Xəbər verdiyimiz kimi, sentyabrın 9-dan 10-na keçən gecə Rusiya ordusuna məxsus zərbə dronları Polşanın hava məkanını pozub. Dünyanın əsas diqqəti isə hazırda Rusiya və Belarusun birgə hərbi təlimlər keçirilməsinə yönəlib. Polşa hökuməti isə ölkənin şərq sərhədlərinə 40 min nəfərlik hərbi kontingent cəlb edib. Baş verən hadisələrin fonunda III Dünya Müharibəsinin başlaması ehtimalı yenidən gündəmə gəlib. Xüsusilə də, Polşanın hədəfə alınması II Dünya Müharibəsinin də oxşar formada başlamasını xatırladır. Bəs Rusiyanın və Belarusun hərbi təlimləri nəyə hesablanıb? Bununla Rusiya dünyaya hansı mesajı vermiş olur? Həqiqətən İkinci Dünya Müharibəsi təkrarlana bilərmi?

Moderator.az-a danışan politoloq Natiq Miri deyib ki, Avropanın sərhədlərində belə bir hərbi təlimin keçirilməsi daha çox Rusiya üçün Qərbə təzyiq elementidir. Onun sözlərinə görə, bu təlimlərin birbaşa Avropa Birliyi ölkələrinə yönəldiyi də heç kimə sirr deyil. Çünki müəmmalı şəkildə böyük bir kontingentin Belarusa cəlb olunması qeyri - iradi olaraq həm Ukrayna, həm də Avropa Birliyinə üzv ölkələrə, bütövlükdə Qərb dünyasına çox böyük təhlükə təhdidi yaradıb:
“Çünki bu təlim Ukraynaya qəflətən Belarusdan Kiyevə doğru yeni bir cəbhənin açılması- hücum əməliyyatı da ola bilər. Adətən bu cür təlimlərdə gözlənilməzlik nəzərə alınır. Bu baxımdan Ukrayna müəyyən mənada özünün təhlükəsizlik fəaliyyətini həyata keçirib. Yəni Ukrayna bir növ buna hazır kimi görsənir. Eyni zamanda, Belarusda keçirilən hərbi təlimin, bir də Avropa ölkələrinə hərbi müdaxilə təhlükəsi aradan qalxmayıb. Qeyd etdiyiniz kimi məhz bu təlim öncəsi Polşaya Rusiya tərəfindən 19 dron və bir raketlə təcavüz həyata keçirildi. Doğrudur, Rusiya hələlik bunu etiraf etmir. Ancaq artıq Qərbdə bu qənaətə gəliblər ki, bu, birmənalı olaraq İran dronları vasitəsilə edilib. Çünki bu dronlar artıq Rusiyada istehsal olunur. Ola bilsin ki, tanınma elementləri olmayıb, ancaq indiki vəziyyətdə kosmosdan çox rahatlıqla izlənilə bilir. Ona görə bu, birbaşa Qərbi Rusiya tərəfindən təhdid kimi qəbul edilir və Polşanın, o cümlədən Polşanın üzvü olduğu NATO- nun dərhal çevik reaksiya verməsi də məhz bu üzdəndir. Yəni təhlükəni nə qədər real qəbul etdikləri üçündür. Bundan başqa, məhz Polşaya bu cür təcavüz NATO -nun dördüncü maddəsini dövriyyəyə buraxıb ki, artıq bununla bağlı tərəflər arasında bu təcavüz məsələsi ciddi müzakirə predmetinə çevrilib. Ancaq hər bir halda bu, Rusiyanın təzyiqidir və əsas niyyət Qərbi məcbur etməkdir ki, Ukraynaya yardımlardan imtina etsin və Rusiyanın Ukrayna müharibəsində şərtlərini qəbul etsin. Hər zaman olduğu kimi Rusiya yenə də hərbi böhranlar qısamüddətli də olsa yaratmaqla özünün geosiyasi niyyətlərinə nail olmaq istəyir. Bununla mesaj verir ki, hegemon dövlətdir və Ukraynadakı geosiyasi maraqları, eyni zamanda yeni şəkillənən dünya nizamında Rusiyanın bütün regionlardakı geosiyasi maraqları təmin olunmalıdır. Yəni dolayısı ilə İkinci Dünya Müharibəsindən dünyada mövcud olan əhatə dairəsi anlayışının yenidən bərpasını istəyir ki, düşünürəm ki, bu, artıq mümkün deyil”.
Politoluqun fikirincə, bu təcavüzün arxasında duran niyyətlərdən biri Polşanın qəflətən bu cür hücumlara məruz qaldığı təqdirdə NATO- nun bu cür çevik reaksiya verib verməməsi və hərbi imkanları test edilib:
“Rusiya dolayısı ilə Qərbin, eyni zamanda Avropa Birliyinin heç də təhlükələrdən sığortalanmadığı mesajını verir. Bu baxımdan Avropanın Rusiyanın tələb etdiyi şərtləri qəbul etməsini istəyir . Nəzəri cəhətdən belə bir eskalasiya mümkün kimi görünsə də, ancaq praktik baxımından bu cür hücumların həyata keçirilməsi birbaşa Rusiya -NATO müharibəsi deməkdir. Başqa sualdır ki, Rusiya davamlı olaraq NATO ilə uzunmüddətli müharibəyə nə qədər hazırdır? Rusiyanın ehtiyatları, resursları buna nə qədər dözümlü, davamlı ola biləcək bu böyük suallar yaradır və təbii ki, Rusiyanın belə bir müharibəni başlatması üçün maliyyə imkanları mövcud deyil. İndiki iqtisadi çöküş vəziyyətində Ukrayna müharibəsini zorla maliyyələşdirdiyi bir məqamda qarşısına bir də NATO kimi qlobal hərbi güc mərkəzini alması bir az açığı ağlabatan görsənmir. Ona görə də bu, sadəcə olaraq hədələmək xarakterli bir qısamüddətli təxribatdır. Ancaq bu cür təxribatların NATO- nu qorxacağını Rusiya düşünürsə, düşünürəm ki, bu, yanlışdır. Nəzəri cəhətdən Üçüncü Dünya Müharibəsinin başlaması ehtimalı istisna olunmamalıdır. Rusiya prezindeti Çində yalançı görüntülər nümayiş etdirdi. Rusiya, Çin, Hindistan, Şimali Koreya kimi dövlətlərin liderləri birgə əl- ələ tutuşmaqla Qərbə, o cümlədən ABŞ- a güc nümayiş etdirdilər. Ancaq reallıqda belə bir müharibə başladığı təqdirdə Rusiya meydanda tək qalacaq”.
Natiq Miri qeyd edib ki, Rusiya yeni bir dünya müharibəsini ayrıca, bir də bütün Qərb dünyası, eyni zamanda onları müdafiə edən istəkliklər koalisiyasını qarşısına ala bilməz. Çünki bir Ukrayna ilə baş edə bilməyən Rusiya təsəvvür edin ki, 450 milyon əhalisi olan Avropa Birliyi coğrafiyasını, iqtisadiyyatını, hərbi gücünü, o cümlədən istəklilər koalisiyasına daxil olan Kanada, Amerika Birləşmiş Ştatları, Avstraliya, Yaponiya və digər ölkələri qarşısını almaq məcburiyyəti ilə üzləşəcək. İndiki tükənmiş vəziyyətdə həm insani nöqteyi nəzərdən, həm iqtisadi nöqteyi nəzərdən Rusiyanın bu gücü qaldırmaq imkanı yoxdur. Sadəcə bu cür hərbi təxribatlar son çarə olaraq istifadə olunur. Yəni çarəsizlikdən bir güc nümayiş etdirilir ki, düşünürəm ki, bu cür aldatmacalar NATO tərəfindən qəbul olunmayacaqdır.
Mehin Mehmanqızı.