Dünya
157
19:15, Bu gün

"ABŞ-dan altıncı veto: BMT Təhlükəsizlik Şurasında Qəzza sükutu pozulmadı" - Qərb mətbuatı

"14 ölkə atəşkəsin lehinə səs verib, Vaşinqton isə İsrailin mövqeyini müdafiə edib..."

BMT Təhlükəsizlik Şurasında Qəzzada dərhal və şərtsiz atəşkəs, həmçinin humanitar yardımın məhdudiyyətsiz çatdırılması barədə qətnamə layihəsi səsverməyə çıxarılsa da, ABŞ veto hüququndan istifadə edərək sənədin qəbuluna imkan verməyib.

Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.

Nəşr qeyd edir ki, qalan 14 üzv ölkə layihəni dəstəkləyib. Bu, Vaşinqtonun eyni mövzuda altıncı vetosudur.

ABŞ-ın əsas arqumenti: HƏMAS qeyd olunmayıb

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Morqan Ortaqus qətnaməni "qəbuledilməz" adlandıraraq bildirib ki, sənəddə HƏMAS-ın hərəkətləri qınanmayıb və İsrailin özünümüdafiə hüququna istinad edilməyib. Onun sözlərinə görə, bu cür yanaşma "terrorçuların mövqeyini legitimləşdirir". Ortaqus həmçinin bəyan edib: "HƏMAS bütün girovları dərhal azad etməli və təslim olmalıdır. Biz tərəfdaşlarımızla birlikdə bu dəhşətli müharibənin bitməsi üçün işləməyə davam edəcəyik".

Digər üzvlərin mövqeyi

Layihə qətnaməni hazırlayan 10 müvəqqəti üzv ölkə humanitar fəlakətin miqyasını vurğulayıb. Onların fikrincə, Qəzzada vəziyyət "fəlakətlidir" və mülki əhalinin xilası üçün yeganə yol atəşkəsdir. Səsvermədən əvvəl Danimarkanın BMT-dəki səfiri Kristina Lassen "Bu sənəd BMT Təhlükəsizlik  Şurasının aclıq çəkən insanlara, girovlara və sülh tələbinə göz yummadığını göstərməlidir" deyib. Əlcəzair isə qətnamənin müəlliflərindən biri kimi, fələstinlilər qarşısında üzrxahlıq edərək bildirib ki, indiyə qədər beynəlxalq ictimaiyyət mülki əhalini xilas etmək üçün yetərincə səy göstərməyib.

İsrailin sərt reaksiyası

İsrailin BMT-dəki səfiri Danni Danon sənədi kəskin tənqid edərək vurğuladı: "Bu qətnamə girovları azad etməyəcək və bölgəyə təhlükəsizlik gətirməyəcək. İsrail HƏMAS-la mübarizəni davam etdirəcək və hətta Təhlükəsizlik Şurası terroru görməzdən gəlsə belə, öz vətəndaşlarını qoruyacaq".

Münaqişə fonunda itkilər

Qəzzada müharibə 2023-cü ilin oktyabrından bəri davam edir. Rəsmi məlumatlara görə, indiyə qədər 65 mindən çox fələstinli həyatını itirib, 145 mindən çox insan yaralanıb. Vaşinqtonun vetosu bir daha göstərdi ki, ABŞ beynəlxalq platformalarda İsrailin əsas müdafiəçisi olaraq qalır. Təhlükəsizlik Şurasında əksəriyyətin iradəsinə rəğmən, qətnamənin rədd edilməsi həm Qəzzadakı humanitar böhranın həlli, həm də BMT-nin effektivliyi ilə bağlı ciddi suallar doğurur.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər