Dünya
146
22:00, Bu gün

"Tehran MAQATE ilə əməkdaşlığı bərpa etməyə razılıq verib" - "Deutsche Welle"

"Tehran nüvə obyektlərinə beynəlxalq nəzarəti bərpa etməyə razılaşıb, amma sanksiya və hücum təhlükəsi qalır..."

İranın Ali Milli Təhlükəsizlik Şurasının nüvə komitəsi ölkənin Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığın bərpası barədə sazişi təsdiqləyib.

Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.

Beynəlxalq nəzarət geri qayıdır, amma şərtlərlə

Nəşr yazır ki, bu sənəd sentyabrın 9-da Qahirədə İranın xarici işlər naziri Abbas Arakçı və MAQATE-nin baş direktoru Rafael Qrossi tərəfindən Misirin XİN rəhbəri Badr Əbdül-Atanın vasitəçiliyi ilə imzalanıb. Şuranın bəyanatında vurğulanır ki, razılaşmanın icrası İranın nüvə obyektlərinin təhlükəsizliyinin təmin olunmasından asılı olacaq: "İrana və onun nüvə obyektlərinə qarşı hər hansı düşmənçilik addımı, o cümlədən BMT Təhlükəsizlik Şurasının əvvəllər dayandırılmış qətnamələrinin bərpası halında, razılaşmaların həyata keçirilməsi dayandırılacaq".

Sanksiyalardan yayınmaq üçün şans

İnspeksiyaların bərpası İranı Almaniya, Britaniya və Fransanın elan etdiyi yeni iqtisadi sanksiyalardan qoruya bilər. 2015-ci ildə ABŞ, Çin və Rusiya ilə birlikdə bu ölkələr İranla nüvə sazişi imzalayıb. Məqsəd Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq olub. Lakin 2018-ci ildə prezident Donald Tramp ABŞ-ı birtərəfli qaydada sazişdən çıxarıb və İrana qarşı sərt sanksiyalar tətbiq edib. Bundan sonra Tehran öhdəliklərini ardıcıl şəkildə pozmağa başlayıb və uranın zənginləşdirilməsini bərpa edib. ABŞ rəsmilərinin hesablamalarına görə, İran artıq sazişdə təsbit olunan normanı dörd dəfə keçib. Tehran isə iddia edir ki, uranı yalnız dinc məqsədlərlə zənginləşdirir.

MAQATE obyektlərə baxış tələb edir

Tehran və MAQATE arasındakı əməkdaşlıq iyunda baş vermiş 12 günlük müharibədən sonra kəsilib. Həmin vaxt İsrail ABŞ-ın dəstəyi ilə İranın Fordo, Natanz və İsfahan nüvə obyektlərinə zərbələr endirib. Prezident Məsud Pezeşkianın göstərişi ilə iyulun 2-də agentliyin müfəttişlərini ölkədən çıxarıb. İran rəhbərliyi onları hücumlara reaksiya verməməkdə günahlandırıb.

İsrail 3 iyun 2025-ci ildə genişmiqyaslı hücuma başlayaraq 12 gün ərzində əsasən İranın hərbi və nüvə obyektlərini vurub. Cavab olaraq Tehran İsrail ərazisinə raket və pilotsuz aparatlarla zərbələr endirib. MAQATE rəhbəri Rafael Qrossi dəfələrlə Tehrandan müharibə zamanı zərər görmüş üç nüvə obyektində yoxlama aparmağa icazə istəyib. Məqsəd həm dağıntıları, həm də zənginləşdirilmiş uran ehtiyatlarını qiymətləndirmək olub. Lakin İran hökuməti bu təklifləri dəfələrlə rədd edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər