"İnternetimizi əlimizdən alan hökuməti biz yıxdıq və indi gələcək bizim əlimizdədir..."
Nepal uzun illər siyasi qeyri-sabitlik və iqtisadi çətinliklərlə üzləşib. 2008-ci ildə monarxiyanın ləğvindən sonra ölkədə demokratiya quruculuğuna səy göstərilsə də, korrupsiya və səmərəsiz idarəetmə davam edib.
Moderator.az xəbər verir ki, bu barədə "İndia Today" nəşri məlumat yayıb.
Bu gərgin mühitdə "Z nəsli" - 1997-2012-ci illərdə doğulmuş gənclər sosial şəbəkələr vasitəsilə informasiya alətinə çevrilib. Sentyabrın əvvəlində sosial şəbəkələrdə yayılan videolar, siyasətçilərin övladlarının lüks həyatı və korrupsiya faktları ölkədə qəzəb yaradıb. Hakimiyyət buna cavab olaraq "Facebook", "Instagram", "WhatsApp" və digər 26 platformanı bloklayıb. Bu addım isə gənclərin qəzəbini daha da artırıb. Onlar yalnız internet azadlığını deyil, həm də sosial ədaləti tələb etməyə başlayıb.
Qanlı etirazlar və sosial partlayış
Nümayişçilər Katmandudakı parlament binasını mühasirəyə alıb, hökumət binalarını və siyasətçilərin evlərini yandırıb. Polis kütləyə qarşı zor tətbiq edin, ilk günlərdə 19 nəfər həlak olub, yüzlərlə insan yaralanıb. Maliyyə naziri Bişnu Prasad etirazçılar tərəfindən çaya sürüklənərək döyülüb, keçmiş baş nazirin qohumlarından biri öldürülüb. Küçələrdəki etirazlar yalnız hökumətin sosial şəbəkələri bloklamasına qarşı deyil, həm də korrupsiya və sosial bərabərsizlik əleyhinə olub. Hökumət komendant saatı tətbiq etsə də, gənclər bunu tanımayıb və aksiyalar davam edib.
Hökumətin dağılması və nəticələr
Sentyabrın 9-da baş nazir Şarma Oli istefa verib. Bundan əvvəl daxili işlər naziri də postunu tərk edib. Hökumət sosial şəbəkələrin bloklanmasını ləğv edib, lakin artıq gənclərin qəzəbi idarəedilməz hala gəlib. Etirazçılar parlamenti, prezident sarayını və siyasətçilərin ofislərini mühasirəyə alıb, bəzi hallarda içəri daxil olaraq dağıntılar törətdib. "Reuters"-in məlumatına görə, bu Nepalın 2008-ci ildən sonra gördüyü ən böyük siyasi etirazdır. Gənclər açıq şəkildə deyir: "İnternetimizi əlimizdən alan hökuməti biz yıxdıq və indi gələcək bizim əlimizdədir".
"Z nəsli" və gələcək perspektivlər
"Z nəsli" yalnız texnologiyaya bağlı deyil, həm də sosial ədalət və korrupsiyasız idarəetməyə sadiqdir. Onların bu etirazları Nepalın siyasi sistemində ciddi dəyişikliklərin başlanğıcı ola bilər. Bu inqilab göstərir ki, gənclər artıq yalnız passiv izləyici deyil, siyasi proseslərin fəal iştirakçısıdır.