"Avropa Pekinə qarşı daha qətiyyətli addımlar atsaydı, Çin Rusiyanı dayandırmağa məcbur edə bilərdi..."
Londonun kənarında keçirilən mətbuat konfransı ABŞ prezidenti Donald Tramp və Böyük Britaniyan baş naziri Kir Starmerin Ukrayna məsələsində fərqli mövqelərini üzə çıxarıb.
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.
Nəşr qeyd edir ki, hər iki lider atəşkəsin vacibliyini vurğulasa da, Moskvanı buna məcbur etməyin yollarında ciddi fikir ayrılığı ortaya çıxıb. Tramp açıq şəkildə bildirib ki, Vladimir Putindən dərin məyusdur. O, etiraf edib ki, əvvəlcə Ukrayna müharibəsini "ən asan həll olunan münaqişə" hesab edib, hətta şəxsi münasibətlərinin Putinlə prosesi sürətləndirəcəyinə inanıb. Lakin aylarla davam edən diplomatik cəhdlər nəticə verməyib:
"O məni həqiqətən də məyus etdi. Mən yeddi müharibəni dayandırmışam, amma bu, düşündüyümdən qat-qat çətin oldu". Starmer isə daha sərt danışaraq qeyd edib ki, Putin son həftələrdə hücumlarını intensivləşdirib və bunun nəticəsində mülki itkilər, həm də NATO məkanının pozulması halları baş verib. Britaniya lideri deyib: "Sülh istəyən belə davranmaz. Ona görə də biz təzyiqi artırmalıyıq. Putin yalnız güc qarşısında güzəştə gedir".
Avropa və Çinin rolu
Tramp Avropanı Rusiyaya qarşı iqtisadi addımlar atmaqda tərəddüd etməkdə günahlandırıb. O, xüsusilə enerji sahəsini misal çəkərək deyib: "Avropalılar hələ də Rusiya neftini alır. Əgər qiymətlər düşsə, Putin müharibəni dayandırmağa məcbur qalacaq". Tramp əlavə edib ki, Çini də prosesə cəlb etmək lazımdır: "Əgər Avropa Pekinə qarşı daha qətiyyətli addımlar atsaydı, Çin Rusiyanı dayandırmağa məcbur edə bilərdi".
Zelenskinin mövqeyi
Bu arada Ukrayna prezidenti Vladimir Zelenski vurğulayıb ki, son iki həftədə Moskva minlərlə pilotsuz uçuş aparatı, yüzlərlə raket və güclü bombalarla Ukraynaya hücum edib. Kiyev isə cavab olaraq uzaqmənzilli dronlarla Rusiyanın dərinliklərindəki neftayırma zavodlarına və hərbi obyektlərinə zərbələr endirib.
Tramp və Starmerin London görüşü bir daha göstərdi ki, Qərbdə Ukrayna ilə bağlı vahid yanaşma hələ formalaşmayıb. ABŞ prezidenti kompromis və iqtisadi təzyiq vasitəsilə nəticə əldə etməyə çalışır, Britaniya hökuməti isə Moskvanın yalnız sərt sanksiyalar və güc qarşısında geri çəkiləcəyinə inanır. Bununla belə, hər iki lider bir məsələdə həmfikirdir: Putin gözləniləndən qat-qat təhlükəli və irrasional davranır, müharibənin sonu isə hələ ki, görünmür.