Dünya
337
16:10, Bu gün

"İnsan hüquqları dünyanın bəzəyi deyil, onun təməlidir" - BMT baş katibi

"BMT mükəmməllik arzusu kimi deyil, insanlığın yaşaması üçün strategiya kimi dünyaya gəlib..."

Quterriş dünya liderlərini sülh, ədalət və insan ləyaqətini qorumağa çağırıb.

BMT Baş Assambleyasının iclas zalında çıxış edən Baş katib Antoniu Quterreş dünya liderlərini həlledici seçim qarşısında olduqlarını xatırladıb: insanlıq ya qanunun, ədalətin və həmrəyliyin dünyasını quracaq, ya da zorun və biganəliyin hökm sürdüyü xaosa sürüklənəcək.

Moderator.az xəbər verir ki, bu barədə "news.un.org" nəşri yazıb.

"Cəzasızlıq xaosun anasıdır"

O, BMT-nin yaranmasının 80 illiyini yada salaraq bildirib: "Bu qurum mükəmməllik arzusu kimi deyil, insanlığın yaşaması üçün strategiya kimi dünyaya gəlib". Quterreş müasir dövrü "məntiqsiz sarsıntılar və sonsuz əzablar əsri" adlandıraraq qeyd edib ki, sülhün dayaqları cəzasızlıq, bərabərsizlik və laqeydliyin ağırlığı altında çat verir. Baş katib beş "kritik istiqamət"i ön plana çəkib:

- Beynəlxalq hüquqa əsaslanan sülhün qurulması;

- İnsan hüquqlarının qorunması;

- İqlim ədaləti;

- Texnologiyaların insanlığa xidmət etməsi;

- BMT-nin islahatı və çoxtərəfliliyin möhkəmlənməsi.

"Cəzasızlıq xaosun anasıdır" deyən Quterriş  Sudan, Ukrayna və Qəzzadakı müharibələri xatırladaraq vurğulayıb ki, Yaxın Şərqdə davamlı sülhün yeganə yolu iki dövlətli həll modelidir. O, təcili atəşkəsə, girovların dərhal azad edilməsinə və humanitar yardımın maneəsiz çatdırılmasına çağırıb. Bununla yanaşı, ötən ilin bəzi ümidverici nümunələrini də - Kamboca və Tailand arasında atəşkəs, ABŞ vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında əldə olunmuş razılaşmanı da qeyd edib.

"İnsan hüquqları dünyanın bəzəyi deyil, təməlidir"

Quterreş ikinci istiqamət olaraq insan ləyaqəti və hüquqlarının qorunmasını önə çəkib: "İnsan hüquqları dünyanın bəzəyi deyil, onun təməlidir". O, jurnalistlərin, hüquq müdafiəçilərinin, qaçqın və miqrantların müdafiəsini qlobal öhdəlik adlandırıb. Baş katib inkişafın maliyyələşdirilməsini "davamlı inkişaf məqsədlərinə gedən yolun yanacağı" kimi xarakterizə edib və dünya dövlətlərini bu sahədə məsuliyyət daşımağa çağırıb.

"Karbohidrogenlər uduzan mərcdir"

Üçüncü istiqamət - iqlim ədaləti. Quterriş xəbərdarlıq edib: "Karbohidrogen yanacağı uduzan mərcdir". O, vurğulayıb ki, ötən il yeni enerji gücünün əksəriyyəti bərpa olunan mənbələr hesabına yaradılıb, lakin yaşıl keçidə sərmayələr hələ də bərabər paylanmayıb. "1,5 dərəcəlik qlobal istiləşməni saxlamaq üçün pəncərə sürətlə bağlanır", - o,xatırladıb.

"Maşınlar insan həyatına qərar verməməlidir"

Dördüncü istiqamət kimi texnologiyaları qeyd edən Quterreş deyib: "Maşınlar kiminsə yaşamasına, kiminsə ölməsinə qərar verməməlidir". O, süni intellektin tənzimlənməsi üçün beynəlxalq mexanizmlərin yaradılmasının vacibliyini, o cümlədən Müstəqil Beynəlxalq Elmi Panelin və Qlobal İdarəçilik Dialoqunun təşəkkülünü vurğulayıb.

"Silaha yox, sülhə sərmayə qoyun"

Baş katib BMT-nin güclənməsi üçün islahatların və üzv dövlətlərin real dəstəyinin vacibliyini dilə gətirib: "Sülh quruculuğuna yatırılan hər 1 dollara qarşı silahlanmaya 750 dollar sərf edilir. Bu, yalnız uzaqgörənlikdən uzaq deyil, həm də əsassızdır", - o, deyib.

"Həqiqi güc xalqlardan gəlir"

Çıxışını şəxsi xatirələri ilə tamamlayan Quterriş Portuqaliyada diktatura illərində böyüdüyünü xatırladaraq deyib: "Mən seçkilərin demək olar ki, olmadığı bir dünyada böyüdüm... Həqiqi gücün insanlardan - bizim ləyaqətimizi qorumaq üçün birgə iradəmizdən gəldiyini anladım". Və o, dünyaya ümid mesajı göndərib: "Bu dünyada saysız-hesabsız qərarlar var, amma bir qərarı heç vaxt verməməliyik - bu, təslim olmaq qərarıdır. Biz heç vaxt təslim olmamalıyıq. Bu, sizə olan vədimdir".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər