Dünya
343
19:57, Bu gün

"Rusiyadan maliyyələşən gizli şəbəkə Moldovada seçkilərə təsir göstərməyə çalışır" - BBC

"Moskva saxta xəbərlər, ödənişli təbliğat və gizli sorğularla Moldovanın seçki prosesini pozmaq niyyətindədir..."

Rusiyadan maliyyələşən gizli bir şəbəkə Moldovada sentyabrın 28-də keçiriləcək parlament seçkilərinə müdaxilə etməyə çalışır. Məqsəd - ölkənin Avropa yönümlü hakim partiyasını nüfuzdan salmaq və seçkilərin legitimliyinə kölgə salmaqdır.

Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.

Pul qarşılığında saxta təbliğat

BBC-nin gizli reportyoru müəyyən edib ki, şəbəkə üzvlərinə Rusiyayönümlü təbliğat və saxta xəbərlər paylaşdıqları üçün aylıq ödəniş vəd olunur. Eyni zamanda onlardan Rusiyayönümlü seçicilərini tapmaq, onların fikirlərini gizli yazmaq və nəticələri saxta "sorğular" kimi təqdim etmək tələb edilir. Artıq belə nəticələr internetdə yayılıb. Halbuki rəsmi sorğular prezident Maya Sandunun yaratdığı Fəaliyyət və Həmrəylik Partiyasının (PAS) üstünlükdə olduğunu göstərir.

Şor izi

Araşdırma göstərir ki, şəbəkə Moldovanın məşhur oliqarxı İlan Şor ilə əlaqəlidir. O, ABŞ və Böyük Britaniya tərəfindən Kremlin təsir əməliyyatlarında iştirak və korrupsiya səbəbindən sanksiyalara məruz qalıb, hazırda isə Moskvada gizlənir. Şəbəkə həmçinin onunla bağlı olan və Qərbin sanksiyalarına düşən "Avrasiya" adlı QHT ilə də bağlıdır.

Sosial şəbəkə əməliyyatları

BBC-nin reportyoru "Telegram" vasitəsilə şəbəkəyə qoşulub və gizli onlayn seminarlarla üzləşib. İştirakçılara sosial şəbəkələrdə kontent paylaşma üsulları, hətta süni intellektdən istifadənin "daha təbii görünməsi" qaydaları öyrədilib.

Əvvəlcə onlardan tarixi mövzularda yazılar istənilsə də, sonra siyasi tapşırıqlar gəlib: hökuməti seçki saxtakarlığında ittiham etmək, Avropa İttifaqına üzvlüyü LGBTQ+ ilə bağlamaq, prezident Sandunu uşaq alverinə dəstək vermək kimi əsassız iddialar.

BBC ən azı 90 "TikTok" hesabının şəbəkəyə bağlı olduğunu müəyyən edib. Bu hesablar minlərlə video yayıb və ümumilikdə 23 milyondan çox baxış toplayıb. ABŞ ekspertləri isə real göstəricilərin daha böyük - 55 milyon baxış ola biləcəyini bildirib.

Moskva ilə maliyyə bağları

BBC sübut edib ki, şəbəkə birbaşa Moskvadan maliyyələşir. Koordinator Alina Jukun telefon danışığında "Moskva pul göndərsin, maaş ödəməliyəm" dediyi qeydə alınıb. Britaniya XİN "Avrasiyanı" Şorun əlində Moldovanı destabilizə edən alət adlandırır. "TikTok" rəhbərliyi seçkilər öncəsi əlavə təhlükəsizlik tədbirləri gördüyünü açıqlayıb. "Facebook"-un sahibi "Meta" şərh verməyib. Rusiya səfirliyi isə iddiaları rədd edərək Avropa İttifaqını seçkilərə müdaxilədə günahlandırıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər