"Qətər vasitəçiləri üzərindən göndərilən plan girovların mərhələli azad olunmasını nəzərdə tutur, İsrail isə qəti etiraz edir..."
HƏMAS-ın siyasi rəhbərliyi yaxın günlərdə ABŞ prezidenti Donald Trampa yeni təklif çatdıracaq. Təşkilat 60 günlük atəşkəs müqabilində girovların 50 faizini azad etməyə hazır olduğunu bildirir.
Moderator.az xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.
Hazırda HƏMAS-ın mesajı Qətər vasitəçilərinin əlindədir. Vaşinqton isə bunu danışıqların bərpa olunmasına şans yaradan müsbət addım kimi qiymətləndirir. Qeyd edək ki, danışıqlar İsrailin Dohaya aviazərbəsindən sonra dayandırılıb.
İsrailin mövqeyi: yalnız ümumi razılaşma
Son aylar ərzində İsrail rəhbərliyi yalnız bütün girovların eyni vaxtda azad olunacağı hərtərəfli razılaşmanı qəbul edəcəyini açıq şəkildə bildirir. Qüds mərhələli azadlığa əsaslanan hər hansı sazişə dəfələrlə qəti şəkildə qarşı çıxıb.
HƏMAS-ın indiki təklifi əslində Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Vitkoffun altı ay əvvəl irəli sürdüyü plana bənzəyir. Həmin plan da mərhələli girov azadlığını nəzərdə tutun və İsrail ilkin mərhələdə ona razılıq verib. Lakin "Fox News"-un məlumatında HƏMAS-ın əvəzində İsrail həbsxanalarından nə qədər məhbusun azad olunmasını tələb etdiyi açıqlanmayıb.
Rəsmi israilli mənbələrin bildirdiyinə görə, hazırda HƏMAS-ın əlində 20 nəfər girov sağ vəziyyətdədir, daha ikisinin taleyi məlum deyil, 26 nəfər isə ölü elan olunub. ABŞ prezidenti Donald Tramp isə sentyabrın 20-də fərqli rəqəmlər səsləndirib. Onun sözlərinə görə, ölənlərin sayı 32-38 arasında ola bilər. İsraildə dəfələrlə ailələrə izah edilib ki, Trampın bəzi açıqlamaları səhv və ya dəqiq deyil, girovların statusunda dəyişiklik yoxdur.
Qəzzada döyüşlər davam edir
Sentyabrın 22-də İsrail ordusunun məlumatına görə, "Givati" briqadasının "Şaked" taborunun zabiti yaxın döyüşdə ağır yaralanıb, lakin onun bölməsi terrorçuları aşkar edib məhv edə bilib. Elə həmin gün Qəzza ərazisindən Nahal-Oz kibutsuna atılan raket də havada zərərsizləşdirilib. Bundan əvvəl məlum olub ki, ordunun zərbələri nəticəsində sentyabrın 21-də Aşdod və Lahiş istiqamətində HƏMAS-a məxsus raket buraxılan hərbi obyekt vurulub.
Son sutkada 162-ci diviziya 15-ə yaxın HƏMAS döyüşçüsünü zərərsizləşdirib və onların istifadə etdiyi hərbi infrastrukturu məhv edib. Eyni zamanda, 98-ci diviziya Qəzza şəhəri ərazisində, 143-cü diviziya isə Xan-Yunis bölgəsində əməliyyatları davam etdirir. Yeni təklifin Tramp tərəfindən qəbul olunub-olunmayacağı hələlik bəlli deyil. Amma hər iki tərəfin mövqeyi göstərir ki, girov məsələsi hələ də Yaxın Şərq böhranının ən mürəkkəb düyünlərindən biri olaraq qalır.