Dünya
232
20:55, Bu gün

"Cənubi Koreya ABŞ-la Şimali Koreyanın nüvə razılaşmasına hazırdır" - BBC

"Seul Pxenyanın nüvə silahı istehsalını dondurmasına razılıq verə bilər..."

Cənubi Koreya prezidenti Li Çje Myon bəyan edib ki, Seul ABŞ prezidenti Donald Tramp ilə Şimali Koreya lideri Kim Çen In arasında mümkün razılaşmanı qəbul etməyə hazırdır.

Moderator.az xəbər verir ki, bu barədə o, "bbc.com" nəşrinə müsahibəsində bəyan edib.

Qeyd olunur ki, söhbət Pxenyanın nüvə silahı istehsalını tamamilə dayandırmaqdan deyil, sadəcə dondurmaqdan gedir. Prezidentin sözlərinə görə, Şimali Koreya hər il əlavə 15-20 vahid nüvə silahı istehsal edir. Buna görə də, dondurma "müvəqqəti fövqəladə tədbir" kimi tam nüvəsizləşdirməyə nisbətən daha real alternativ ola bilər.

Pxenyanın mövqeyi və ABŞ-la münasibətlər

Şimali Koreya 2022-ci ildə özünü rəsmi nüvə dövləti elan edib. Nüvəsizləşdirmə istiqamətindəki bütün cəhdlər isə uğursuz olub və 2019-cu ildən Pxenyan danışıqlardan imtina edir.

Bununla belə, ötən həftə Kim Çen In bəyan edib ki, ABŞ nüvəsizləşdirmə tələbini kənara qoysa, Pxenyan Vaşinqtonla dialoqa hazırdır: "Əgər ABŞ boş nüvəsizləşdirmə israrından əl çəksə və bizimlə sülh şəraitində birgə yaşamağı qəbul etsə, danışıqlardan imtina etməyə heç bir səbəbimiz olmayacaq".

Kim həmçinin Tramp haqqında "şəxsi olaraq yaxşı xatirələr saxladığını" bildirib. O, ABŞ lideri ilə sonuncu dəfə 2019-cu ildə görüşüb. Bununla yanaşı, Kim Cənubi Koreya ilə heç vaxt danışıqlara oturmayacağını və Pxenyanın Cənubla birləşməyə çalışmadığını vurğulayıb.

Cənubi Koreyada yeni siyasi kurs

Li Çje Myon iyun ayında prezident vəzifəsinə başlayıb. O, sələfi Yun Sok Yolun sərt siyasətindən fərqli olaraq, gərginliyi azaltmağa çalışır. Yun keçən il hərbi vəziyyət elan etməyə cəhd etdiyinə görə impiçmentlə vəzifədən kənarlaşdırılıb. Li ümid edir ki, Tramp ilə Kim arasında etimad əsasında yeni danışıqlar bərpa oluna bilər. Onun fikrincə, bu, yalnız Koreya yarımadası üçün deyil, həm də qlobal sülh və təhlükəsizlik üçün faydalı olar.

Çin, Rusiya və Pxenyanın yaxınlaşması

Sentyabrda Pekində keçirilən hərbi paradda Si Tszinpin Kim Çen In və Vladimir Putini qəbul etdi. Lakin bu dəfə Çin açıq şəkildə nə KXDR-in nüvə proqramına, nə də Koreya yarımadasının nüvəsizləşdirilməsinə toxunub. Li Çje Myon bu üçtərəfli yaxınlaşmanı Seul üçün "çox çətin vəziyyət" adlandırıb: "Çin, Rusiya və Şimali Koreyanın belə sıx əməkdaşlığı bizim üçün arzuolunan deyil. Böyük ehtimalla biz ABŞ və Yaponiya ilə daha sıx əməkdaşlığı davam etdirəcəyik".

Balans siyasəti və beynəlxalq mövqelər

Cənubi Koreya ənənəvi olaraq ABŞ-la hərbi müttəfiqlik və Çinlə iqtisadi asılılıq arasında balans saxlayıb. Amma indi bu balansı qorumaq daha da çətinləşib. Li açıq şəkildə ABŞ-ın yeni dünya nizamındakı rolunu dəstəkləyəcəyini bəyan etsə də, düşmənçilikdən qaçmağa çalışır.

Bir vaxtlar sərt sol mövqeləri ilə tanınan Li indi özünü mərkəzçi kimi təqdim edir və Cənubi Koreyanın dəyişən dünyadakı yerini ehtiyatla müəyyənləşdirməyə çalışır: "Dünya iki düşərgəyə bölünür, biz isə onların sərhədində dayanmışıq. Vəziyyət getdikcə mürəkkəbləşir, amma bu düşərgələr qapılarını tam bağlaya bilməzlər. Biz isə ortada müəyyən mövqe tuta bilərik".

Ukrayna müharibəsinə toxunan Li bildirib: "Rusiya təcavüzü pislənməlidir, müharibə isə tez bir zamanda dayandırılmalıdır. Amma beynəlxalq münasibətlər mürəkkəbdir və biz hər yerdə əməkdaşlıq yolları axtarır, sülh şəraitində birgə yaşamağa çalışırıq".

BMT və qlobal təhlükəsizlik

Hazırda Seul BMT Təhlükəsizlik Şurasına sədrlik edir. Lakin Li hesab edir ki, təşkilatın islahatı bu mərhələdə real deyil. Çin və Rusiyanın uzun illərdir Pxenyana qarşı əlavə sanksiyaları blokladığını xatırladaraq deyib: "BMT dünyanın tam sülhünü qura bilmir, amma yenə də çox vacib funksiyalar yerinə yetirir". Prezident əlavə edib ki, Cənubi Koreya qarşıdakı mürəkkəb dönəmdə həm ABŞ, həm də digər güclərlə əməkdaşlığı davam etdirəcək və əsas məqsəd bölgədə sabitliyi qorumaq olacaq.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər