Dünya
219
17:39, Bu gün

"Trampın Ukrayna mövqeyində dönüş: Avropa ilə yeni oyun qaydaları" - "The Telegraph"

"Zelenski, fon der Lyayen və enerji embarqosu - ABŞ prezidentinin siyasətini dəyişən üç amil..."

ABŞ prezidenti Donald Trampın Ukrayna ilə bağlı son bəyanatları Qərbdə həm ümid, həm də şübhə doğurub.

Moderator.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazıb.

Bir neçə ay əvvəl Kiyevi təzyiq altında saxlayan Tramp indi Ukrayna ordusunun qəhrəmanlığını yüksək qiymətləndirir, Rusiya iqtisadiyyatını "sərbəst enişdə" adlandırır və Avropanı əsas tərəfdaş kimi önə çıxarır. Bu dönüş birdən-birə baş verməyib - həm Ukraynanın hərbi uğurları, həm Avropa liderlərinin diplomatik fəallığı, həm də enerji bazarındakı dəyişikliklər təsir göstərib. 

Ukraynanın uğurları və Trampın fikrində dəyişiklik

"The Telegraph" yazır ki, Ukrayna ordusunun Rusiya təcavüzünə qarşı son uğurları, xüsusilə də 16 neftayırma zavoduna zərbə endirilməsi və rus ordusunda müşahidə olunan kütləvi fərarilik Trampın diqqətini çəkib. O, Ukraynanı "işğalçılara sinə gərən güc" kimi dəyərləndirib. Bu, onun xarici siyasətində indiyədək görünməmiş dönüş kimi qiymətləndirilir. Ukraynanın daxildə dron və raket istehsalını artırması, Qərbin silah yardımı azalsa belə, müqavimət qabiliyyətini gücləndirməsi də Trampın diqqətini çəkib. Jurnalistlər yazır ki, "Flamingo" tipli yerli qanadlı raket və minlərlə pilotsuz aparat Kiyevin oyun qaydalarını dəyişdiyini göstərir.

Fon der Lyayenin rolu və Trampın yeni dialoqu

"Politico" nəşri isə dönüşün ikinci səbəbini açıqlayır, söhbət Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenlə Tramp arasında yaranan birbaşa əlaqədən gedir. Rusiyanın avqust ayında Avropa İttifaqının Kiyevdəki nümayəndəliyini dronla vurmasından sonra fon der Lyayen Trampa şəxsən zəng edib və "Putinin verdiyi sözə əməl etmədiyinin sübutu"nu göstərib. Həmin vaxtdan iki lider arasında müntəzəm dialoq başlayıb. Tramp onu "fantastik" və "təəccüblü" adlandırır, Avropa diplomatları isə bu münasibətlərin Trampın Putinə münasibətini zəiflədiyini düşünür.

Avropanın narahatlığı: məsuliyyət kimdə olacaq?

"Financial Times" nəşri yazır ki, Trampın yeni ritorikası Avropada ikili hisslər doğurur. Bir tərəfdən, onun "Ukrayna bütün torpaqlarını geri ala bilər" bəyanatı ümidlə qarşılanıb. Digər tərəfdən, Avropa rəsmiləri hesab edir ki, ABŞ prezidenti məqsədli şəkildə məsuliyyəti Avropa İttifaqının üzərinə qoyur. "Bu, günahı bölüşdürmə oyununun başlanğıcıdır", - bir Avropa rəsmisi bildirib. Digərləri isə əlavə edib ki, Tramp "çox yüksək plan qoyur", lakin özü bu müharibəni "Baydenin savaşı" olaraq görməyə çalışır.

NATO və sərt xəbərdarlıqlar

Tramp və fon der Lyayen yalnız iqtisadi sanksiyalarla kifayətlənməyib. Hər ikisi son günlərdə NATO ölkələrinin hava məkanına girən rus təyyarələrinin vurula biləcəyini açıq şəkildə dilə gətirib. Polşa XİN rəhbəri bu bəyanata "aydındır" cavabı verib, NATO hərbi rəhbərliyi isə Rusiya təxribatlarının məqsədli şəkildə Alyansın reaksiyasını yoxlamağa yönəldiyini düşünür.

Avropanın enerji müstəqilliyi və ABŞ dəstəyi

Brüsselin gündəliyində enerji də var. Fon der Lyayen Trampın iştirakı ilə keçirilən mətbuat konfransında bildirib ki, Avropa 2027-ci ilə qədər Rusiya nefti və qazını tamamilə tərk edəcək. Artıq yeni gömrük rüsumları müzakirə olunur, bir sıra limanlara Rusiya qazının girişinə qadağa qoyulub. Bu addım həm də Macarıstan və Slovakiyanı daha sürətli alternativ axtarmağa məcbur etməlidir.

Dəyişən münasibətlər, açıq suallar

Son həftələrin gedişatı göstərir ki, Trampın Ukrayna siyasətində dönüş baş verib. Bunun arxasında Ukraynanın uğurları, fon der Lyayenlə şəxsi dialoq və Avropanın enerji asılılığını azaltmaq planı dayanır. Lakin Avropada sual açıq qalır: bu, həqiqi dəstəkdirmi, yoxsa ABŞ prezidentinin məsuliyyəti üzərindən atmaq üçün yeni diplomatik oyunu? Trampın özü isə mesajı belədir: "Rusiyanın kağızdan pələngi Ukraynanın cəsarəti ilə müqayisə oluna bilməz". Amma Qərbdə hələ də soruşurlar - bu cəsarət kimin dəstəyi ilə qalib gələcək?..

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər