Ordular hazır vəziyyətdə – NATO sərhədində müharibə başlayır?
Dünya
865
11:48, Bu gün

Ordular hazır vəziyyətdə – NATO sərhədində müharibə başlayır?

Son günlər Rusiyanın NATO ölkələri ilə sərhəd bölgələrində hərbi gərginlik yenidən gündəmə gəlib. Bu gərginliyin əsas səbəbi Rusiya və Belarusun sentyabrın 12-dən 16-dək birgə həyata keçirəcəyi “Qərb-2025” hərbi təlimləridir. Təlimlərin Polşa və Litva sərhədlərinə yaxın ərazilərdə keçirilməsi, Moskvanın isə NATO qüvvələri ilə mümkün toqquşma ssenarisini məşq etməsi barədə yayılan məlumatlar Qərbdə ciddi narahatlıq doğurub.  Bəs bu təlimlər regiondakı hərbi-siyasi balansı necə dəyişə bilər?  Bu təlimlər Rusiyanın güc nümayişi, yoxsa real qarşıdurma ssenarisinə hazırlığın göstəricisidir? Rusiya və NATO-nun qarşı-qarşıya gəlmə ehtimalı varmı?
Moderator.az-a danışan poliyoloq Tofiq  Abbasov deyib ki,  Rusiya ordusu hazırda Ukraynada aktiv hücum fazasına tam keçməyib, prosesləri dinamik şəkildə həyata keçirmək istəmir. Bunun bir neçə səbəbi var. Onun sözlərinə görə,  Rusiya diqqətlə izləmək istəyir ki, Qərb dünyasının – ABŞ və Avropanın bu məsələyə münasibəti necə olacaq:
 
“Zelenski Qərbi silkələməyə, onlardan daha çox dəstək almağa çalışır, amma Qərb artıq əvvəlki qədər tələsmir. Digər tərəfdən, Qərbdə anti-Rusiya meylləri güclənir və NATO dairələri bildirirlər ki, guya Rusiya Ukrayna müharibəsi bitmədən başqa ölkələrə – Baltikyanı dövlətlərinə, Polşaya və digərlərinə hücum edə bilər. Mən isə düşünürəm ki, Rusiya yalnız “əzələ” nümayişi göstərmək istəyir. Yəni, Ukrayna müharibəsi davam etsə də, gücünün kifayət qədər olduğunu nümayiş etdirmək niyyətindədir. Bununla da mesaj verir ki, lazım gələrsə, NATO ilə toqquşmaya da hazırdır və bu münaqişəni güclü şəkildə apara bilər.
Belarusa gəldikdə isə, bu ölkə Qərb istiqamətində Rusiyanın ən vacib strateji tərəfdaşlarından biridir. Baxmayaraq ki, əvvəllər Moskva Aleksandr Lukaşenkonu sıxışdırmağa, onun mövqelərini zəiflətməyə çalışırdı, aralarında gərginliklər də olmuşdu. Hətta Rusiya bəzi hallarda Belarusda inqilabi vəziyyət yaratmaqda rolunun olduğunu gizlətmirdi. Lakin sonradan vəziyyət sakitləşdi və indi hər iki tərəf yaxşı anlayır ki, onlar bir-birinə yaxın olmalı, strateji tərəfdaşlığı gücləndirməlidirlər. Çünki onların qarşısında ümumi düşmən dayanır – Qərb dünyası”.
 
Politoloq qeyd edib ki, təsadüfi deyil ki, Rusiya artıq müəyyən nüvə başlıqlarını Ukrayna ərazisində yerləşdirib və bu, Qərbə “həddinizi aşmayın” mesajıdır:
 
“Yəni Rusiya lazım bilsə, nüvə silahından istifadə edə biləcəyini açıq şəkildə göstərir. Bu təlimlər ilk növbədə Rusiya və Belarusun hərbi hazırlığının göstəricisidir.
NATO-nun baş katibi son vaxtlar səs-küylü bəyanatlar verir və dünya birliyini inandırmağa çalışır ki, Rusiya az qala yaxın vaxtlarda müharibəyə başlaya bilər. Amma bunlar əsasən emosional çağırışlardır. Rusiya isə yaxşı anlayır ki, Qərbin qarşısında duruş gətirmək üçün hərbi hazırlığını nümayiş etdirməlidir. Hazırda Rusiyanın hərbi-sənaye kompleksi tam gücü ilə işləyir: pilotsuz uçuş aparatlarının, artilleriya qurğularının, raketlərin istehsalı artırılıb. Bundan başqa, Rusiya bu istiqamətdə müttəfiqləri ilə əməkdaşlığı da gücləndirir.
Çin, xüsusilə Şanxay Əməkdaşlıq Təşkilatının son zirvə görüşündən sonra, Rusiyaya hərbi dəstək göstərəcəyini bəyan edib. Şimali Koreya və İran da Rusiyaya dəstək verən ölkələr sırasındadır. Bu faktorlar Qərbdə ciddi narazılıq yaradır.
Eyni zamanda, Donald Tramp da səs-küylü bəyanatlar verir və guya Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəyini bildirir. Amma məncə, o, real olaraq Rusiyaya qarşı heç bir ciddi addım atmayacaq. Bu açıqlamalar əsasən ABŞ-dakı anti-Rusiya qüvvələrini sakitləşdirmək və Avropanı arxayın salmaq məqsədi daşıyır. Trampın hazırkı yeganə addımı Çin və Hindistan mallarına 100 faiz tarif tətbiq etməkdir. Məqsəd bu ölkələri çətin vəziyyətə salmaq və Rusiyadan enerji daşıyıcıları almalarını məhdudlaşdırmaqdır. Hazırda Trampın son gedişi bundan ibarətdir”.
 
Politoloq hesab edir ki, Rusiya və Belarusun keçirəcəyi təlimləri həm hərbi, həm siyasi, həm də Ukrayna istiqamətində bir mesajdır:
 
 “Yəni Rusiya göstərmək istəyir ki, müharibəni sürətlə aparmaq niyyətində deyil və planını yalnız özü müəyyən edir. Bu, həm Trampa, həm də digər ölkələrə bir xəbərdarlıqdır: xüsusi əməliyyatın başlanğıcını və nəticəsini yalnız Rusiya özü təyin edəcək.
Vəziyyət geosiyasi, iqtisadi və hərbi baxımdan çox gərgindir. Bəzi liderlər və analitiklər bildirirlər ki, artıq dünya müharibəsi başlayıb. Venesuela Prezidenti Nikolas Maduro da çıxışlarında buna işarə edib. Bu bəyanatlar bəlkə bir qədər şişirdilmiş olsa da, kritik vəziyyəti xatırladır: dünya ölkələrinin böyük bir hissəsinin silah və sursat ehtiyatları kifayət qədərdir, nüvə başlıqlarının sayı isə çox yüksəkdir. Hətta silahların yalnız kiçik bir hissəsi də dünyanı ciddi şəkildə məhv etməyə yetərli ola bilər.
Bu, həm də sadə insanlar üçün ciddi xəbərdarlıqdır. İnsanlar bilməlidir ki, sülhpərvər təşəbbüslər vacibdir və qarşıdurmalardan qaçmaq üçün hər bir tərəf məsuliyyət daşıyır”.
 
Mehin Mehmanqızı
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər