"Ərdoğan İsrailin Qəzzadakı soyqırımını gündəmə gətirəcək, Suriyanın yeni lideri isə 1967-dən sonra ilk dəfə Assambleyada çıxış edəcək..."
Sentyabrın 23-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası start götürür. Bu yubiley sessiyası dünyanın ən böyük diplomatik platformalarından biridir, burada demək olar ki, bütün dövlət başçıları və hökumət liderləri iştirak edərək qlobal problemləri müzakirə edəcək.
Moderator.az xəbər verir ki, bu barədə "Anadolu Ajansı" agentliyi məlumat yayıb.
Məlumatda deyilir ki, sessiya sentyabrın 29-dək qədər davam edəcək və "Birlikdə işləmək: sülh, inkişaf və insan haqları uğrunda 80 illik əməkdaşlıq və gələcəyə baxış" devizi ilə keçiriləcək. Sessiyanı BMT baş katibi Antoniu Quterriş açacaq, sədrlik isə Almaniyanın keçmiş xarici işlər naziri Annalena Berbokun üzərinə düşəcək. Tədbirdə 150-yə yaxın dövlət və hökumət başçısının, həmçinin onlarla nazirin, diplomatın və jurnalistin iştirakı gözlənilir.
Ərdoğanın sərt çıxışı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan artıq Nyu-Yorka çatıb. O, ilk gündə Fələstin məsələsinə həsr olunmuş yüksək səviyyəli beynəlxalq konfransda çıxış edəcək, daha sonra isə Baş Assambleyanın ümumi iclasında söz alacaq. Bu, onun BMT tribunasından 15-ci çıxışı olacaq.
Gözlənilir ki, Ərdoğan Qəzzada İsrailin törətdiyi soyqırımı, fələstinlilərin ağır vəziyyətini, işğal olunmuş Şərqi Qüds və İordan çayının qərb sahilindəki torpaq zəbtini, həmçinin İsrailin region ölkələrinə, xüsusilə Suriya və Livana qarşı təcavüzkar siyasətini sərt şəkildə gündəmə gətirəcək.
Türkiyə lideri BMT ölkələrini İsrailin bu davranışına qarşı tədbir görməyə çağıracaq. Ənənəyə görə, ölkələr içində birinci çıxışı Braziliya edəcək. Bu, hələ BMT-nin ilk illərində Braziliyanın cəsarətlə önə çıxmasından miras qalan bir qaydadır.
Qəzzada müharibə gündəmdə
Artıq ikinci ildir ki, davam edən və getdikcə daha da amansız xarakter alan İsrail hücumları - 65 mindən çox mülki vətəndaşın, əsasən qadın və uşaqların həyatına son qoyan bombardmanlar sessiyanın əsas mövzularından biri olacaq. Dövlət nümayəndələri həm də İsrailin beynəlxalq hüquq və BMT qətnamələrini pozmasını, humanitar yardımların qarşısını almasını müzakirə edəcəklər.
Sessiyadan əvvəl Kanada, Avstraliya, Böyük Britaniya və Portuqaliya Fələstin dövlətini tanıdıqlarını elan ediblər. ABŞ isə Fələstin prezidenti Mahmud Abbasa və onun nümayəndə heyətinə viza verməyib, buna görə də Abbas videobağlantı ilə çıxış edəcək. İsrailin baş naziri Benyamin Netanyahu isə sentyabrın 26-da söz alacaq.
Suriyadan tarixi dönüş
Sessiyanın ən diqqətçəkən hadisələrindən biri Suriyanın yeni prezidenti Əhməd əş-Şaraanın iştirakı olacaq. O, 1967-ci ildən bəri BMT Baş Assambleyasında çıxış edəcək ilk Suriya lideridir. Əvvəlki prezidentlər Hafiz və Bəşər Əsəd heç vaxt Assambleyaya şəxsən qatılmayıb. Əş-Şaraanın beynəlxalq arenaya dönüşü sürpriz hesab olunur.
Keçmişdə "Əl-Qaidə" ilə əlaqələndirilən, hətta başı üçün 10 milyon dollarlıq mükafat qoyulmuş bu siyasətçi bu ilin mayında Ər-Riyadda ABŞ prezidenti Donald Trampdan açıq dəstək alaraq mühüm diplomatik uğur qazanıb. Ardınca Vaşinqton Suriyaya qarşı sanksiyaların böyük hissəsini aradan qaldırıb. Əş-Şaraanın Nyu-Yorkdakı çıxışı həm regional, həm də qlobal siyasətdə yeni mərhələ kimi qiymətləndirilir.
Digər mövzular və tarixi çıxışlar
Sessiyanın gündəmində Ukraynada müharibə, Sudan, Livan, Yəmən və Haiti böhranları da xüsusi yer tutacaq. BMT Baş Assambleyasında liderlərin çıxışı 15 dəqiqə ilə məhdudlaşdırılsa da, tarix boyu bu qaydanı pozan çıxışlar yadda qalıb. Məsələn, Fidel Kastro 1960-cı ildə 4 saat 29 dəqiqəlik rekord nitqlə tribunanı silkələyib.
2009-cu ildə isə Müəmmər Qəddafi 100 dəqiqədən çox danışaraq BMT Nizamnaməsini cırıb və Təhlükəsizlik Şurasını "terror şurası" adlandırıb. Nyu-Yorkda keçiriləcək yubiley sessiyası ilə bağlı ciddi təhlükəsizlik tədbirləri görülüb. Manhettendəki BMT qərargahı ətrafında polis və təhlükəsizlik qurumları gücləndirilmiş rejimdə çalışır.