Dünya
511
09 Sep 2025 | 22:55

"Moldovada seçki gərginliyi: Moskvanın təxribatları ölkəni Ukrayna ssenarisinə sürükləyə bilər" - "Junge Welt" (Almaniya)

"Cəmiyyət parçalanır - bir tərəfdə Avropa arzusu, digər tərəfdə Moskva yönümlü qüvvələr yer alıb..."

Moldovada sentyabrın 28-də keçiriləcək parlament seçkiləri öncəsi vəziyyət son dərəcə gərgindir.

Moderator.az xəbər verir ki, bu barədə Almaniyanın "Junge Welt" nəşri yazıb.

Nəşr yazır ki, ölkə açıq şəkildə iki düşərgəyə bölünüb: şəhərlərdə və diasporada prezident Maya Sandunun rəhbərlik etdiyi, Avropa İttifaqına inteqrasiya kursu götürən PAS partiyası; bölgələrdə, xüsusən də Qaqauziya və Dnestryanıda isə Rusiyaya bağlılıq hissi güclü olan qüvvələr.

Moskva bu parçalanmadan maksimum istifadə etməyə çalışır. Bir tərəfdən, Rusiya yanacaqdakı asılılığı manipulyasiya edərək qiymətləri süni şəkildə qaldırır, sosial böhranı dərinləşdirir. Digər tərəfdən, təbliğat kanalları vasitəsilə Avropa yolunun iflasa uğradığını, guya ölkənin "satıldığını" iddia edir.

Ən təhlükəlisi isə seçkilərə birbaşa müdaxilələrdir: məsələn, Kremlin dəstəklədiyi "Pobeda" blokunun maliyyə qaydalarını pozmaq bəhanəsi ilə seçkilərdən kənarlaşdırılması cəmiyyətdə narazılığın daha da böyüməsinə səbəb olub. Qaqauziyada müxalif fiqurların həbsi də geniş şəkildə siyasi motivli addım kimi qəbul edilir.

Rusiyanın "köhnə resepti"

Mütəxəssislər xəbərdarlıq edir ki, Moldovada Ukrayna ssenarisinin təkrarlanma ehtimalı var. Burada söhbət tamamilə eyni hadisələrdən deyil, "tanış mexanizmlərdən" gedir: dil siyasətinin alətə çevrilməsi, seçkilərin manipulyasiyası, opponentlərin "xarici agent" damğası ilə sıradan çıxarılması. Moskva illərdir ki, Dnestryanıda separatizmi dəstəkləyir, Qaqauziyada isə açıq-aşkar təsir dairəsini genişləndirir. Bütün bunlar ölkənin suverenliyini zəiflətmək və Avropa ilə inteqrasiyanı iflasa uğratmaq məqsədi daşıyır.

Avropa kursunun çətinlikləri və Moskvanın fürsəti

Sandu hökuməti Avropa İttifaqına inteqrasiya xəttini davam etdirsə də, reallıqda bu proses böyük iqtisadi çətinliklər yaradıb: kənd təsərrüfatında Avropa standartlarının tətbiqi, dəstəyin azlığı, fermerlərin iflası, enerji böhranı və qiymətlərin kəskin bahalaşması. Moskva bu böhranı fürsətə çevirərək, "Avropa seçimi yoxsulluq gətirir, yalnız Rusiya ilə münasibətlər vəziyyəti xilas edə bilər" mesajını yayır.

Təhlükəli gələcək: balans, yoxsa qarşıdurma?

Əgər hökumət yalnız "bütün problemlərin günahkarı Rusiyadır" ritorikasına sığınsa və daxili problemləri həll etməsə, ölkə qarşıdurmaya sürüklənəcək. Çıxış yolu - real balansın qorunması, hərbi neytrallığın saxlanması, korrupsiyaya qarşı həqiqi mübarizə və ən əsası, Qaqauziya ilə Dnestryanını cəmiyyətin kənarında deyil, onun bir hissəsi kimi görməkdir.

Lakin Moskvanın təxribatlarının, manipulyasiya və təzyiq metodlarının davam etdiyi şəraitdə Moldovanın sabit gələcəyə addımlaması asan olmayacaq. Rusiya üçün əsas məqsəd eynidir: ölkəni daimi böhran vəziyyətində saxlamaq və onu Ukraynanın ardınca xaosun girdabına çəkmək.

Link kopyalandı!
Son xəbərlər