Dünya
368
10 Sep 2025 | 21:50

"Savaşı dayandır, onlar sənin qardaşlarındır" - Alla Puqaçova

Primadonna əvvəllər kumir hesab etdiyi Putinə açıq şəkildə müraciət edib...

Rusiyanın ən məşhur müğənnilərindən biri, əfsanəvi Alla Puqaçova illər sonra ilk dəfə açıq şəkildə Vladimir Putinə müraciət edib. Bir vaxtlar onu "kumir" adlandıran və prezident seçkilərində ona səs verən sənətkar indi öz xülyalarının dağılmasını etiraf edir.

Moderator.az xəbər verir ki, bu barədə "gordonua.com" nəşri yazıb.

"Putin ağıllı insandır, mən onu tanıyıram. Mən yalnız səs vermirdim, hətta böyük heyranlıq içində idim. Düşünürdüm ki, nəhayət, doğru insan gəlib. O, Ukrayna haqqında da gözəl sözlər deyirdi. Elə bil mənim düşündüklərimi o dillə gətirirdi. Mənim üçün əsl kumir idi. İndi isə bu, mənim üçün şokdur",  - Puqaçova jurnalist Yekaterina Qordeyeva ilə söhbətində bildirib.

Müğənni xatırladıb ki, Putin vaxtilə ona orden təqdim etməli idi, amma üç saatlıq gecikmə ilə gəldi. Bu hadisə Puqaçovanın gözündə onun "başqa bir adam" olduğunu göstərdi. O, bu gün isə açıq müraciətlə deyir: "Gecikin, Vladimir Vladimiroviç, gecikin… Amma artıq bütün bunları dayandırın. Bezmişik daha".

Müharibəyə qarşı açıq mövqe

Puqaçova sözlərini daha da sərtləşdirərək bildirib: "Hamı bilir ki, mən müharibəyə qarşıyam. Hamı bilir ki, bizim ölkə çox zərər görüb…Amma ukraynalılara daha çox zərər vurulub, mən onlara çox acıyıram. Sadə dillə desəm, insanlar necə kommunal mənzildə yaşamaq istəmirlərsə, eyni ilə də ayrı dövlət olmaq istəyirlər. Bu, təbii bir haqqdır. Axı onlar sənin qardaşlarındır".

Onun sözləri Rusiyanın rəsmi təbliğatının yaratdığı divarı dağıdan dürüstlük kimi səslənib. İllərlə susan, yalnız 2022-ci ildə həyat yoldaşı Maksim Qalkinlə birlikdə ölkəni tərk edən müğənni indi açıq şəkildə müharibənin yanlışlığını dilə gətirir.

Cəsarətin qiyməti

Puqaçovanın sözləri yalnız şəxsi mövqenin ifadəsi deyil. O, bir çox rusiyalıların səsini çatdırır, bu da müharibədən yorğunluq, əzabların sonsuzluğu və qardaş xalqa qarşı olan zorakılığın qəbuledilməzliyidir. Onun etirafı həm cəsarət, həm də böyük dürüstlük nümunəsidir.

Bu addım müharibənin fonunda susmağa üstünlük verən çoxlarına bir çağırış kimi görünür: sükut artıq mümkün deyil. Alla Puqaçova öz davranışı ilə göstərdi ki, sənətçinin həqiqi gücü yalnız səhnədə deyil, həm də həqiqəti söyləmək cəsarətindədir.

Link kopyalandı!
Son xəbərlər