Dünya
282
19:40, Bu gün

"NATO özünü müdafiə etməyə və Rusiyanı cilovlamağa qadirdir" - Mark Rütte

"Estoniyanın hava məkanının pozulması Alyansda yeni müzakirələrə səbəb olub..."

Sentyabrın 23-də Estoniyanın təşəbbüsü ilə NATO Şurası xüsusi iclas keçirib. Görüşdən sonra Alyansın baş katibi Mark Rütte açıq şəkildə bəyan edib ki, Rusiya tərəfindən davam edən təxribatların qarşısını almaq üçün NATO bütün imkanlardan istifadə etməyə hazırdır.

Moderator.az xəbər verir ki, bu barədə "24tv.ua" nəşri yazıb.

Rüttenin sözlərinə görə, NATO müdafiə ittifaqıdır, lakin "sadəlövh" deyil: "Biz özümüzü müdafiə etməyi və lazım gəldikdə qarşı tərəfi cilovlamağı bacarırıq. Əgər Rusiya bunu bilərəkdən edirsə,  bu, təxribatdır, əgər bilməyərəkdən edirsə,  bu, açıq-aşkar qeyri-peşəkarlıqdır", - o,  vurğulayıb. Baş katib əlavə edib ki, hazırda Avropada dünyanın ən böyük aviadaşıyıcısı - ABŞ-ın USS Gerald R. Ford gəmisi yerləşdirilib və Alyansın birgə silahlı qüvvələri bütün lazımi imkanlara malikdir.

Rusiya təyyarələri və real vaxt qərarları

Sentyabrın 19-da Rusiyanın üç qırıcısı Estoniyanın hava məkanına daxil olaraq 12 dəqiqə ərzində ölkə üzərində qalıb. Təyyarələr xəbərdarlıqlara reaksiya verməyib və yalnız NATO qırıcıları havaya qalxdıqdan sonra bölgəni tərk edib.

Rütte bildirib ki, Rusiya təyyarələrinin vurulması barədə qərar yalnız real vaxtda, kəşfiyyat məlumatlarına əsaslanaraq verilə bilər: "Hər bir qərar həmin dəqiqədə mövcud təhlükə dərəcəsinə görə - təyyarənin niyyətləri, silahlanması və Alyans qüvvələrinə, mülki şəxslərə və ya infrastrukturuna potensial riski nəzərə alınaraq qəbul olunur".

Siyasi şərhçi Georgi Çijov xatırladıb ki, NATO-ya bəzən bircə sərt addım kifayət edir. O, 2015-ci ildə Türkiyənin öz hava məkanını pozan Rusiyanın Su-24 təyyarəsini vurmasını nümunə göstərib: "O vaxtdan Moskva çox diqqətli oldu. İndi də belə bir addım bütün ciddiyyəti göstərə bilər".

Danimarka insidenti və regiondakı gərginlik

NATO baş katibi həmçinin Danimarkada pilotsuz uçuş aparatları ilə bağlı insidentə də toxundu. Sentyabrın 22-də Kopenhagendə yerli hava limanı dron təhlükəsinə görə müvəqqəti bağlanıb. Rütte bildirib ki, bu hadisənin Rusiya ilə əlaqəsi barədə danışmaq hələ tezdir və danimarkalı tərəfdaşlar baş verənləri qiymətləndirir.

Buna paralel olaraq, Polşa baş naziri Donald Tusk açıq şəkildə bəyan edib ki, Polşa hava məkanına daxil olan və təhlükə yaradan istənilən obyekti vuracaq. İsveçin müdafiə naziri Pol Yonsson isə oxşar mövqedən çıxış edərək qeyd edib ki, zərurət yaranarsa, Stokholm da güc tətbiq edəcək.

Moskvanın cavabı

Kreml isə bütün ittihamları rədd edib. Dmitri Peskov Rusiya təyyarələrinin Estoniya səmasını pozması barədə deyilənləri :boş və əsassız" adlandırıb. Beləliklə, Baltik regionunda hava məkanının toxunulmazlığı məsələsi NATO və Rusiya arasında yeni gərginlik nöqtəsinə çevrilib. Alyansın bəyanatları isə göstərir ki, bu dəfə Qərb tərəddüd etmədən sərt cavab verməyə hazırdır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər