"Avropa deputatları Rusiyanı Moldovaya qarşı hibrid hücumlarda ittiham edib..."
Parlament seçkiləri ərəfəsində Avropa Parlamenti Moldovanı dəstəkləyən mühüm qətnamə qəbul edib.
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.
Qəbul edilmiş sənəddə Kreml açıq şəkildə hibrid hücumlarda - dezinformasiya, enerji təzyiqi, qanunsuz maliyyələşdirmə, ictimaiyyət arasında nifaq yaratmaq və müstəqil mediaya qarşı basqılarda ittiham olunur. Avropalı deputatlar bunun məqsədinin Moldovanın Avropa İttifaqına üzvlük yolunu dayandırmaq olduğunu açıq bəyan edib.
Moldovanın Avropa kursuna dəstək
Qətnamədə qeyd olunur ki, bütün daxili və xarici təzyiqlərə baxmayaraq, Moldova mühüm islahatları davam etdirir. Bu səbəbdən Avropa İttifaqı Şurasına çağırış edilir: üzvlük danışıqlarının ilk fəslini təxirə salmadan açmaq. Deputatlar həmçinin Kişinyova əlavə maliyyə və texniki yardımın göstərilməsini, hibrid təhdidlərə qarşı müqavimətin gücləndirilməsini və ölkəni destabilizasiya edən şəxslərə sanksiyaların tətbiqini təklif edib.
Dezinformasiyaya qarşı mübarizə
Qətnamədə xüsusi vurğulanır ki, Avropa İttifaqı Moldovanın hava məkanının Rusiya dron və raketləri tərəfindən dəfələrlə pozulması fonunda bu ölkəyə Avropa Sülh Fondu vasitəsilə daha çox maliyyə ayırmalıdır. Avropalı deputatlar hökumət və vətəndaş cəmiyyətinə çağırış ediblər: Rusiyanın yaydığı yalan narrativləri ifşa etmək, xüsusilə Qaqauziya bölgəsində və sosial cəhətdən zəif kənd icmalarında maarifləndirmə aparmaq.
"Azad seçkilər Moldovanın haqqıdır"
Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos qeyd edib ki, Kreml seçkilərə müdaxilə üçün dezinformasiya kampaniyaları, kiberhücumlar, enerji şantajı və seçicilərin rüşvətlə ələ alınması kimi vasitələrdən istifadə edir. O, bəyan edib: "Avropa İttifaqı hər zaman Moldovanın azad seçim haqqını müdafiə edəcək".
Kos xatırladıb ki, Aİ Moldovanın enerji müstəqilliyinə yardım edir, iqtisadiyyata sərmayə yatırır, silahlı qüvvələrinə güclənməsi üçün 197 milyon avro ayırıb və ölkəni destabilizasiya edən şəxslərə qarşı sanksiyalar tətbiq edib.
Kremlin məqsədi hökuməti devirməkdir
Avropa deputatlarının çıxışlarında səslənən ümumi fikir budur ki, Moskva Moldovanın Avropa yolunu kəsmək və ölkəni öz təsir dairəsinə qaytarmaq istəyir. Polşalı deputat Andjey Qalitski açıq deyib: "Kreml hökuməti devirmək və Moldovanı Rusiyayönümlü kursa məcbur etmək niyyətindədir. Amma Moldova müqavimət göstərəcək və Rusiyanın planı iflasa uğrayacaq".
Moldova prezidenti Maya Sandunun Avropa Parlamentində çıxışı da diqqət mərkəzində olub. Onun sözlərinə görə, qarşıdan gələn seçkilər ölkənin gələcəyini müəyyən edəcək: ya Moldova demokratik yolunu davam etdirərək Aİ-yə yaxınlaşacaq, ya da xarici təsirlərin təzyiqi altında Avropa yolundan uzaqlaşdırılacaq.
Avropadan açıq mesaj
Fransız deputat Pyer-Romen Tionne Moldovanın geostrateji mövqeyinə diqqət çəkərək, Kremlin bu ölkəni Ukraynaya qarşı siyasətində "sınaq meydanı" kimi gördüyünü bildirib. Avstriyalı deputat Helmut Brandştetter isə açıqlayıb ki, Rusiya seçkilərə təsir üçün 350 milyon dollar ayırıb və buna qarşı Aİ dərhal hərəkətə keçməlidir:
"Biz Moldovanın Aİ-yə üzvlük yolunu sürətləndirməli və aydın mesaj verməliyik: Avropa Moldovanın yanındadır". Beləliklə, Strasburqdan Kişinyova göndərilən siqnal birmənalıdır - Avropa Parlamenti Moldovanın Avropa yolunu strateji prioritet hesab edir və Rusiyanın hibrid hücumlarının qarşısında dayanmağa hazırdır.