Hər şey olmasa da, həlledici məsələlərin çoxu ordan -Alyaskadan başladı. Tarixdə elə hadisələr olur ki, sanki hamı görür, eşidir, incələyir, proqnozlar verir.., amma onun əsl mahiyyəti illər sonra bəlli olur. Bəzən isə heç olmur. Alyaska görüşü kimi. Üzdə olanı hamı gördü, xeyli nəticələr çıxarıldı və hələ də davam edir. Soyuq Alyaskanın isti görüntüləri Ukrayna müharibəsi ilə bağlı nəinki buzları əritmədi, əksinə bəzilərini qalınlaşdırdı və tarixin qeyri-müəyyən, amma çox da uzaq olmayan bir dövrünə apardı. Nə qədər məlum olmayan tərəflər olsa da, görüşdən sonra baş verənlər çox mətləbləri aşkara çıxardı. Və o mətləblərdən biri də artıq Rusiyanın Polşa ərazisinə dronlar göndərməsidir. Polşa NATO üzvüdür və fikirləmək olar ki, Alyansa bu hücumla Rusiya nəbz yoxlaması aparır? Yox, Rusiya o nəbzi artıq Ukraynada yoxlayıb və əmindir ki, NATO aciz durumdadır. Trampdan Alyaskada aldığı yüksək stimulla bu hərbi blokun deqradasiya mərhələsində olduğunu Putin dünyaya sübut etməkdə davam edir.
Alyaska görüşü Putin üçün Ukraynada sülhə nail olmaq məsələsi deyildi. Putin Alyaskadan dönəndə, təyyarədə ikən 2008-ci ildə Gürcüstan ərazilərini , 2014-də Krımı və Donbası işğal etməsi və 2022-ci ildə başlatdığı müharibə ilə beynəlxalq sistemi öz iradəsinə tam tabe etdirməsə də, ən azı uyğunlaşdırdığına bir daha əmin oldu. Bu əminliyi ona ABŞ prezidenti Donald Tramp Alyaskada verdi. Bu, həm də onda hələ uzun müddət hakimiyyətdə qalacağına özgüvən yaratdı. Ukrayna müharibəsinə dəstək verməyən, tərəddüd edən, yalnız total qorxu səbəbindən səsini çıxarmayan Rusiya cəmiyyətinə, hətta bəzi komanda üzvlərinə haqlı olduğunu, qalib gələcəyini Alyaska ilə sübut etdi. Bir sözlə mövqeyini gücləndirdi.
Alyaskadan ruhlanan Putin Ukrayna müharibəsinin ikinci mərhələsinə başlayıb və Pekin paradından sonra qarşısında heç bir maneə görməyən diktator nümayişkəranə şəkildə daha çox mülki əhalini hədəfə almaq əmrlərini verir. Maneə gözlədiyi Trampdan heç bir cəsarətli addım görmədiyi üçün, heç sülh razılaşmasında guya maraqlı olma görüntüsünü də yaratmır. Zelenski təsadüfən demədi ki, “ Tramp Putinə istədiyini verib”. 80 illik dünya düzənini yalnız Putin müharibələri pozmayıb, həm də Donald Tramp anti Ukrayna siyasətilə, işğalçı Putinə sevgisiylə bu düzəni pozdu və yeni dünya düzəninin formalaşmasında Birləşmiş Ştatları ofsayta saldı. Yalnız pul qazanmaq və bu pulla guya Amerikanı “böyükdən böyük” edəcəyi kimi manipulyativ düşüncə ilə ilk növbədə ABŞ-nin özünü nüfuzdan saldı, sonra da Ukraynanı fəlakət həddinə çatdırdı. Rəsmi müttəfiqi olan Avropa İttifaqı dövlətlərini isə Rusiya qarşısında aciz duruma saldı.
İndiyədək iqtisadi, siyasi ittifaq olan Avropa nəhayət anlayır ki, Rusiya təhlükəsi qarşısında müdafiə sistemini, hərbi potensialını gücləndirməlidir. Avropanın bu ehtiyatlılığı, əslində isə qorxusu yalnız Putindən deyil, həm də Trampdandır, çünki bu gündən sonra Trampın prezidentlik dövrünün başa çatmasına hələ 3 ildən çox müddət var. Putin bu illərdə nə edəcək? Ukraynanı bitirib Cənubi Qafqazamı hücum edəcək? Yalnız bu illərdə deyil, Trampdan sonra hansı planları var? Bəs, Amerika necə, Tramp siyasətini davam etdirəcək, yoxsa ABŞ qlobal güc statusunu geri qaytarmaq üçün fərqli bir siyasət yürüdəcək?
Ukraynadan sonra Rusiya müharibə coğrafiyasını böyütmək planlarını heç vaxt gizlətməyib. İlk növbədə postsovet məkanı, daha sonra Şərqi Avropa. Şərqi Avropanı təsir altına salmaq istiqamətində Moskvanın Rumınya, Moldova, Bolqarıstan, Macarıstan, Slovakiyada keçirilən seçkilərə müdaxiləsi dünyaya məlumdur. Sabah siyasi proseslərə qismən nail olan Kremlin asanlıqla da hərbi yolla Şərqi Avropaya girib Qərbi Avropanın sərhədlərinə yaxın hərbi bazalar qurmayacağına kim zəmanət verir? Tramp Amerika qoşunlarını Avropadan çıxarmaqda israrlıdır. Amma, Avropadan öncə Putinin hədəfi postsovet məkanı və təbii ki, həm də bizik-Azərbaycan. Məhz bu səbəbdən Ukrayna müharibəsinin gedişi və perspektivi ilk növbədə bizim diqqət mərkəzində, marağımızdadır.
Rusiyanın Ukrayna müharibəsində yıprandığı, iqtisadi böhranın astanasında olduğu və müharibəni də istədiyi kimi bitirə bilməyəcəyi bir vaxtda tezliklə özünü toparlayıb işğalçı siyasətini davam etdirməsi real görsənmir. Amma, bu o demək deyil ki, Rusiya və 150 il yaşamağı planlayan Putin imperiya ambisiyalarından əl çəkəcək. 150 il yaşamaq eşqinə düşsə də, Putinin sağlamlığı ilə bağlı daimi narahatlıq keçirdiyi və sağalmaz bir xəstəliyə tutulma qorxusu ilə psixi pozğunluğa düçar olacağı barədə də yayılan məlumatlar dünyanı arxayın sala bilməz. Bəzən 4 saat idmanla məşğul olan, 45 dəqiqə fasiləsiz güləşən birinin tezliklə öləcəyi heç inandırıcı gəlmir.
Donald Tramp nə Rusiyanın Ukraynaya 7 sentyabr hücumuna, nə də 10 sentyabrda Polşaya dron hücumuna hələ də reaksiya bildirməyib. Amma, nə deyəcəyini təxmin etməkdə heç bir çətinlik yoxdu. Ənənəvi olaraq “ mən prezident olsaydım müharibə olmazdı”, “ orada həftəyə 5-7 min adam ölür”, “yeddi müharibə dayandırmışam”, “ Putinlə yaxın vaxtlara danışmağı fikirləşirəm”, “ belə getsə sanksiyalar tətbiq edəcəm”, “ bu Avropanın müharibəsidir, özü həll etməlidir” və sairə bildiyimiz fikirlər.
Əgər Tramp Polşaya olan dron hücumuna da Ukraynaya olan reaksiyasını təkrar edəcəksə, deməli NATO-nun bir hərbi blok kimi çöküşünü təsdiq etmiş olacaq.
İlham İsmayıl