Dünya
287
14:15, Bu gün

"Pokrоvsk ət maşını": Putin xəstə əsgərləri də döyüşə göndərir" - "The Telegraph"

"HİV və hepatit daşıyıcılarından ibarət xüsusi bölmələr cəbhəyə yollanıb..."

Rusiya ordusu HİV, hepatit və digər yoluxucu xəstəliklərə tutulmuş hərbçilərdən ibarət ayrıca bölmələr formalaşdıraraq onları döyüş bölgələrinə göndərib.

Moderator.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazıb.

Nəşr yazır ki, bu əsgərlər xüsusi sarğılarla işarələnir və artıq Pokrovsk ətrafında - Kremlin qanlı və uzunmüddətli hücumunun mərkəzində müşahidə olunub.

Ukrayna Təhlükəsizlik və Əməkdaşlıq Mərkəzinin icraçı direktoru Dmitri Jmaylo bildirib:

"Əldə olan məlumata görə, həmin bölmələr hazırda ən qaynar nöqtədə - Pokrovskda döyüşür".

Sağlamlıq böhranı ordunu vurur

Analitiklərin fikrincə, "infeksiyalı bölmələr"in yaradılması Rusiyanın dərinləşən səhiyyə böhranının göstəricisidir. Putinin ordusunda HİV, hepatit və hətta vərəmlə bağlı hallar sürətlə artır. Hətta Rusiyanın senzura altında olan media orqanları da "gizli epidemiya"dan yazmağa başlayıb. Məlum olub ki, son aylarda rusiyalı hərbçilər arasında ölümcül hemorragik qızdırma da yayılıb - bu xəstəlik zamanı insanın gözlərindən qan axır.

Pokrovsk istiqamətində döyüşlər

Jmaylonun sözlərinə görə, belə bölmələr 1435-ci və 1437-ci motoatıcı alayıarın tərkibində yaradılıb. Onlar Pokrovsku cənub və cənub-qərbdən ələ keçirməyə cəhd göstərib, həmçinin Zverevo kəndindən şəhərə soxulmaq istəyərkən qeydə alınıb. Əsgərlərin təminatı digərləri ilə eyni dərəcədə zəifdir, yeganə fərq üzərlərindəki xüsusi nişanlar, yəni rəngli sarğılardır.

Əvvəlki praktikanın davamı

Xəstə əsgərlərin döyüşə göndərilməsi yeni hal deyil. Daha əvvəl "Vaqner" qrupu HİV və hepatitli məhbusları ən təhlükəli tapşırıqlara cəlb edib. Onlara antiretrovirus dərmanlar "mükafat" kimi təklif olunub. Məsələn, HİV-lilərə qırmızı, hepatit daşıyıcılarına isə ağ qolbağılar verilib. 2023-cü ilin oktyabrında isə Rusiya müdafiə naziri Andrey Belousov səssizcə bir qərar imzalayıb: hepatit C artıq hərbi xidmətə əngəl sayılmır. Bu, minlərlə yoluxmuş məhbusa müharibəyə getməyə imkan verib.

Epidemiyanın miqyası

2023-cü ilin sonuna yaxın Rusiya ordusunda HİV-ə yoluxan hərbçilərin sayı müharibənin əvvəlindəkindən 20 dəfə çoxalıb. Bu artımın səbəbləri arasında narkotik istifadəsi və həkimlərin qeyri-steril avadanlıqlardan istifadə etməsi göstərilir. Şprislərin təkrar istifadəsi xəstəliyin yayılmasını daha da sürətləndirib. Ukraynalı hərbçilər üçün bu, əlavə risk deməkdir: HİV və hepatit qan vasitəsilə yoluxur və hətta ölənlərin cəsədlərindəki qan da təhlükə mənbəyidir.

Ekspertlərin fikri

Britaniya ordusunun sabiq polkovniki və kimyəvi silah mütəxəssisi Hemis de Bretton-Qordon bu vəziyyəti belə dəyərləndirib: "Bu, Putinin ümidsizliyinin sübutudur. Onun üçün artıq heç bir tabu yoxdur. İnsanları ət maşınına atmaq Kremlin strategiyasının bir hissəsidir. Pokrovsk bu gün məhz belə bir ət maşınına çevrilib".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər