"ABŞ köhnə alyanslardan və dəyərlərdən belə imtina edə bilər..."
ABŞ bir müddət böyük dövlətlərlə rəqabəti kənara qoyur. Amerika mətbuatına sızan məlumata görə, Vaşinqton yeni strategiya hazırlayır və bu sənəddə milli təhlükəsizlik Çinlə mübarizədən daha üstün mövqeyə çıxarılır.
Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin "Sabah" nəşri yazıb.
Yeni strategiya və dönüş nöqtəsi
Əgər "Politico"nun məlumatı doğrudursa, bu, Trampın ilk prezidentliyi ilə müqayisədə ciddi istiqamət dəyişikliyidir. Başqa sözlə, Rusiya və Çini geri çəkilməyə məcbur edə bilməyən ABŞ indi yenidən öz ənənəvi təsir dairələrinə dönür: Yaxın Şərqdə, Latın Amerikasında, Asiya-Sakit okean regionunda müttəfiqlərini daha çox yükləyəcək.
Trampın ikinci dönəmində müttəfiqlərə qarşı sərt siyasəti artıq bunun ilk əlaməti kimi görünür. Hazırda Pentaqon rəhbəri Pit Heqsethin masasındakı yeni milli təhlükəsizlik layihəsi köhnə alyansları və müqavilələri sadəcə kənara atmağı nəzərdə tutur. ABŞ daxilində və kənarda isə uzun illər müqəddəs sayılan anlayışlar - azadlıq, demokratiya, insan haqları, sərbəst bazar bir-bir yıxılacaq.
Çarli Kirkə sui-qəsdi və yeni doktrina
Maraqlıdır ki, fanatik sionist və Tramp tərəfdarı olan Çarli Kirkin öldürülməsi 11 sentyabr hücumlarının ildönümünə təsadüf edib. Bu sui-qəsd də yeni strategiyanın əsaslandırılması üçün istinad nöqtələrindən biri olacaq. ABŞ "terrora qarşı müharibə"ni indi öz ərazisinə daşıyır.
Vətəndaşlar "düşmən döyüşçü" elan edilir, qoşunlar xaricə deyil, ölkənin böyük şəhərlərinə göndərilir. Keçmiş prezidentlər üçün təhlükəsizlik protokolları ləğv olunur. FTB, MKİ, hətta Con Bolton kimi milli təhlükəsizlik məsləhətçiləri belə dərin dövlətin "lazımsız piyadası" kimi damğalanır. Cəmiyyət parçalanır, ideoloji və sosial münaqişələr daha da kəskinləşir.
Yeni döyüş meydanı ABŞ-ın özüdür
Artıq əsas savaş meydanı uzaq bölgələr deyil, elə Amerikanın öz torpaqlarıdır. Amma Yaxın Şərq də Vaşinqtonun strateji xəritəsində qalır: region ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı və İsrail üçün sınaq poliqonuna çevrilir.
Avropa, Asiya və Afrika isə taleyin ümidinə buraxılır. İsrailin Dohaya hücumu bu konsepsiyanın ilk təzahürü sayılır. Bundan sonra ABŞ-ın heç bir müttəfiqi toxunulmaz deyil. Hətta İsraili tanımaq və Vaşinqtonun himayəsinə keçmək belə təhlükəsizliyi təmin etməyəcək.
Müttəfiqlər çıxış yolu axtarır
Yeni doktrina Avropa və Körfəz ölkələri üçün daha çox sarsıntı vəd edir. Buna görə də onlar alternativ axtarışına başlayıblar. Avropa taleyin ümidinə buraxılıb, Yaxın Şərqdə isə ölkələr İsrailin amansız siyasəti qarşısında çarəsiz qalıb. Türkiyə isə bu fonda ümid işığı kimi görünür.
"Sabah" yazır ki, indi Ankaranın məsuliyyəti daha da artır. ABŞ-ın İsrail vasitəsilə bölgədə xaos planlarını pozmaq üçün Türkiyə daxili və xarici siyasətdə mövqelərini gücləndirməlidir. Dohaya hücum isə Ankara üçün regionla daha sıx inteqrasiya və xarici cəbhənin möhkəmləndirilməsi imkanına çevrilir.
Dünya indi "qlobal daxili siyasət" mərhələsinə qədəm qoyur - daxili və xarici siyasət arasındakı sərhəd getdikcə silinir. Bu səbəbdən həm ölkəmizdə, həm regionda, həm də dünyada baş verənləri yeni prizmadan qiymətləndirmək vacibdir.