Türkiyənin paytaxtı Ankarada özlərini polis kimi təqdim edərək vətəndaşları aldadan 24 şübhəli ələ keçirilib.
Bu barədə Moderator.az "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, şübhəlilər Ankarada yaşayan doqquz şəxsə zəng edərək özlərini polis kimi təqdim ediblər.
"Adınız terror təşkilatında hallanıb. FETÖ şəxsiyyət məlumatlarınızdan istifadə edərək pul toplayır, bəzi şəxslərə qarşı əməliyyat keçirəcəyik, ona görə də evinizdə olan qızıl-zinət əşyalarını və pulları qapınıza gələn məmura verin, araşdırmadan sonra biz sizə qaytaracağıq, hesabımıza yatırdığınız pullar sizin zəmanətiniz olacaq", - deyə onlar zərərçəkmiş şəxsləri, ümumilikdə, 17 milyon 5 min türk lirəsi (təxminən, 720 min manat) məbləğində aldadıblar.
Zərərçəkmişlərlə daim telefon əlaqəsi saxlayan şübhəlilər doqquz nəfərdən pul və qızıl-zinət əşyaları götürüblər, həmçinin dollarlarını dəyişdirib hesablarına köçürmələrini istəyiblər.
Ankara Asayiş Şöbəsi Fırıldaqçılıq İdarəsinin qrupları şübhəlilərin izinə düşüb və mərkəzi Ankara olmaqla, İstanbul, İzmir, Denizli, Nevşehir, Mersin, Qaziantep və Adana vilayətlərində keçirdikləri əməliyyatlar nəticəsində fırıldaqçıları saxlayıblar.
Şübhəlilərdən 18-i Asayiş Şöbəsi İdarəsində aparılan əməliyyatlardan sonra göndərildikləri məhkəmədə həbs ediliblər.