"Bu səfər yalnız ərzaq və tibbi yardım aparmaq deyil, həm də Qəzzanın nəfəs almaq haqqını müdafiə etmək missiyasıdır..."
Qəzzaya dəstək üçün yola çıxan beynəlxalq flotiliya İsrailin blokadasını yarmağa çalışarkən psixoloji təzyiq, dron hücumları və böhtan kampaniyası ilə qarşılaşıb.
Moderator.az xəbər verir ki, bu barədə "Anadolu Ajansı" agentliyi məlumat yayıb.
24 sentyabr gecəsi "Qlobal Sümud flotiliyası"nın iştirakçıları açıq dənizdə təzyiqlərə məruz qaldıqlarını bildirib. Onların sözlərinə görə, İsrailə aid olduğu güman edilən dronlar gəmilərin üzərindən alçaqdan uçub, yaxınlıqda partlayış səsləri eşidilib. Bundan əlavə, flotiliyanın daxili rabitə sistemi ələ keçirilib və dinamiklərdən isveç qrupu "ABBA"-nın mahnıları səsləndirilib. Bu, iştirakçılar tərəfindən açıq şəkildə "psixoloji müharibə" adlandırılıb.
Yardım missiyası və İsrailin maneələri
Hazırda flotiliya 45 gəmidən ibarətdir və yaxın günlərdə onlara daha altı gəmi qoşulacaq. Gəmilərdə 44 ölkədən gələn fəallar və humanitar yardım yükləri var. Məqsəd - Qəzzaya ərzaq və tibbi ləvazimat çatdırmaq, bölgəyə həmrəylik nümayiş etdirməkdir.
Lakin İsrail tərəfi flotiliyanı "HƏMAS-ın dəniz aksiyası" kimi təqdim edərək onları gözdən salmağa çalışır. Rəsmi Tel-Əviv "yardımı qəbul etmək üçün Aşkelon limanına gəlmələrini" təklif etsə də, təşkilatçılar bu variantı rədd edib, blokadanı dənizdən yarmağa qərarlı olduqlarını bildirib. Onların fikrincə, İsrailin və Misirin tətbiq etdiyi blokada beynəlxalq hüquqa ziddir və qeyri-insani nəticələr doğurur.
İsrailin böhtan kampaniyası
Flotiliya rəhbərləri bildirir ki, İsrailin dövlət qurumları onların şəxsi məlumatlarını açıqlayaraq "koordinasiyalı böhtan kampaniyası" aparır. İsrail isə əksinə, təşkilatçıları "radikal islamçılar" və "terrorla əlaqəsi olan şəxslər" kimi qələmə verir.
Tarixi kontekst və mövcud mübahisə
İsrail Qəzzaya dəniz blokadasını 2009-cu ildə "Tökülmüş qurğuşun" əməliyyatı zamanı tətbiq edib. O vaxtdan bəri bu blokada mübahisəli mövzu olaraq qalır. Flotiliya təşkilatçıları bildirir ki, məqsəd İsrailin qanunsuz blokadasını sındırmaq və beynəlxalq ictimaiyyətin diqqətini Qəzzadakı humanitar böhrana yönəltməkdir.
Qərb ölkələrinin əksəriyyəti blokadanı "hərbi mübarizənin qanuni vasitəsi" kimi tanısa da, tənqidçilər bunu Qəzzada yaşayan milyonlarla insanın acınacaqlı vəziyyətinə görə İsrailin məsuliyyətindən yayınmaq cəhdi hesab edirlər.
"Alma" və digər gəmilərdə olan fəallar təzyiqlərə baxmayaraq yollarına davam etdiklərini bildirib. Onların sözlərinə görə, bu səfər yalnız ərzaq və tibbi yardım aparmaq deyil, həm də "Qəzzanın nəfəs almaq haqqını müdafiə etmək" missiyasıdır. Flotiliyanın yaxın bir-iki həftə ərzində Qəzza sahillərinə çatacağı gözlənilir.