Müharibənin gedişi dəyişdi – İsrailin yeni planları üzə çıxdı
Dünya
749
13:30, Bu gün

Müharibənin gedişi dəyişdi – İsrailin yeni planları üzə çıxdı

İsrailin Qəzzada yeni hərbi əməliyyatlara başlaması regionda gərginliyi daha da artırıb.  Bəs İsrail bu dəfə bölgənin tam işğalına nail ola biləcək, yoxsa əvvəlki əməliyyatlar kimi məhdud nəticələrlə yekunlaşacaq? Əgər işğal tam reallaşsa, bölgədə yeni siyasi nizamın qurulması mümkündürmü? Bu müharibənin sonu Yaxın Şərqdə sülhə, yoxsa daha böyük qarşıdurmalara aparacaq?
 
Moderator.az-a danışan siyasi şərhçi Elmir Səftərov deyib ki, İsrailin Qəzzada yeni hərbi əməliyyatlara başlaması Yaxın Şərqdə gərginliyi daha da dərinləşdirib. Onun sözlərinə görə, son aylarda bölgədə müşahidə olunan proseslər göstərir ki, Qəzza faktiki olaraq tam mühasirəyə alınaraq humanitar fəlakətə sürüklənib:
 
“Bu da İsrailin uzunmüddətli planlarının – ərazini nəzarətə götürmək və öz təsir dairəsini genişləndirmək siyasətinin – yeni mərhələsinə keçid kimi görünür.
2023-cü il oktyabrın 7-dən sonra Qəzzaya endirilən hücumların miqyası İsrailin son illərdə apardığı ən ağır hərbi əməliyyatlar kimi xarakterizə olunur. Rəsmi Təl-Əviv bu əməliyyatları HƏMAS-a qarşı mübarizə kimi təqdim etsə də, hadisələr göstərir ki, hədəf yalnız hərbi qruplaşmalar deyil, həm də bölgənin strateji nəzarətini təmin etməkdir.
Uzunmüddətli mühasirə nəticəsində Qəzzada insan resursları, ərzaq və silah ehtiyatları tükənib, əhali ağır şəraitdə yaşayır. Bu, İsrail ordusunun hava və texnoloji üstünlüyü ilə birlikdə hərbi əməliyyatların daha asan aparılmasına şərait yaradır. Əldə olunan nəticələrdən sonra İsrailin bölgədə özünə tabe idarəetmə sistemi quracağı və bununla da əvvəlki strateji hədəflərinə nail olacağı ehtimal olunur”.
 
Siyasi şərhçi qeyd edib ki, İsrailin ekspansionist siyasəti Yaxın Şərqdə sülh prosesinə ciddi təhlükə yaradır:
 
"HƏMAS-dan sonra növbəti hədəfin Husilər və Hizbullah ola biləcəyi ehtimalı regionda yeni qarşıdurma dalğası doğura bilər. 
Ümumiyyətlə isə Yaxın Şərqdə baş vermiş iğtişaşlar, Suriya və digər ətraf ərazilərdə davam edən qeyri-sabitlik də İsrailin bu planlarının bir hissəsi kimi görünür.
Beləliklə, İsrailin Qəzzadakı hərbi əməliyyatları təkcə lokal münaqişə deyil, həm də daha geniş geosiyasi məqsədlərin tərkib hissəsi kimi qiymətləndirilir. Bu isə Yaxın Şərqdə uzunmüddətli sabitlik və sülh perspektivlərini ciddi şəkildə sual altına alır”.
 
Mehin Mehmanqızı
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər