Dünya
494
09 Sep 2025 | 19:37

"İsrailin Qəzzaya hücumu: Dünyada soyqırım ittihamları güclənir" - "Azadlıq Radiosu"

"Dünya kimin səsini eşidəcək - bombaların səsini, yoxsa məzlum insanların fəryadını?.."

İsrail ordusu Qəzza şəhərini tammiqyaslı quru əməliyyatı ilə ələ keçirmək üçün hazırlığını tamamlayıb. Baş nazir Benyamin Netanyahu açıq şəkildə elan edib ki, son günlərdə vurulan 50 hədəf yalnız başlanğıcdır və əsas hücum hələ qarşıdadır.

Moderator.az xəbər verir ki, bu barədə "svoboda.org" nəşri məlumat yayıb.

Ordunun yayımladığı çağırışda şəhər sakinlərinə "təhlükəsizlik naminə dərhal evlərini tərk etmələri" bildirilir. Lakin bu çağırış təlaş doğursa da, əksər insanlar üçün real qaçış yolu yoxdur: Qəzzanın hər guşəsi dağıntı, aclıq və bombardmanla üz-üzədir.

İnsanlar çıxılmaz vəziyyətdədir

İsrail rəhbərliyi əməliyyata "Qideonun Arabaları-2" adını verib və məqsədinin HƏMAS-ı "tam məhv etmək" olduğunu bəyan edib. Amma fakt budur ki, Qəzzada müharibədən əvvəl təxminən 1 milyon insan yaşayırdı və onların böyük əksəriyyəti artıq bir neçə dəfə məcburi köçkünə çevrilib. Bu gün də evlərini tərk etmək əmri verilən insanlar soruşur: "Hara gedək? Harada təhlükəsizlik var?" "Reuters"-in məlumatına görə, bir çox ailələr evlərini tərk etməyəcəyini, ölüm riskini belə qəbul etdiklərini bildirir.

Mülki əhali hədəfdədir

İsrail tərəfi iddia edir ki, hücumlar yalnız "terror infrastrukturuna" yönəlib və zərər minimuma endirilməyə çalışılır. Lakin Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, müharibənin əvvəlindən bəri 64 mindən çox fələstinli həlak olub, onların əksəriyyəti qadınlar və uşaqlardır. Bu rəqəmlər İsrailin "dəqiqliklə vurduq" açıqlamalarının arxasında hansı həqiqətin dayandığını açıq göstərir.

Dohaya hücum nəyin mesajıdır?

İsrail ordusu son günlər əməliyyatlarının miqyasını genişləndirərək Qətərin paytaxtı Doha istiqamətində də hücumlar həyata keçirdiyini açıqlayıb. Rəsmi Təl-Əviv bunu HƏMAS rəhbərliyinə "birbaşa xəbərdarlıq" kimi təqdim edir. Çünki Qətər uzun müddətdir təşkilatın siyasi qanadına sığınacaq verən ölkə kimi tanınır. Analitiklərin fikrincə, bu addım İsrailin müharibəni yalnız Qəzzada deyil, regionda da yeni səviyyəyə daşımaq niyyətindən xəbər verir. Bu isə Yaxın Şərqdə diplomatik balansı daha da gərginləşdirə bilər.

Tramp planı və İsrailin şərtləri

ABŞ prezidenti Donald Tramp Qəzzada atəşkəs üçün yeni plan irəli sürüb: HƏMAS bütün girovları azad etməli, qarşılığında İsrail müəyyən sayda fələstinlini həbsdən buraxmalıdır. Lakin İsrailin şərtləri açıqdır - girovların hamısı azad edilməli və HƏMAS silahı yerə qoymalıdır. Bu isə danışıqları dalana dirəyir. Çünki fələstinlilər arasında belə bir qorxu var: bütün girovlar buraxıldıqdan sonra İsrail əməliyyatları daha da gücləndirəcək.

Mədəniyyət dünyasından boykot dalğası

İsrailin Qəzzadakı hərbi əməliyyatları təkcə regionda yox, qlobal miqyasda da narazılıq doğurur. Son günlərdə iki mindən çox Hollivud aktyoru, prodüseri və rejissoru İsrail kino sənayesinə boykot elan edib. Onlar bəyan edib ki, "aparteid və soyqırım siyasətinə ortaq olan"larla festivallarda və şirkətlərlə əməkdaşlıq etməyəcəklər. Oskar laureatı Olivia Koulman, Emma Stoun,Tilda Suinton və Sara Sarandon kimi ulduzların imzası ilə yayılan bu çağırış İsrailin mədəniyyət və informasiya cəbhəsində də təcrid olunmağa başladığını göstərir.

Dağıntılar xilas yolu deyil

İsrail rəhbərliyi Qəzzadakı hücumlarını "təhlükəsizlik zərurəti" kimi təqdim etsə də, gerçəklikdə mülki əhalinin kütləvi qırğını, məcburi köçkünlərin sayının misilsiz artması və aclığın dərinləşməsi müşahidə olunur. Qərbin diplomatik təşəbbüsləri dalana dirəndikcə, İsrailin hərbi əməliyyatları yeni faciələrin anonsu kimi görünür. Bu səbəbdən beynəlxalq ictimaiyyətin getdikcə daha çox səsi İsrailin soyqırım siyasətinə qarşı qalxır. İndi Qəzza sual qarşısındadır: dünya kimin səsini eşidəcək - bombaların səsini, yoxsa məzlum insanların fəryadını?..

Link kopyalandı!
Son xəbərlər