"ABŞ özünü dünyanın ən demokratik ölkəsi adlandırsa da, sosial gərginliyin ordunun gücü ilə yatırılması artıq reallığa çevrilib..."
35 min əsgər, gizlədilən xərclər və daxili nəzarət planı Amerikanı polis dövlətinə sürükləyir...
2025-ci il ABŞ tarixində artıq tam daxili militarizasiyanın dönəmi kimi qalacaq. Təxminən 35 min əsgər federal qanunun 10-cu maddəsi əsasında ölkə daxilində - Arizonadan və Kaliforniyadan tutmuş Florida, Nyu-Meksiko və Texasadək yerləşdirilib.
Moderator.az xəbər verir ki, bu barədə Xorvatiyanın "Advance" nəşri yazıb.
Daxili militarizasiya: istisnadan qaydaya
Nəşr yazır ki, Pentaqon bu rəqəmləri qismən və yarımçıq təqdim edir, məqsəd isə açıq-aşkar tam mənzərəni gizlətməkdir. Əslində isə ABŞ-ın "Posse Comitatus" (1878) qanunu ordunun daxili polis funksiyalarını icra etməsini qadağan edib. İstisnalar yalnız Konqres və ya prezidentin fövqəladə səlahiyyətləri ilə mümkün olub. Bu gün isə 10-cu maddə ilə 32-ci maddə (Milli qvardiyanın ştat qubernatoruna tabe, amma federal maliyyə ilə işləməsi) birləşdirilərək, ordunun gündüz "polis", axşam isə "məmur" rolunda çıxış etməsinə zəmin yaradılır.
Los-Anceles nümunəsi: ordunun vətəndaşlara qarşı istifadəsi
İyun ayında Los-Ancelesdə immiqrantların müdafiəsinə qalxan etirazçılara qarşı 5,5 min qvardiyaçı və dəniz piyadası göndərilib. Sonradan onların sayı azalıb, amma presedent artıq mövcuddur: ordudan vətəndaş hərəkatını boğmaq üçün istifadə olunub. Federal hakim Çarlz Breyer bunu qanunsuz addım adlandırıb, çünki şəhərdə nə üsyan vardı, nə də polis vəziyyətə nəzarəti itirmişdi. Bu, hüquqi baxımdan "qırmızı işıq", siyasi baxımdan isə xəbərdarlıq idi: Milli qvardiya prezidentin şəxsi polis qüvvəsinə çevrilir.
Gizlədilən xərclər və sərhədlərdə "müharibə"
Rəqəmlər barədə dəqiq məlumat yoxdur. Müdafiə Nazirliyi susur, Şimali Komandanlıq isə ümumi statistikaya malik olmadığını bildirir. Halbuki məlumdur ki, yalnız cənub sərhədində 10 mindən çox əsgər yerləşdirilib. Onlardan 8500 nəfər birbaşa 10-cu maddə əsasında hərəkət edən hərbçilərdir. Xərclər də şübhə doğurur. Məsələn, yalnız Los-Ancelesdə ilk mərhələdə 2700 hərbçinin yerləşdirilməsi 134 milyon dollara başa gəlib. Çikaqoda gündəlik 3 min hərbçi isə büdcəyə 1,6 milyon dollar yük gətirəcəkdi. 2029-cu ilə qədər "sərhəd əməliyyatları" üçün ayrıca 1 milyard dollarlıq xərc maddəsi ayrılıb.
Vaşinqton "pilot poliqonu"na çevrilib
Paytaxt Vaşinqton isə xüsusi eksperiment meydanına çevrilib. Qubernatoru olmayan şəhərdə Milli qvardiya birbaşa prezident və müdafiə nazirinə tabe edilir. Onlara patruldan əlavə, qrafitini silməkdən tutmuş zibilləri toplamağa qədər vəzifələr verilir. Yəni ordu gündəlik şəhər həyatına qarışaraq daimi müşahidəçi statusu qazanır. Bir günlük xərclər təxminən 1 milyon dollar təşkil edir, amma şəhər rəhbərliyi bu əməkdaşlığı müddətsiz davam etdirmək qərarı verib. Prezident artıq Memfisdə də eyni "modeli" tətbiq edəcəyini açıqlayıb.
Demokratiya ilə militarizasiya arasında
ABŞ özünü dünyanın ən demokratik ölkəsi adlandırsa da, sosial gərginliyin ordunun gücü ilə yatırılması artıq reallığa çevrilib. İnsanlar problemlərinin həll olunmadığına görə deyil, sadəcə, risklər atrdığından az şikayət və etiraz edir. Əsgərlər isə özlərini seçmədikləri rolda - vətəndaşlarını "saxlayan" qüvvə kimi görməyə məcbur qalır. Bu, təkcə vətəndaşlarla ordu arasındakı etimadı dağıtmır, həm də konstitusiyanın qorunmasını sual altına qoyur. Federal hökumətlə ştatlar arasında münasibətlər də sarsılır, çünki prezident qvardiyanı birbaşa özünə tabe etməklə qubernatorları faktiki olaraq kənarlaşdırır.
Daxili gücün xarici zəifliyi
Son otuz il ərzində ABŞ-ın müdafiə büdcəsi yüksəlib, amma əhalinin rifah göstəriciləri geriləyib. Səhiyyə, sosial mənzil və əmək qanunvericiliyi geri plana atılıb. Vaxtilə xəbərdarlıq kimi səslənən "hərbi-sənaye kompleksi" anlayışı artıq idarəetmə prinsipinə çevrilib. Bununla belə, müqavimət nümunələri də var. Hakim Breyerin qərarı göstərib ki, məhkəmə sistemi hələ də müqavimət göstərə bilər. Amma cəmiyyətin real debat aparması üçün şəffaflıq - əsgər sayı, xərclər və hüquqi əsasların açıq şəkildə təqdim edilməsi lazımdır. Hazırda isə bu məlumatlar gizlədilir və ölkə sürətlə polis dövlətinə doğru sürüklənir.
İmperiyalar içəridən dağılır
"Advance"in yazdığı kimi, imperiyalar adətən içəridən çökür. Dövlət sosial çatları ordunun gücü ilə örtməyə öyrəşəndə, siyasi razılaşma və ictimai inteqrasiyanı itirir. ABŞ ordunu daxili "təhlükəsizlik ixracatçısı"na çevirirsə, onun xarici gücü zəifləyəcək. Bu isə yalnız ABŞ üçün deyil, Avropa üçün də xəbərdarlıqdır. Çünki Avropa çox vaxt "Amerika modelini" təkrarlayır. Ola bilsin ki, biz indi öz yaxın gələcəyimizin variantını izləyirik.