Özbəkistanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları insan orqanları və toxumalarının ticarəti ilə məşğul olmaqda şübhəli bilinən mütəşəkkil cinayətkar qrupun fəaliyyətinin qarşısını alıblar.
Moderator.az bildirir ki, bu barədə Özbəkistan DTX və DİN-in birgə yaydığı məlumatda deyilir.
Məlumata görə, cinayətkar qrupun tərkibinə 12 nəfər daxil olub. Onlar sosial şəbəkələr vasitəsilə böyrək və qaraciyər xəstəliklərindən əziyyət çəkən xəstələri tapıblar və sağlam vətəndaşları böyük mükafat qarşılığında orqanlarını satmağa inandırıblar.
Bildirilir ki, şübhəlilər xaricdəki əlaqələri vasitəsilə şəxsiyyət vəsiqələrini saxtalaşdırıblar və donorları xəstələrin qohumları kimi təqdim ediblər.
İstintaqa əsasən, qrup 2023-cü ildən 2025-ci ilə qədər 32 xəstəyə böyrək və qaracıyər toxuması köçürülməsini təşkil edib. Xəstələrdən alınan vəsaitin bir hissəsi klinikalara və donorlara ödənişlərə yönləndirilib, qalanını isə iştirakçılar öz aralarında bölüşdürüblər.
Qeyd edilir ki, istintaq başa çatıb və iş məhkəməyə göndərilib.