"Avropa üçlüyü"nün (Böyük Britaniya, Almaniya və Fransa) və İranın xarici işlər nazirləri, eləcə də Avropa İttifaqının nümayəndəsi çərşənbə axşamı Nyu Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşəcək.
Moderator.az-ın məlumatına görə, bu barədə "Frans Press" agentliyi diplomatik mənbəyə istinadən məlumat yayıb.
Görüşün əsas mövzusu İranın nüvə proqramının inkişafı və BMT Təhlükəsizlik Şurasının (TŞ) Tehrana qarşı mümkün sanksiyaları olacaq. Agentliyin məlumatına görə, İranın xarici işlər naziri Abbas Əraqçiyə sanksiyaların geri qaytarılmaması üçün bazar gününə qədər vaxt verilib.
Xatırladaq ki, avqustun 28-də Böyük Britaniya, Almaniya və Fransa BMT TŞ-nin İrana qarşı sanksiyalarını bərpa etmək üçün "snapback" mexanizmini işə salıblar. Eyni zamanda, "Avroüçlük" ölkələri BMT TŞ-nin İrana qarşı sanksiyaların ləğvini nəzərdə tutan və oktyabrın 18-dək qüvvədə olan 2231 saylı qətnaməsinin müddətinin uzadılması üçün İranın nüvə proqramı ilə bağlı danışıqları 30 gün davam etdirməyə hazır olduqlarını bəyan ediblər.
Sentyabrın 19-da BMT TŞ İrana qarşı sanksiyaların bərpa olunmaması ilə bağlı qətnaməni rədd edib. Rusiya, Çin, Əlcəzair və Pakistan qətnamənin lehinə səs verib. Qurumun 9 üzvü, o cümlədən ABŞ, Böyük Britaniya və Fransa isə əleyhinə səs verib. İki üzv bitərəf qalıb.