Dünya
345
24 Sep 2025 | 22:47

"Tramp və autizm: paracetamol qalmaqalı dünyanı qarışdırıb" - İsrail mətbuatı

"Avropa və İsrail həkimləri panikanı sakitləşdirməyə çalışır, EMA isə elmi əsas olmadığını bildirir..."

Sentyabrın 23-də Avropa Dərman Agentliyi (EMA) bəyan edib ki, hamiləlik dövründə paracetamol qəbulunun autizmə səbəb olduğuna dair heç bir elmi dəlil yoxdur. Bu bəyanat ABŞ prezidenti Donald Trampın əks mövqedə çıxış etməsindən bir neçə saat sonra yayımlanıb.

Moderator.az xəbər verir ki, bu barədə "vesty.co" nəşri yazıb.

Tramp səhiyyə naziri Robert F. Kennedi ilə birgə mətbuat konfransında paracetamolun, xüsusilə də "Taylenol"un autizmlə bağlı risklər yaratdığını iddia edib. EMA isə bildirib: "Parasetamol hamiləlikdə minimum dozada, ən qısa müddətdə və ən az tezlikdə qəbul edilə bilər". 

Qurum tövsiyələrdə heç bir dəyişiklik etməyib. Üstəlik, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da eyni gün vurğulayıb ki, paracetamol və autizm arasında elmi konsensus yoxdur. ÜST sözçüsü Tarik Yaşareviç əlavə edib: "Vaksinlər autizmə səbəb olmur, əksinə milyonlarla insanın həyatını xilas edir. Bu, müzakirəyə açıq mövzu deyil".

Trampın iddiaları və tənqidlər

Tramp çıxışında ABŞ Qida və Dərman Administrasiyasının (FDA) həkimlərini xəbərdar edəcəyini və Taylenol kimi dərmanların hamiləlikdə istifadəsinin "yüksək riskli" ola biləcəyini bildirib. "Qadınlara məsləhətim budur ki, tibbi zərurət yoxdursa, Taylenoldan imtina etsinlər", - o, deyib.

Bu açıqlama dərhal tibb ictimaiyyətinin etirazına səbəb olub. Bir çox assosiasiyalar Trampın sözlərini məsuliyyətsiz adlandıraraq qeyd edib ki, on illərlə aparılan araşdırmalar bu dərmanın təhlükəsizliyini sübut edib.

Tramp daha da irəli gedərək iddia edib: "2000-ci ildən bəri autizmin yayılması 400 faiz artıb. Mən bilmirəm, amma deyirlər ki, Kubada Taylenol yoxdur, ona görə də orada autizm də demək olar ki, yoxdur".

Həkimlərin cavabı

Amerikanın Mama-ginekoloqlar Kollecinin prezidenti, doktor Stiven Fleyşman bildirib ki, belə bəyanatlar hamilələri qorxuya salır: "Qadınlar özlərini günahlandırmamalıdır. Əslində, yüksək hərarət hamiləlikdə paracetamol qəbulundan daha təhlükəli ola bilər".

Autizm haqqında bildiklərimiz

- Autizm xəstəlik deyil. Bu, inkişaf pozuntusudur və hər bir insanda fərqli təzahür edir.

- Artımın səbəbləri. Son onilliklərdə diaqnostika meyarları dəyişib, testlər təkmilləşib, valideynlər uşaqları daha tez-tez müayinə etdirirlər. Bu da rəqəmlərin artmasına səbəb olub.

- Elm nə deyir? Autizm əsasən genetik amillərlə bağlıdır. Yüzlərlə gen aşkarlanıb ki, onların mutasiyası inkişaf prosesinə təsir edə bilər. Atanın yaşı, erkən doğum, ananın xəstəlikləri də risk amilləridir.

- Paracetamolun rolu. Bir sıra tədqiqatlarda riskdən bəhs edilsə də, çoxsaylı elmi işlər heç bir əlaqə aşkar etməyib. Autizm diaqnozlarının artımı ilə paracetamol istifadəsi arasında paralellik də yoxdur.

- Qızdırmanın özü. Hamiləlikdə yüksək hərarət daha ciddi risklər yaradır: vaxtından əvvəl doğuş, düşüklər və s.

Yeni müalicə yanaşmaları

FDA hazırda folinat kalsiumun (folin turşusu, Leucovorin) bəzi autizm hallarında müalicə vasitəsi kimi təsdiqlənməsi üzərində işləyir. Bu vitamin beynin bəzi funksiyalarını dəstəkləyə bilər. Həkimlər uzun müddətdir ki, qadınlara hamiləlikdən öncə və hamiləlik zamanı fol turşusu qəbul etməyi məsləhət görürlər, çünki bu, dölün inkişaf qüsurlarının qarşısını alır.

Ekspertlər deyir: ən doğru yol panikaya qapılmadan həkimlə məsləhətləşməkdir. Çünki nə autizmin səbəbi tam bilinib, nə də paracetamol barədə vahid elmi qərar var. Amma aydındır ki, məsuliyyətsiz bəyanatlar minlərlə hamilə qadını əsassız qorxuya salır.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər