Dünya
777
17:50, Bu gün

"Rusiya Ukraynaya qarşı yeni genişmiqyaslı hücum həyata keçirib" - "Deutsche Welle"

"Ukraynanın 15 vilayəti dron və raket atəşinə tutulub..."

Sentyabrın 10-na keçən gecə Rusiya ordusu Ukraynaya qarşı son ayların ən böyük hava hücumunu həyata keçirib.

Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri məlumat yayıb.

Əsas hədəfdə mülki əhalidir

Məlumatda deyilir ki, eyni vaxtda 15-dən çox vilayət raket və dronlarla atəşə tutulub. Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, ümumilikdə 415 kamikadze dronu ("Shahed", "Gerbera" və digər tiplər) və 43 raket buraxılıb. Onların böyük hissəsi məhv edilsə də, azı 16 raket və 21 dron hədəfə çataraq yaşayış məntəqələrinə və mülki infrastruktur obyektlərinə zərər vuruv.

Vilayətlərdə dağıntılar və insan itkiləri

Jitomir vilayətində bir nəfər həlak olub, bir neçə nəfər yaralanıb. Xmelnitskidə isə raketlər şərf fabriki və yanacaqdoldurma məntəqəsini vurub, üç mülki şəxs xəsarət alıb. Vinnitsada 30-a yaxın ev dağıntıya məruz qalıb, bir kişi xəstəxanaya yerləşdirilib. Çerkassı vilayətində xırda təsərrüfat binaları uçub, elektrik xətləri sıradan çıxıb. Hətta Qərbi Ukraynanın nisbətən təhlükəsiz hesab edilən bölgələri də hücuma məruz qalıb: Lvova 60-dan çox "Shahed" və onlarla raket yönəldilib, ancaq əsasən anbarlarda dağıntılar qeydə alınıb.

Donbasda qanlı qırğın

Ən dəhşətli hadisə isə bir gün öncə Donetskin Yaro­vaya qəsəbəsində yaşanıb. Rusiya hərbçiləri buraya aviasiya bombası ataraq pensiya almaq üçün poçt şöbəsinə toplaşmış insanları hədəfə alıb. Son məlumata görə, 24 nəfər həyatını itirib, onların çoxu yaşlı insanlar olub. Arasında yerli poçt şöbəsinin rəhbəri də daxil olmaqla 20-dən çox yaralı var. Prezident Vladimir Zelenski bu hücumu "açıq terror" adlandıraraq beynəlxalq ictimaiyyəti səssiz qalmamağa çağırıb: "Bu, adi müharibə deyil, bu, insanlara qarşı vəhşilikdir. Dünya buna cavabsız qalmamalıdır".

Terror siyasəti və beynəlxalq çağırışlar

Ukrayna rəsmiləri bildirir ki, Rusiya sistematik şəkildə mülki infrastruktura və insanların gündəlik həyatına zərbə endirir. Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak bunu "terror dövlətinin" ardıcıl siyasəti adlandıraraq, ABŞ-ın, Avropanın və G20 ölkələrinin qətiyyətli reaksiyasına ehtiyac olduğunu vurğulayıb. Bu hücumlar bir daha göstərib ki, Rusiya müharibəni uzatmaqla yanaşı, mülki əhalini qorxu və dəhşət altında saxlamağı hədəfləyir. Ukraynada isə mesaj aydındır: terrorun cavabsız qalmaması üçün beynəlxalq həmrəylik və güclü addımlar vacibdir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər