Dünya
415
16:20, Bu gün

"Putin nüvə düyməsinə yaxınlaşır: dünya fəlakətlə üz-üzədir" - The Telegraph"

"Ağlasığmaz nüvə savaşı artıq mümkün ssenaridir..."

Moskvanın son hərbi ssenariləri nüvə müharibəsi riskini ən yüksək həddə qaldırıb.

Moderator.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazıb.

Baltikdə təhlükəli eskalasiya

Sentyabrın 19-da Rusiyanın üç "MiQ-31" qırıcı təyyarəsi ( nüvə başlığı daşıya bilən "Kinjal" hipersəs raketlərinin daşıyıcıları) Estoniyanın hava məkanına daxil olub və orada 12 dəqiqəyə yaxın qalıb. Bu, NATO üçün açıq təxribat idi: Alyans təyyarələri havaya qalxıb, amma silahlı qarşıdurmaya girməyib. Bir müddət əvvəl Polşa və Rumıniya üzərində də Rusiya dronları müşahidə olunub.

Bu insidentlər bir-biri ilə əlaqəli görünür və Qərb paytaxtlarında "təhlükənin mərhələli şəkildə artırılması" kimi şərh olunur. Pentaqonun keçmiş kəşfiyyatçısı Rebekka Koffler nəşr üçün yazdığı  məqaləsində qeyd edir ki, Kreml belə addımlarla NATO-nun reaksiyasını ölçür və ictimai rəyi asta-asta şok vəziyyətindən çıxarmağa çalışır. Onun sözlərinə görə, məqsəd Avropa cəmiyyətini Rusiyanın hərbi təxribatlarına öyrəşdirmək və psixoloji üstünlük əldə etməkdir.

"Qırmızı düymə" ssenarisi

Bir neçə gün öncə Rusiyanın "Qərb-2025" təlimlərinin kulminasiya mərhələsində taktiki nüvə zərbəsinin simulyasiyası keçirilib. Vladimir Putin hərbi formada şəxsən təlimlərə rəhbərlik edib, bu isə Qərb üçün güclü siqnal olub: nüvə ssenarisi artıq Kremlin nəzərində sıradan bir "hipotetik oyun" deyil, siyasi alətdir.

Koffler bildirir ki, sovet ənənəsindən gələn bu məşqlər Kreml üçün dərin psixoloji məna daşıyır. O, 1972-ci ildə Baş katib Leonid Brejnevin təlimlər zamanı tərəddüdünü yada salır: Brejnev dəfələrlə müdafiə nazirindən soruşmuşdu - "Bu, doğrudanmı sadəcə məşqdir?". Bu nümunə göstərir ki, Moskva rəhbərliyi nüvə düyməsinin basılmasını təkcə texniki əməliyyat kimi deyil, həm də siyasi iradənin sınağı kimi görür

"Ağlasığmaz nüvə savaşı artıq mümkün ssenaridir"

"Bir çoxları düşünür ki, nüvə müharibəsi bu gün mümkün deyil. Amma mən deyirəm ki, bu, artıq realdır. Təhlükə ən yüksək həddə çatıb", - Koffler vurğulayır. Onun sözlərinə görə, nə NATO, nə də Rusiya açıq müharibə istəmir. Lakin Ukraynada davam edən müharibə fonunda "hesablanmamış addım" və ya "kiçik insident" böyük müharibəni qığılcımlaya bilər. Bu, 1962-ci ilin Karib böhranını yada salır, o vaxt da tərəflər nüvə düyməsinə bir neçə addımlıq məsafədə dayanmışdılar.

Psixoloji təzyiq və real istifadə riski

Koffler qeyd edir ki, Qərbdə çoxları nüvə silahını Kreml üçün sadəcə "hədə-qorxu vasitəsi" hesab edir. Halbuki Moskva onu faktiki döyüş aləti kimi planlaşdırır. Ukrayna qüvvələrinin son aylarda Rusiyanın strateji obyektlərinə, hətta nüvə triadasının elementlərinə hücumlar etməsi Kreml rəhbərliyində "müdafiə üçün taktiki nüvəyə əl atmaq" düşüncəsini daha da gücləndirib. ABŞ və Avropa siyasətçilərinin tez-tez səsləndirdiyi "rejim dəyişikliyi" çağırışları isə bu psixozu daha da dərinləşdirir.

Lukaşenkonun xəbərdarlığı

Belarus hakimi Aleksandr Lukaşenko da bu mövzuya qoşularaq bildirdi ki, əgər Qərb kompromisə getməsə, Moskvanın məğlubiyyəti "hamı üçün həddən artıq baha başa gələcək". Onun sözlərinə görə, danışıqlar başlasa və kompromis əldə olunsa, Rusiya müharibəni dayandırmağa hazırdır. Amma Lukaşenko da etiraf edir ki, Putinin geri çəkilməsini gözləmək sadəlövhlük olardı.

Təhlükəli yolayrıcı

Putinin nüvə təlimlərində şəxsən iştirak etməsi, Estoniya səmasında qırıcıların nümayişkaranə uçuşu və ardıcıl təxribatlar göstərir ki, Kreml Qərbi "həddini bilməyə" məcbur etmək üçün riskli oyuna başlayıb. Rebekka Kofflerin xəbərdarlığı isə çox aydındır: "Düşünülməsi belə mümkün olmayan ssenari artıq yalnız nəzəriyyə deyil. Dünya hər an nüvə düyməsinin basılacağı təhlükəsi ilə üz-üzədir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər