"Kiyev Avropanın dəstəyi ilə nəinki Moskva üzərində qələbə qazana bilər, həm də işğal altındakı bütün ərazilərini geri qaytara bilər..."
ABŞ prezidentinin qəfil bəyanatı Avropada həm ümid, həm də şübhə doğurub. Kiyev bütün torpaqlarını geri qaytara bilər, amma Vaşinqtonun real öhdəlikləri hələ də qeyri-müəyyəndir.
Moderator.az xəbər verir ki, bu barədə Qərbin aparıcı KİV-ləri yazıb.
ABŞ prezidenti Donald Trampın BMT Baş Assambleyası çərçivəsində Ukrayna ilə bağlı səsləndirdiyi qəfil bəyanat dünya mediasının əsas müzakirə mövzusuna çevrilib. O, gözlənilmədən bildirib ki, Kiyev Avropanın dəstəyi ilə nəinki Rusiya üzərində qələbə qazana bilər, həm də işğal altındakı bütün ərazilərini geri qaytara bilər. Bu sözlər həm Avropada, həm də Ukraynada təəccüblə qarşılanıb, amma hər kəs eyni nəticəyə gəlmir.
Avropada qarışıq reaksiyalar
"Politico" nəşri yazır ki, Avropa rəsmiləri və diplomatları ilk anlarda sevinclə reaksiya versələr də, dərhal skeptisizm ortaya çıxıb. Çünki Trampın tez-tez mövqeyini dəyişməsi hamıya məlumdur: bu gün Kiyevi müdafiə edən lider, sabah bir telefon danışığından sonra tam fərqli mövqe tuta bilər.
Baltik ölkələri və Polşa kimi dövlətlər bəyanatı alqışlasa da, Qərbi Avropada bunun sadəcə Moskvanı təhrik etməyə hesablanmış addım ola biləcəyi düşünülür. Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas Trampın sözlərini "çox mühüm və pozitiv siqnal" adlandırıb. Amma Avropa paytaxtlarında əsas sual dəyişməz qalır: bu, real siyasət dəyişikliyidir, yoxsa yalnız ritorika?
"Məsuliyyətdən yayınma cəhdi"
"The New York Times" nəşri xəbərdarlıq edir ki, Trampın qəfil dönüşü əslində onun məsuliyyətdən yayınma istəyi ola bilər. Qəzet yazır ki, prezident aylarla bir mövqedən digərinə keçib: bir gün Zelenskini tənqid edib, digər gün Putinə kompliment yağdırıb. İndi isə "hər iki ölkəyə uğurlar arzulayıram" sözləri ilə məsələni Avropa və NATO-nun üzərinə atmağa çalışır. ABŞ administrasiyasının bəzi nümayəndələri də etiraf edirlər ki, prezidentin bəyanatını dərhal Dövlət katibi Marko Rubio təkzib edib: münaqişənin yalnız danışıqlar masasında bitə biləcəyini deyib.
"Trampın mövqeyinin dəyişməsində dörd amil"
"Sky News" nəşri Trampın mövqeyindəki dəyişimi dörd səbəblə izah edir:
- Hərbi-iqtisadi reallıqlar - Rusiyanın ağır itkiləri və iqtisadi çətinlikləri.
- Ukraynanın dözümlülüyü - Kiyevin mübarizəsi əvvəl qeyri-mümkün görünən məqsədi mümkün edib.
- Avropanın təzyiqi - Avropa liderləri Vaşinqtona səfərlərlə Trampı Putinə güzəştə getməməyə inandırmağa çalışıb
- Daxili siyasət - ABŞ-da həm respublikaçılar, həm də demokratlar Trampı "Rusiyaya qarşı yumşaq" davranmaqda ittiham edirlər. Daha sərt mövqe onun siyasi dayaqlarını gücləndirə bilər.
"Dəstəkdən çox məsafə saxlama"
"The Telegraph" nəşri isə daha tənqidi yanaşır. Britaniya nəşrinə görə, Trampın bəyanatı ilk baxışda Ukraynaya böyük dəstək kimi görünsə də, əslində ABŞ-ın məsuliyyətdən çəkilməsi deməkdir. "Biz silah verəcəyik, NATO isə ondan necə istəyirsə istifadə edəcək" - Trampın bu cümləsi Vaşinqtonun liderliyi Avropaya ötürdüyünü göstərir. Yəni söhbət yeni yardım və ya Moskvanı daha sərt cəzalandırmaqdan getmir, əksinə, Tramp münaqişəni başqalarının boynuna qoyur.
Qəti dönüş, yoxsa növbəti manevr?
Trampın BMT-dəki çıxışı və sonrakı sosial şəbəkə postları dünya ictimaiyyətini çaşdırıb. Avropa üçün bu, həm ümid, həm də narahatlıq mənbəyidir: ABŞ həqiqətənmi Ukraynanı sonadək dəstəkləyəcək, yoxsa bu, yalnız siyasi manevrdir?
Bir tərəfdən Tramp ilk dəfə açıq şəkildə Kiyevin qələbə şansını vurğulayıb. Digər tərəfdən isə onun qeyri-müəyyən ritorikası və tez-tez dəyişən mövqeyi göstərir ki, Vaşinqtonun real strategiyası hələ də qaranlıqdır. Bu isə həm Avropada, həm də Kiyevdə əsas sualı açıq saxlayır: ABŞ Ukraynanın yanında qalacaqmı, yoxsa sadəcə məsuliyyəti bölüşdürəcək?..