Moldova tarixinin ən kritik seçkisi : Kreml sakit dayanmır
Dünya
156
12:06, Bu gün

Moldova tarixinin ən kritik seçkisi : Kreml sakit dayanmır

Sentyabrın 28-i Moldovanın tarixinə ölkənin gələcəyini müəyyən edən gün kimi düşə bilər. Gələn həftənin sonu bu ölkədə kritik, bütövlükdə regionun gələcəyi üçün əhəmiyyətli parlament seçkiləri keçiriləcək. Postsovet məkanında Moldova Rusiya və Qərbin mübarizə apardığı bölgələr sırasında xüsusi seçildiyindən, bu seçkilərin nəticələri əhəmiyyət kəsb edir.

Spesifikliyi də ondadır ki, Kreml uzun müddət necə deyərlər, ölkədə at oynadıb, separatçı qurum yaradıb, istədiyi şəxsi hakimiyyətə gətirib, rusiyapərəst qüvvələrə güclü və hərtərəfli dəstək göstərib. Ukraynada işğalçı müharibə ilə vəziyyət dəyişib. Məhz bu müharibə ilə moldovalılar arasında Qərbə və onun strukturlarına rəğbət artıb. Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı vədlər isə moldovalıları daha da ümidləndirib.

Kremlin müdaxilə planları

Kreml də sakit dayanmır. Ənənəvi müdaxilə planlarını cızır. Söhbət hələ ki, hərbi yox, seçkilərə müdaxilədən gedir. Təhlükə o həddə çatıb ki, Avropa Parlamenti Moldovada parlament seçkiləri ərəfəsində Rusiyanın bu ölkəyə hibrid hücumlarını kəskin şəkildə pisləyən qətnamə qəbul edib və Brüsseli Moldovanın Aİ-yə daxil olması ilə bağlı dərhal danışıqlara başlamağa çağırıb. Bu hərəkətlərin ölkədə sabitliyi pozmaq, Moldovanın Aİ-yə üzvlüyü ilə bağlı suveren hüququnu pozmaq məqsədi daşıdığı qeyd olunub. Liberal qrupdan olan Avstriya parlamentinin deputatı Helmut Brandstatterin səsləndirdiyi rəqəmlər isə şok effekti doğurub. Onun sözlərinə görə, Moldovada səslərin satın alınması və parlament seçkilərinə təsir etmək üçün Rusiya 350 milyon ABŞ dolları ayırıb. Aİ-ni dərhal hərəkətə keçməyə çağıran deputat bildirib ki, qurum Moldovada müstəqil media, kibertəhlükəsizlik və vətəndaş cəmiyyətinə dəstəyi artırmalıdır. “Biz Moldovanın Aİ-yə daxil olma prosesini sürətləndirməli və aydın siqnal göndərməliyik: Avropa Moldova xalqının yanındadır”, - avstriyalı siyasətçi bildirib.

 

 

Saxta hesablarla müdaxilə

“The New York Times”ın məlumatına görə, Donald Trampın Ağ Evə qayıtmasından sonra dezinformasiyaya qarşı ABŞ proqramları dayandırılıb ki, bu da Kremlin işini asanlaşdırıb. İndi Moldova “TikTok”, “Facebook”, “Instagram” və “YouTube” seqmentində yüzlərlə saxta hesab, xəbər saytları və neyron şəbəkələr vasitəsilə yaradılmış videolar dolaşır. Buna misal olaraq Prezident Maya Sandunu gözdən salmaq üçün "OK!" jurnalının saxta brendindən istifadə edilən kampaniyanı göstərmək olar. Əgər bir il əvvəl ABŞ rəqəmsal platformalardan belə hücumlara qarşı aktiv mübarizə tələb edirdisə, bu gün bu dəstək yoxdur. Bu səbəbdən Rusiya faktiki Moldovanın informasiya məkanında dominantlıq edir. ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı Tomas Meliya etiraf edib ki, Kremlin Moldovada dezinformasiya fəaliyyəti görünməmiş həddə çatıb.

 

 

Raketlər, dronlar, kilsə...

“WatchDog”un məlumatına görə, son aylarda Rusiya ilə əlaqəli və sosial şəbəkələrdə sinxron işləyən 900-dən çox hesab aşkar edilib. “TikTok” ümumi auditoriyası 100 min nəfərdən çox olan 314 profildən ibarət şəbəkəni bağlayıb. Moldova polisi hər gün hakimiyyətə inamı sarsıtmaq və şəxsən Prezident Sanduya hücum etmək üçün istifadə olunan yüzlərlə yeni səhifə qeydə alır. “Deutsche Welle” nəşri bu məlumatları təsdiqləyərək, hücumların sistemli xarakterini qeyd edir. Virtual təcavüzlə yanaşı, birbaşa müdaxilə metodları da tətbiq edilir - pullu mitinqlərin təşkili, seçicilərin kütləvi şəkildə ələ alınması üçün “Taito” tətbiqindən istifadə, haker hücumları və hətta Rusiya raketlərinin və pilotsuz uçuş aparatlarının Moldova hava məkanından uçuşu. Sonuncu amil müharibə qorxusunu gücləndirmək və cəmiyyətin sosial dayanıqlığını pozmaq məqsədi daşıyır. Ekspertlər qeyd edirlər ki, Moskva təbliğat aləti kimi hətta Rus Pravoslav Kilsəsindən də istifadə edir.

 

 

Sandu üçün həlledici an

Seçkilər Prezident Maya Sandu və "Fəaliyyət və Həmrəylik" (PDS) partiyası üçün də həlledici xarakter daşıyır. Ona qarşı iki siyasi qüvvə çıxış edəcək – kommunistlər, sosialistlər, "Moldovanın ürəyi" və "Moldovanın gələcəyi" partiyalarından ibarət Vətənpərvər blok, həmçinin məhkəmələrdə seçkiyə qatılmaq hüququnu bərpa edən "Böyük Moldova" partiyası. Kommunistlərə artıq 30 ildən çoxdur ki, 2001-2009-cu illərdə ölkəyə rəhbərlik etmiş keçmiş Moldova prezidenti Vladimir Voronin rəhbərlik edir. Sosialistləri öz bayrağı altında 2016-2020-ci illərdə dövlət başçısı vəzifəsini tutmuş keçmiş prezident İqor Dodon birləşdirir. "Moldovanın ürəyi" isə keçmiş Qaqauz muxtariyyətinin rəhbəri İrina Vlaxın rəhbərlik etdiyi partiyadır.
Bir neçə gün əvvəl "Böyük Moldova" bütün məhkəmələrdə qalib gələrək seçki kampaniyasına qoşulub. Onun başında da sabiq prokuror – Viktoriya Furtune dayanır. O, Sandu komandasına qarşı çox sərt mövqe tutur. Sosioloji sorğuların nəticələrinə görə, Moldova parlamentinə daha iki siyasi qüvvə də daxil ola bilər - "Alternativa" bloku və "Bizim Partiya".

 

("Kaspi" qəzeti)

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər