Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) parasetamolun (asetaminofen) autizmin inkişafına təsiri ilə bağlı aparılan araşdırmaların hələlik inandırıcı sübutlar ortaya qoymadığını açıqlayıb.
Moderator.az gazeta.ru-ya istinadla xəbər verir ki, təşkilatın rəsmi nümayəndəsi Tariq Yaşareviç bu barədə Cenevrədə keçirilən brifinqdə danışıb.
Onun sözlərinə görə, bəzi müşahidə xarakterli tədqiqatlar hamiləlik dövründə parasetamol qəbulunun autizmlə bağlı ola biləcəyinə işarə etsə də, əldə olunan nəticələr ziddiyyətlidir:
"Bu cür asılılığın mövcudluğunu təsdiqləmək üçün bir neçə müstəqil araşdırmada eyni nəticələr alınmalıdır. Hazırkı məlumatların təkrarlanmaması səbəbindən parasetamol və autizm arasında səbəb-nəticə əlaqəsi barədə iddialara ehtiyatla yanaşmaq lazımdır".
Yaşareviç, həmçinin qeyd edib ki, hamilə qadınlar istənilən dərmanı qəbul edərkən, xüsusilə də hamiləliyin ilk trimestrində diqqətli olmalıdırlar.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp hamiləlik zamanı taylenol (əsas tərkib hissəsi parasetamol) preparatının istifadəsinin autizmlə mümkün əlaqəsinə görə təhlükəli ola biləcəyini bildirib. Onun sözlərinə görə, yaxın vaxtlarda ABŞ-də həkimlərə bu preparatı hamilə qadınlara təyin etməmək tövsiyə olunacaq.
Tramp əlavə edib ki, Qida və Dərman Nəzarəti İdarəsi (FDA) hamiləlik dövründə asetaminofenin qəbulunun uşaqlarda autizm riskini artıra biləcəyi barədə həkimləri məlumatlandıracaq. ABŞ prezidentinin sözlərinə görə, əgər 20 il əvvəl ölkədə autizm 10 min uşaqdan birində diaqnoz edilirdisə, hazırda bu göstərici hər 31-ci uşaqda qeydə alınır.