verdiyini bəyan etdi.
Trampın mövqeyini dəyişdirən səbəb nə oldu? Ağ ev rəhbəri Rusiyadan imtina etməsi savaş mesajıdır?
Ağ ev rəhbərinin açıqlamasının ardından Rusiyaya artan dron hücumları müharibədə yeni mərhələnin başlanğıcından xəbər verir?
Moderator.az-a danışan politoloq Samir Hümbətov deyiv ki, ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski arasında keçirilən görüşdə verilən mesajlardan belə nəticə hasil olur ki, Alyaska görüşünə qədər Trampda müəyyən ümid var idi. Onun sözlərinə görə, Ağ ev rəhbəri inanırdı ki, həmin vaxta qədər Putini bir formada razı salmaq və Rusiyanı Ukrayna müharibəsini dayandırmağa nail etmək mümkün olacaq:
“Lakin Alyaska görüşündən sonra Rusiyanın verdiyi açıqlamalar və tutduğu mövqe göstərdi ki, Moskva Trampın düşündüyü qədər sülh istəmir və əksinə, daha böyük ambisiyalara sahibdir. Son dövrdə Rusiyanın Şərqi Avropada – NATO-ya daxil olan ölkələrin ərazilərində kəşfiyyat işləri aparması ABŞ-ın diqqətindən yayınmadı. Trampa izah olundu ki, bu cür davam edəcəyi təqdirdə Rusiya NATO-nun nüfuzunu sarsıdacaq və bunun qarşısının alınması üçün tədbirlər görülməlidir.
Eyni zamanda Tramp görür ki, Ukrayna əldə edilmiş razılaşmalara sadiq qalır, amma Rusiya buna əməl etmir. Ona görə də Zelenski ilə görüşdə Trampın verdiyi mesajlardan hiss olunurdu ki, artıq o, Rusiyadan ümidini üzməyə başlayıb. Tramp həm də anlayır ki, Rusiyanın real potensial imkanları məhduddur və belə olan halda onun müharibədə qalib gəlmək şansı da azdır.
Məhz buna görə Tramp daha açıq mesajlar verməyə başlayıb. Bu görüşdə də onun sözləri Rusiyanın nüfuzunun zəiflədiyini göstərirdi. Trampın verdiyi bəyanatlar həm də Moskvanın daha genişmiqyaslı müharibəyə girişəcəyi təqdirdə ABŞ-ın birbaşa müdaxiləsini istisna etmədiyi mesajını daşıyırdı. Bu, əslində Rusiyaya xəbərdarlıq idi: “Səbrimi zorlamayın, məni açıq dəstəyə keçməyə məcbur etməyin”.
Mehin Mehmanqızı