Dünya
291
19:30, Bu gün

"Suriya və İsrail arasında təhlükəsizlik sazişi yaxın günlərdə imzalana bilər" - İsrail mətbuatı

"ABŞ vasitəçiliyi ilə tərəflər bu ilin sonunadək ardıcıl razılaşmalara ümid bəsləyir..."

Suriya və İsrail arasında gizli və açıq kanallarla aparılan danışıqlar kritik mərhələyə çatıb. Son günlər ərzində həm prezident Əhməd əş-Şəraa, həm də diplomatik mənbələr danışıqların yaxın vaxtlarda nəticə verə biləcəyini təsdiqləyib.

Moderator.az xəbər verir ki, bu barədə İsrailin "vesty.co" nəşri məlumat yayıb.

Sentyabrın 17-də  BMT Baş Assambleyasına yola düşməzdən əvvəl çıxış edən Suriya prezidenti Əhməd əş-Şəraa bildirib ki, "danışıqlar nəticə verə bilər və bu, yaxın günlərdə baş verə bilər". O, vurğulayıb ki, söhbət hələlik yalnız təhlükəsizliklə bağlı məhdud çərçivəli razılaşmadan gedir, lakin bu saziş gələcəkdə əlavə anlaşmaların əsasını qoya bilər.

London və Vaşinqton xətti

Sentyabrın 18-dğ Londonda Suriya xarici işlər naziri Əsəd Həsən əş-Şeybani ilə İsrailin strateji planlaşdırma naziri Ron Dermer ABŞ-ın xüsusi elçisi Tom Barakın iştirakı ilə beş saatlıq danışıqlar aparıb. Görüşdə tərəflər gərginliyin azaldılması və Suriyanın suverenliyinin qorunması ilə yanaşı, İsrailin təhlükəsizliyi və regiondakı azlıqların hüquqlarının təmin edilməsinə dair öhdəliklər barədə danışılıb.

Ardınca Suriya XİN rəhbəri uzun fasilədən sonra ilk dəfə Vaşinqtona səfər edib. Bu, ABŞ-la münasibətlərin normallaşması istiqamətində mühüm addım hesab olunur. Burada o, Dövlət katibi Marko Rubio və senator Lindsi Qremlə görüşəcək. ABŞ Konqresində bəzi siyasətçilər Suriyanın İsraillə razılaşma imzalayacağı təqdirdə Vaşinqtonun sanksiyaları yumşalda biləcəyini bildirib.

Razılaşmanın mümkün məzmunu

Mənbələrin məlumatına görə, hazırkı layihə İsrail qoşunlarının Əsəd rejiminin devrilməsindən sonra tutduğu bəzi mövqelərdən çıxmasını, lakin Hermon dağında iki strateji mövqenin qalmasını nəzərdə tutur. Suriya ordusu sərhəddə ağır silah yerləşdirməyəcək, yeni bufer zonası yaradılacaq. Eyni zamanda, As-Süveyda vilayətindəki qarşıdurmaların həlli üçün yollar müəyyən olunacaq.

Colan təpələrinin taleyi müzakirədən kənarda saxlanılır, amma sənəddə Suriya ərazisində İranın hərbi iştirakına qarşı tədbirlər də nəzərdə tutulur. Dəməşq öz ərazilərindən İsrailə hücumların olmayacağına zəmanət verəcək. İsrail isə Suriyanın daxili işlərinə qarışmamaq və hazırkı hökuməti tanımaq barədə öhdəlik götürəcək.

Tarixi fon və perspektivlər

Apreldə Əbu-Dabidə başlayan, iyulda Bakıda davam edən danışıqlar avqustdakı As-Süveyda hadisələri səbəbindən dayandırılıb, sentyabrda Parisdə bərpa olunub. Hazırda tərəflər razılaşma mətninin 95 faizini uzlaşdırıb.

Sazişin rəsmi imzası üçün iki variant müzakirə olunur: ya sentyabrın 25-də BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda, ya da sentyabrın 29-da Vaşinqtonda, ABŞ prezidenti Donald Trampın iştirakı ilə. Ağ Ev bu prosesi "Avraam sazişlərinin genişləndirilməsi üçün tarixi imkan" kimi qiymətləndirir.

Mümkün saziş tərəflərin uzun illər davam edən düşmənçiliyində dönüş nöqtəsi ola bilər. Bununla belə, sənədin icrası həm Suriyada daxili qüvvələrin razılığına, həm də regionda İran amili ilə bağlı balansın saxlanmasına bağlı olacaq. ABŞ isə bu razılaşmanı Yaxın Şərqdə öz təsir dairəsini genişləndirmək və Tramp administrasiyasının diplomatik nailiyyəti kimi təqdim etməyə çalışır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər